Əli Əhmədov: “ATƏT-in Minsk qrupunun fəaliyyətini müsbət qiymətləndirmək olmaz"
ATƏT-in Minsk Qrupunun fəaliyyəti müsbət sayıla bilməz. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, ATƏT-in Mins qrupu 20 ildir qarşısına qoyduğu məqsədə nail ola bilməyib: "Həmsədrlik institutu missiyası ayrı-ayrı şəxslərə deyil, üç dövlətə mənsubdur. Azərbaycan cəmiyyətinin gözləntisi budur ki, Minsk qrupu və bu qrupun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar öz üzərinə götürdüyü missiyanı ləyaqətlə və layiqincə yerinə yetirsinlər. Bunun tək yolu var, o da Azərbaycanın işğal olunmuş torpaqlarını işğaldan azad etmək, Cənubi Qafqazda ədalətli sülhü bərpa etmək və ən başlıcası isə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü təmin etməkdən ibarətdir".
YAP sədrinin müavini həmçinin qeyd etdi ki, Minsk qrupu bu vəzifəni yerinə yetirə bilmədiyi üçün Azərbaycan cəmiyyəti bu qurumun fəaliyyətindən razı qala bilməz: "Həmsədrlər həmin vəzifənin yerinə yetirilməsi istiqamətində ciddi addımlar atmayıblar. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bütövlükdə Minsk qrupunun və onun həmsədrlərinin fəaliyyətini yüksək qiymətləndirə bilməz".
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtkenin missiyasını başa vurmasına münasibət bildirən Ə.Əhmədov bildirdi ki, həmsədrlərin nümayəndəsinin dəyişdirilməsinin danışıqlar prosesində ciddi dəyişikliklərə yol açacağına inanmır: "İnanmıram ki, bu kardinal bir dəyişikliyə gətirib çıxaracaq. Əlbəttə, biz həmişə Minsk Qrupunun bütövlükdə fəaliyyətinə yeniliklər arzulayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB