Ruslar oyanıblar və xeyli müddətdir ki, milli identikliklərini müəyyənləşdirmək yolunda müxtəlif avantürist vasitələrə əl atırlar. Başqa xalqlara qarşı dözümsüzlük və ksenofobiyanın ən ağır formalarını nümayiş etdirən ayrı-ayrı qruplar hakimiyyət içərisindən dəstək qazanmaqla daha təhlükəli ideoloji istiqamətə yuvarlanırlar. SİA-nın xəbərinə görə, bu haqda millət vəkili Zahid Oruc öz sosial şəbəkəsində məlumat yayıb.
Norveçdə Andrey Breyvikin kütləvi insan qətlinə səbəb olan terror əməlləri ekranlarda nümayiş etdirələndən dərhal sonra facebookun rus alternativi olan vkontakte.ru saytında bu qatı cinayətkarı müdafiə edən çoxlu tərəfdar qrupları yaradıldı. İçərilərində keçmiş xəfiyyə işçilərinin üstünlük təşkil etdiyi virtulal breyvikçilər açıq şəkildə bildirirdilər ki, Rusiyada müqəddəs müharibəyə qalxmağa hazır olan on minlərlə insan var və silahlı yollarla bu ölkəni təmizləməyə hazırdılar. Söhbət ultramillətçi sağ dairələrin yad xalqları vurub sıralarından çıxarmaqdan və Hitlerin ari irq nəzəriyyəsini praktikada bərqərar etməkdən gedirdi. Təsadüfi deyil ki, dəfələrlə ictimai nəzərə faşist şüarlarını çıxaran yeni rus nəslinin təmsilçiləri şovinist təmayülləri ilə hər kəsdə qorxu və təhlükə yaradırlar.
Norveç hadisəsi sübut etdi ki, şöhrət xəstəliyi və milli qanın təmizliyi ideyası ilə silahlanmış adamlar hətta ən inkişaf edən ölkədə belə qarşısıalınmaz hadisələrə yol aça bilərlər. O ki qaldı Rusiyaya, burada neft bumundan sonra müəyyən bir təbəqənin varlanması nəticəsində və gəlirlərin qeyri-bərabər bölgüsü fonunda narazılığa və pesimizmə yuvarlanmış çoxmilyonlu gənclik mütləq günahkar axtarışında miqrantlara və gəlmələrə qarşı hər cür təxribata hazırdılar. Kasıblıq və işsizliyin səbəbini kənarda axtaranlarınlar üçün ən yaxşı qurbanlıq məhz qeyri-ruslardır. İki il öncə "Spartak" futbol klubunun bir fanatının öldürülməsinə kütləvi yürüşlər və dağıntılarla cavab verən millət təəssübkeşləri bir neçə özbəyi və qaradərili gənci küçənin ortasındaca qətlə yetirdilər, etnik dözümsüzlüyü və yadlara nifrəti Rusiyanın yeganə çıxış yolu kimi təqdim etməyə çalışdılar.
Sayı getdikcə azalan bir xalqın ətrafa saçdığı ölüm siqnalları böyük bir dövləti içəridən sarsıdır. İndi "təmiz rus"lardan ibarət məhəllələr yaratmaq istəyilə yeni planlar cızılır və bir xalqı yalnızlığıa düçar etmək üçün layihələr hazırlayırlar.
Rusiya millətçi hərakatlarından birinin rəhbəri Dmitri Dyomuşkin Qafqazlıların Davranış Məcəlləsinin qəbulu üzərində ictimai tərəfdarları ilə birgə böyük entuziazmla intensiv iş aparır. Hüquqi nihilizm sənədi adlandırıla biləcək bu təşəbbüs təkcə normayaradıcı mahiyyəti ilə deyil, həm də qanunun tətbiq dairəsi və yönələcəyi hədəfləri ilə əsil rüsvayçılıq nümunəsidir. Guya Çeçenistanın Milli Siyasət qurumunun tələbi ilə addım atdıqlarını iddia edərək cəmiyyətdəki gərginliyi Qafqazlı xarakerinə və özünüaparma tərzinə bağlamağa,"yerli əhali"nin kütləvi şikayətçi olduğunu əldə bayrağa etməyə uğursuz cəhd göstərilir.
Yəqin "Rusiya, ruslar üçündür" şüarını həyat devizinə çevirənlər dünyadakı tendensiyaları görməkdə çətinlik çəkir,yaxud analoji olaraq istinad etdikləri ölkələrin praktikasını təhrif edərək Rusiyanı yeni müharibə ocaqlarına doğru sürükləyirlər.
Əlbəttə, qədim insanın üç başlıca istinktini heç bir formasiyalar ləğv edə bilməyib. Kənar qəbilələri öz ərazilərinə,təsərrüfatlarına və nəhayət, şəxsi həyatlarına təhlükə sayaraq onlara qarşı birləşmək özünüqorumanın ən təbii formasıdır.Ruslar etnik tərkibin kənar qarışıqlara məruz qalmasından çox narahatdılarsa, bunu Fransanın hicaba qadağasına bənzər vasitələrlə hərəyata keçirməsinin heç bir müsbət nəticəsi olmayacaqdır.
Bu ölkənin elmi tədqiqat institutları dəfələrlə müxtəlif araşdırmaların nəticələrini ortaya qoyublar. Maksimum 3 faiz gen dəyişikliyinə uğramış keçmiş ruslar milli sifətlərini və qanlarını itirməkdən qorxmalarına haqq qazandıracaq arqument tapa bilmirlər.
Küçədə uca səslə danışan, vətənpərvərliyi,qələbəni, məğlubiyyəti cəmiyyətə daha geniş təqdim edən qafqazlılar Rusiya ucqarlarına daşıdıqları keyfiyyətlərlə bu ölkənin ən çətin relyeflərində iqtisadi quruculuğa və əmin-amanlığa xidmət göstərmişlər.Çarizmin zülmünə qarşı dayanan kazak tayfalarına verilən azadlıq müqabilində onların təşkil etdikləri ordu birləşmələrini 21-ci əsrdə dirçəltməyə qərar verən bu dövlətin rəhbərliyi Rusiya silahlı qüvvələrndə hansı deqradasiya proseslərinin getdiyinin fərqindədir. Kişilik, məğrurluq,Vətənə, ailəyə və dostluq prinsiplərinə sədaqət kimi yüksək keyfiyyətləri Moskva küçələrində rastlaşdıqları "qaralar"a bərabərləşdirən millətçilər nə sovet dövrünün tarixi qələbələrində,nə də müstəqil ölkələrinin mövcudluğunda qafqazlıların xidmətləri inkar edə bilməzlər.
Dünyada ayrıca götürülmüş bir regionun mentallığını tənzimləyən qanun yoxdur. Almaniya dağlıq bölgələrdə məskunlaşmış əhalinin fərqli mənəvi naturasını və islaholunmaz keyfiyyətlərini ram etmək, onları islaholiunmuş şəhər intellegensiyasına qatmaq üçün inzibati vasitələrlə mübarizə aparmır.Yaxud, ingilislər şotland mənəmliyini məhv etməyin parlament tənzimlənməsinə girişmir.
Əgər ruslar paytaxt elitarlığı və aristokratiyasını bərqərar etmək istəyirsə,yüz minlərlə himayəsiz və narkotikaya uğramış yeniyetməsinin qayğısına qalmalı, alkoqolizmdən, tüfeylilikdən və digər milli bəlalardan qurtulmaq üzərində düşünməlidir. Ədalətlə idarə olunan cəmiyyəti yaratmadan və hüququn aliliyini təmin etmədən bütün günahları, davranış geriliyini çeçen arxaikliyində, tatar mühafizəkarlığında və ya azərbaycanlı-gürcü qanundankənar ənənəlrərində axtarmaq yanlışlıqdır.
Vaxtilə Qərbin siyasi inqilablarına qarşı ideyaca silahlandırılmış müasir rus toplumu gözlənilmədən yeni cərəyanlara yol açmağa başıladı."Ağ inqilab" adlandırılan bu hərakat millətçi zeyniyyəti ilə Rusiyanı liberal-demokratiya ilə işıqlı gələcəyə deyil, arxaik rus mujiki ilə geriliyə və qarşıdurmaya təhrik edirlər. Qafqazı hədəf seçən və bir-birinin ardınca sərtləşdirilən hüquq mexanizmləri sonu görünməyən nəticələr doğuracaqdır.
Xalqları tərbiyə etmək vəzifəsini üzərinə götürmək və onları fərqləndirərək ilk insanın əhliləşdirilməsinə bənzər normaları gündəmə çıxarmaq yeni informasiya əsrinin ən böyük absurdudur. Dünyanın islah etməyə çalışdığı rus qafqazlıların müəllimi olmağı məktəblərdə haqq edə bilər, həyatda isə yox. 200 illik işğalın qafqazlıları həm də dini cəhalətdən azad etdiyi və bolşevik inqilabının region xalqlarına təhsil,mədəniyyət və müasirlik gətirdiyini təsdiqləmək hələ belə bir tezisi irəli sürməyə əsas vermir ki, bütün bunlar yalnız bir millətin hesabına olmuşdur.
Amerikalılar yumorla deyir ki. əgər təsadüfən qarşına bir adam çıxıbsa və o fiziki olaraq sənə heç nə demirsə, deməli, o rusdur. Bu deyimin davamı olaraq Qafqaz xalqları da rusdan soruşa bilər:nədən bu bölgəni işğal etmisən ki, buradakı xalqların da davranışını tənzimləmək məcburuyyətində qalmısan?
Əgər bu millətlər russuz qalacaqları təqdirdə quldarlıq elementlərinin tüğyan etdiyi cəmiyyətə dönəcəklərsə,onun məsuliyyəti İvanın üstünə düşmür. Pyotrun rusları tərbiyə etdiyi məcəllələri müasir dövrə tətbiq etmək ən uğursuz cəhdlərdir. Qafqazlılara həyat dərsindən daha çıx azadlıq və ədalət gərəkdir!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB