Sərraf Hüseynov: “YAP gəncləri həmişə Prezidentimizin ətrafındadır”
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisinin rəhbəri Sərraf Hüseynovun Səs TV-yə müsahibəsi
- Sərraf müəllim, 2012-ci il artıq başa çatmaq üzrədir. Bu il Azərbaycan gəncliyi üçün hansı uğurlarla yadda qalıb? Gənclər onlara göstərilən etimadı doğrulda bilibmi?
- Doğrudur, artıq təqvim ili sona yetməkdədir. Azərbaycan gəncliyinin uğurları təkcə təqvim çərçivəsində ölçülən bir uğur deyil, bu ümumiyyətlə götürdükdə böyük bir hərəkat halını almış və artıq demək olar ki, zamana tabe olmadan, zamanın xaricində olan bir hərəkatdır. Bu hərəkat əsası qoyulandan necə fəaliyyətə başlayıbsa, indi həmin uğurlar artan səviyyədə davam etdirilir. Məlumdur ki, Azərbaycan gəncliyinə olan qayğı, inam və etimadın əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də həmin inam, etimad daha da yüksək səviyyədə davam etdirilir. Bunun da səbəbi cənab Prezident İlham Əliyevin gənclərə xüsusi diqqət və qayğısı ilə ölçülür. Bu gün Azərbaycanda demək olar ki, bütün səviyyələrdə gəncləşmə özünü göstərməkdədir. Burda da əsas iş cənab Prezidentin üzərinə düşüb və Prezident də öz ətrafındakı komandasından tutmuş, bütün dövlət strukturlarında təmsil olunan insanlara qədər gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıb və onlara həqiqətən də böyük etimad göstərib. Düşünürəm ki, bu etimadı Azərbaycan gənci hələ tam doğrulda bilməsə də, həmin etimada layiq olmağa çalışır. Bu da müəyyən uğurların qazanılması ilə əlamətdardır. Bildiyiniz kimi, bu il "idman ili" elan olunub. Bu birbaşa gəncliklə bağlı olduğu üçün, gəncliyin üzərinə də böyük məsuliyyət qoyan il oldu. Fikrimcə, gənclik bu məsuliyyətdən inam və etibarla çıxdı. Çünki olimpiya oyunlarından tutmuş, bilik olimpiadalarında qazanılan qələbələrə kimi, həmçinin Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdan ötrü dünyanın bir çox ölkələrində təşkil olunan aksiyalara kimi, dünyanın önəmli kürsülərində gəncliyin nümayiş etdirdiyi mövqeyə qədər demək olar ki, həmin etimada, inama yönəlmiş addımlar atılmış və buna müəyyən qədər də olsa nail olunmuşdur. Azərbaycan gəncliyinin ən böyük məsuliyyətlərindən biri də Azərbaycanın ağrılı yeri olan Qarabağ probleminin həlli istiqamətində öz bacarığını, biliyini nümayiş etdirməkdən ibarətdir. Mənə elə gəlir ki, Azərbaycan gəncliyi bu gün bu istiqamətdə çox inamla addımlayır və bu problemin həlli Azərbaycan gəncliyini ortaya qoyduğu mövqedən asılı olacaq. İnanıram ki, gəncliyin göstərəcəyi dəstək və cənab Prezidentin yürütdüyü siyasət məhz həmin problemdən də azad olmağa gətirib çıxaracaq. Bu ilin yekunlarını Azərbaycan üçün yüksək qiymətləndirirəm və gələn il daha böyük uğurlar qazanacağımıza inanıram..
- Bu gün, dekabrın 24 Azərbaycan gəncliyinin böyük hamisi ölkə prezidenti İlham Əliyevin doğum günüdür. Bununla bağlı ürək sözləriniz nələrdir?
- Prezident İlham Əliyev ətrafında, işığında birləşdiyimiz Yeni Azərbaycan Partiyasının (YAP) sədridir. Bizim sədrimizdir və biz YAP-ın gəncləri olaraq da Sədrimizin inam və etiqadını doğrultmaq üçün bir çox işlər görmüşük, ona layiq olmağa çalışırıq. Bu mənada YAP gəncləri öz aktivliyi, fəaliyyəti ilə daim prezidentin yanında olub və bu həmişə də belə davam edəcək. YAP gəncləri Azərbaycanı daha da yüksəklərə qaldırmaq üçün əlindən gələni edəcək. Möhtərəm Prezidentimiz İlham Əliyevi doğum günü münasibətilə təbrik edirik. Ona işlərində, şəxsi həyatında böyük uğurlar arzulayırıq. Prezidentimizin qazanacağı uğurlar əlbəttə ki, xalqımızın qazanacağı uğurlardır. Prezidentimizə uğurlarının bitib tükənməməsini arzu edirəm. Arzu edirəm ki, Azərbaycan özünü dünyaya bir xalq, bir millət kimi tanıda bilsin və bu da Prezidentimizin həyata keçirəcəyi işlərdən çox asılıdır. YAP gəncləri adından möhkəm cansağlığı, işlərində uğurlar və daha böyük müvəffəqiyyətlər arzu edirəm. YAP gəncləri həmişə Prezidentimizin ətrafındadır. Hər bir addımı ləyaqətlə dərk edir və məsuliyyətlə yerinə yetirməyə çalışırıq. Növbəti il keçiriləcək prezident seçkilərində və Qarabağ münaqişəsinin həllində Prezidentimizi qalib kimi görməyi arzu edirik.
Yeganə Süleymanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB