Ortaq türk tarixi yazılacaq

Azərbaycan və Türkiyə ortaq tarixinin yazılmasına başlanılır. SİA-nın verdiyi xəbərə görə, bunu Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun bu gün keçirilən Elmi Şurasında institutun direktoru Yaqub Mahmudov bildirib. Onun sözlərinə görə, bu məqsədlə Türkiyədən bir qrup tarixçi alim, TBMM-nin üzvü Seyid Sərtçəlik, tarixçi alim İlqar Ortaylı Azərbaycana gəlib: "Ortaq türk tarixinin yazılması barədə qərar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı ölkə prezidenti ilə görüşündə razılaşdırılıb. Azərbaycan və Türkiyə tarixinin birləşdirilməsinə böyük ehtiyac var. İndiyə qədər ortaq türk tarixinin yazılması ilə əlaqədar Türkiyədə dəfələrlə danışıqlar aparılıb. Lakin bu danışıqlar indiyədək nəticəsiz qalıb. Ona görə də belə qərara gəldik ki, heç bir protokol imzalamadan şifahi şəkildə bu danışıqları aparıb razılığa gələk. Hər iki ölkənin tarixçiləri vaxtaşırı qarşılıqlı səfərlər həyata keçirəcəklər və ortaq türk tarixinin yazılmasına başlanacaq".

Həmçinin instutun direktoru Y. Mahmudov bildirdi ki, Türkiyə ilə yanaşı, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Moldova, Gürcüstan və Dağıstandan da tarixçi alimlər dəvət ediləcək və ümumtürk tarixinin yazılmasına başlanacaq: "Ümumtürk tarixinin yazılmasının nəticələrindən asılı olmayaraq Azərbaycan və Türkiyənin ortaq tarixi yazılacaq. Gizli deyil ki, bu tarixin içində elə problemlər var ki, biz ilk növbədə o məqamlarda birləşməliyik. Birgə tariximizin ən ağrılı məqamı qardaş Türkiyə tarixinə, soyqırımı məsələsinə qarşı ədalətsizliyin dünyada ayaq tutub yeriməsidir. İlk növbədə bu istiqamətdə birgə tədqiqatlar aparılmalıdır".

Daha sonra elmi şuranın qərarı ilə TBMM-nin üzvü Seyid Sərtçəlikə Tarix instutunun fərxi doktoru adı verildi.

Bütün xəbərlər Facebook səhifəmizdə