Tahir Kərimli: "Müxalifətin şansı sıfıra bərabərdir"

"Əslində AXCP və Müsavat liderləri prezident olmaq uğrunda deyil, müxalifətin vahid lideri olmaq üçün mübarizə aparırlar"
Tahir Kərimli: "Müxalifətin şansı sıfıra bərabərdir"

Müxalifət o qədər rəngarəngdir ki, vahid namizədə gəlmək imkanları yoxdur. Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

Onun sözlərinə görə müxalifət sosial bazasın itirib: "Müxalifətdən xalq imtina edib. Ümumiyyətlə, xalq müxalifət düşərgəsində özünün liderini, gələcək prezidenini görmür. Hətta birləşib vahid namizədlə seçkiyə qatılsalar belə bu xalq üçün əhəmiyyətli deyil. Başqa bir məsələ, artıq müxalifət cəbhəsində 10-dan çox insan özünü prezidentliyə namizədliyini elan edib. Onlar arasında fikir ayrılıqları dərin uçuruma bənzəyir. İsa Qəmbər bildirir ki, seçkiyə mən getsəm AXCP dəstəkləyəcək. Maraqlıdır ki, Əli Kərimli də eyni fikirdədir, seçkiyə o qatılsa Müsavat onu dəstəkləyəcək. Bundan başqa seçkilərdə namizəd kimi Lalə Şövkətin, "Real" hərəkatının namizədi, Asim Mollazadə, Mirmahmud Fəttayev və digər şəxslərin adları hallanır. Bir sözlə müxalifətin vahid namizədi olsa belə seçkidə heç nə əldə edə bilməyəcək. Bundan əlavə qeyd edim ki, bu insanlar vaxtilə bir-birləri ilə gah dost, gah da düşmən olublar. İndi də mehriban düşmənçilik edirlər. Açıq müstəvidə cəbhəçilər İsa Qəmbəri, müsavatçılar isə Əli Kərimlini təhqir edir. Beləliklə, bir-birlərinin namizədlərini özləri gözdən salır. Bütün bunları nəzərə alsaq müxalifətin şansları sıfıra bərabərdir. Bunu özləri də bilir. Əslində AXCP və Müsavat liderləri prezident olmaq uğrunda deyil, müxalifətin vahid lideri olmaq üçün mübarizə aparırlar. Hesab edirəm ki, buna da nail ola bilməyəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə