"Azərbaycan Cənubi Qafqazın super sabit və inkişaf edən ölkəsidir" MÜSAHİBƏ

Əliməmməd Nuriyev: “Anti-Azərbaycan təbliğatında erməni lobbisinin əlinin olduğu istisna deyil”
"Azərbaycan Cənubi Qafqazın super sabit və inkişaf edən ölkəsidir" MÜSAHİBƏ

"Reuters" Agentliyi ABŞ Dövlət Departamentinə istinadən Azərbaycanın Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr sırasına daxil edilməsi barədə məlumat yayıb. "Konstitusiya" Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev SİA-ya müsahibəsində bu məsələyə münasibət bildirib.

- Növbəti təxribatçı informasiyaların Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması ilə bağlılığı şübhəsizdir. Görəsən Azərbaycanı təhlükəli ölkələr sırasına daxil edənlər hansı kriterilər üzrə bu nəticəyə gəliblər?

- Azərbaycanın iqtisadi inkişafı, qazandığı uğurlar bir çox dairələri narahat etməkdədir. Ona görə də bir sıra hallarda Azərbaycana qarşı münasibətlər informasiya təzyiqlərinin artırılmasını görürük və çox əsassız məlumatlar yayılır. Bununla yanaşı, əksər vaxtlarda hətta şantaj xarakterli yazılarında şahidi oluruq. Bütövlükdə hər hansı ölkəni riskli təyin etmək üçün bir sıra kriterilər var. Birinci kriteri onunla bağlıdır ki, siyasi baxımdan həmin ölkələr qaynar nöqtədə yerləşirmi? Buna cavab olaraq da Azərbaycanı hər hansı formada qaynar nöqtə saymaq qeyri-ciddidir. Çünki ölkəmiz çox sabit inkişaf edən statusu qazanıb. Ayrı-ayrı ölkələrin hesabatında bu məsələ öz əksini tapıb. İkinci tərəfdən hərbi konfliktlərin baş verməsi məsələsi dayanır. 1995-ci ildə son dəfə dövlət çevrilişi olmuşdu ki, hökumət də onun qarşısını vaxtında almışdı. Bu vaxta qədər başqa hansı hadisələr olub ki? Təbii ki, bununla bağlı heç bir fakt qeydə alınmayıb. Üçüncü şərt də odur ki, ölkəyə gələn əcnəbi vətəndaşların özlərinə, həyatlarına və mülklərinə qarşı olan təhlükə. Bununla bağlı da hər hansı fakt tapmaq mümkün deyil. Misal olaraq qeyd edə bilərəm ki, Azərbaycanın neft sazişlərində 24 beynəlxalq şirkət iştirak edir. Saziş imzalanan ildən (1994-cü il) bu günə qədər həmin şirkətlərin özünə, mülkünə və ya şirkətdə çalışan şəxslərə qarşı hər hansı təhlükə olmayıb. Azərbaycanda uzun illərdir ki, terror hadisəsi törədilməyib, ölkə daxilində əcnəbilərin sərbəst hərəkəti üçün hər hansı bir təhlükə yoxdur. Azərbaycan hüquq-mühafizə orqanları baş verə biləcək cinayət hadisələrinin qarşısını alırlar və ölkədə təhlükəli mühit mövcud deyil. Eyni zamanda, ölkəmizə gələn turistlərin vətənlərinə qayıtmasında heç bir problem yaşanmır. Ancaq digər ölkələrdə bu problem hələ də qalmaqdadır. Digər tərəfdən də Azərbaycanda iqtisadi inkişafın səviyyəsi irəliləyən xətt üzrə gedib. Hətta onu da qeyd etmək olar ki, bu sahədəki uğuruna görə, Azərbaycan lider ölkələr sırasında yer alıb. Dövlət büdcəsinə ayrılan vəsait də günü-gündən artmaqdadır. Onu da vurğulayım ki, Azərbaycan son zamanlar beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi baxımından da irəlidədir. Bu da sabitliyin əsas göstəricisi kimi qiymətləndirilir. Azərbaycan ən böyük tədbirləri belə yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Siyasi əməkdaşlığa, enerji təhlükəsizliyinə, iqtisadi inteqrasiyaya, dinlərarası dialoqa, idmana həsr edilən bu tədbirlər Cənubi Qafqazda yalnız Azərbaycanda uğurla təşkil edilib. Ən böyük nümunə kimi "Eurovision-2012" mahnı müsabiqəsini göstərmək olar. Bu müsabiqədə bir nəfərin də olsa burnu qanamadı. Bununla yanaşı, bu ilin yanvar ayında 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçdi. Təbii ki, bu da təsadüfi hal deyildi.

Əgər Azərbaycanda təhlükəli şərait hökm sürsəydi, o zaman adıçəkilən quruma üzv seçilməzdi. Ölkəmiz hər zaman yeni təşəbbüslərlə çıxış edir və bu da yüksək qiymətləndirilir. Bunun bariz nümunəsidir ki, 2015-ci ildə Azərbaycanda Avropa Olimpiya oyunları keçiriləcək. Etiraf edək ki, bütün bu kimi nailiyyətlərimiz bir çox dairələri çox qıcıqlandırır. Onlar ölkəmizdə olan sabitliyi, iqtisadi inkişafı qəbul edə bilmirlər. Ona görə də dəfələrlə belə yanlış informasiya yaymaqla məşğul olurlar. Bu kimi informasiyaları yaymaqda iki məqsədlərinin olduğunu düşünürəm. Ya onların istinad etdiyi mənbələr keyfiyyətli deyil, ya da məlumatlar natamamdır. Eləcə də bu məlumatları yaymaqla qərəzli olduqlarını bir daha sübut etmiş olurlar. Primitiv təxribatlarla ölkəmizi gözdən salmaq istəyən qüvvələrə Azərbaycan real işləri, o cümlədən dünya və beynəlxalq səviyyəli tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığı, təhlükəsizliyi, firavanlığı, dinamik inkişafı ilə cavab verir. Kriminal vəziyyətlə bağlı onu da deyim ki, Azərbaycan keçmiş MDB və Şərqi Avropa ölkələrinə nisbətən adambaşına (100 min) düşən cinayətlərin sayına görə ən aşağı göstəriciləri nümayiş etdirən ölkələrdən biridir. İnsan alveri ilə bağlı məsələyə gəldikdə isə vurğulayaq ki, bu da Azərbaycanda yox səviyyəsindədir. Buna görə də hansı kriteriyalər əsasında belə məlumatları dərc etdirirlər?! Xüsusi olaraq qeyd edək ki, bu "Reuters" Agentliyinin yaydığı ilk belə məlumat deyil. Bir müddət əvvəl də bu istiqamətdə məlumatlar yaymışdılar. Misal olaraq, onlar "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində ölkəmiz haqqında çoxsaylı yalan məlumatlar yayaraq beynəlxalq ictimai rəyi ölkəmizə qarşı yönəltməyə çalışmışdılar. Hesab edirəm ki, tezliklə ABŞ-ın Azərbaycandakı səfirliyi də məsələ ilə bağlı öz münasibətini bildirəcək.

- Bu kimi informasiyalar belə təəssürat yaradır ki, ABŞ-ın xarici siyasəti koordinasiya olunmur, müxtəlif daxili qüvvələr, lobbi qrupları öz maraqlarına uyğun istədiklərini edirlər. Əgər bu iddiaya inansaq, bu günə kimi Avropada, Amerikada olan terror hadisələrini, insanların qətlə yetirilməsini necə izah etmək olar?

- Bəli. Etiraf edək ki, bu günə kimi terrorizmlə mübarizədə Azərbaycanla ABŞ hər zaman birgə işləyiblər. ABŞ həmişə ən yüksək səviyyədə özünü Azərbaycanın dostu kimi təqdim edib. Prezident Barak Obama başda olmaqla əksər ABŞ rəsmiləri, konqresmenlər, senatorlar beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın böyük rol oynadığını xüsusi qeyd ediblər. Buna görə də bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Hesab edirəm ki, dövlət departamenti də bu informasiyanı diqqətlə yenidən yoxlayacaq. Ölkəmizin təhlükəsizliyi kifayət qədər qorunur. Azərbaycana gələn əcnəbilərin küçələrdə gəzməsi azad və sərbəstdir. Ancaq digər inkişaf etmiş Avropa ölkələrində bu olduqca təhlükəlidir. Ümumiyyətlə Azərbaycanın Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr sırasına daxil edilməsi dırnaq içərisində doğruluğu qətiyyən özündə əks etdirmir.

- Terror və digər hadisələr ən çox Avropada, Amerikada və Qərb ölkələrində baş verir. Hadisələrin baş verdiyi ölkələr niyə "təhlükəli ölkələr" siyahısına daxil edilmir?

- ABŞ-da bir neçə gün əvvəl gənc bir oğlan məktəbə silahla daxil olaraq 20 kiçik yaşlı şagirdi və 6 müəllimi qətlə yetirdi. 62 yaşlı kişi həbsxanadan müvəqqəti icazə alaraq öz evini yandırdı, bacısını alovlar içində qoydu, yardıma gələn yanğınsöndürənlərdən ikisini güllələdi. Norveçdə Breyvik adlı şəxsin 77 günahsız insanı qətlə yetirməsi nə tez unuduldu? Avropanın müxtəlif ölkələrində, xüsusilə də, Fransada baş alıb gedən islamofobiya insanların təhlükəsizliyinə risk yaratmırmı? Yenə də qeyd edirəm ki, Azərbaycan Cənubi Qafqazı super sabit və inkişaf edən ölkəsidir. Eyni zamanda, MDB və Şərqi Avropada ən sabit ölkələrdən biri məhz Azərbaycandır. Ona görə də bütün bunlar sadəcə müəyyən siyasi qrupların Azərbaycanda təmin edilməyən qüvvələrin işidir. Erməni lobbisinin bu işdə əlinin olacağı istisna deyil. həmin informasiyalar bir sıra qrupların maraqlarına xidmət edir.

- Sonda bu qənaətə gəlmək olarmı ki, bu cür ədalətsiz yanaşma dünyada ədalət anlayışının özünə təhlükədir....

- Dünyada ədalət axtarmaqla bağlı məsələlərdə bəzi hallarda aşırı düşüncələrə malikik. Çünki gözlədiklərimiz çoxdur. Dünyada ədalətlilik məsələsi olduqca nisbidir. Eyni zamanda, bu məsələlərdə maraqların hansı formada təmin edilməsi daha çox önəm kəsb edir. Bu baxımdan bu məsələdə ədalət gözləməyə belə dəyməz.

Bütün xəbərlər Facebook səhifəmizdə