“Biz düşmənlərimizi peşman edəcək çox böyük uğurlara imza atırıq” MÜSAHİBƏ
Milli Məclisin sədr müavini Bahar Muradovanın Səs TV-yə müsahibəsi
- Bahar xanım, ölkə prezidenti İlham Əliyev bp-ni tənqid etdikdən sonra neft şirkəti tənqidlərdən nəticə çıxardığını bəyan edib. Amma bu vəziyyət yaranan zaman ermənilərlə yanaşı, daxildəki qüvvələr də gərginliyə xeyli sevinmişdi. Sizcə, dağıdıcı müxalifətlə ermənilərin işbirliyi və ya eyni mövqe tutması nədən irəli gəlir?
- Bilirsiniz, hər hansı hədəfi elan edəndə, hər hansı məqsədə doğru yol müəyyənləşdirəndə nəyin bahasına olursa olsun, o məqsədə, hədəfə çatmaq qarşıya qoyulanda bu və ya digər buna bənzər hadisələrdə mənfi yöndən iştirak etmək halları mümkün olur. Çox təəssüf ki, bunu həm Azərbaycan torpaqları hesabına ikinci erməni dövləti yaratmaq istəyən mənfur qonşularımızın, eləcə də nəyin bahasına olursa olsun Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaq, hakimiyyət küsüsünə bir daha yiyələnmək məqsədini qarşısına qoyanların da fəaliyyətində bu və buna bənzər hallara rast gəlmək olar. Çox təəssüf ki, bu belədir. Bəzi hallarda, yəni məqsəd və hədəfə çatmaq istəyi bəzi insanların gözünü o şəkildə tutur ki, onlar bu hallarda bizə düşmən olan ermənilərlə eyni mövqedə olduqlarının fərqinə varmırlar. Bu da əlbəttə ki, haqlı narazılıqlar yaradır, tənqid obyektinə çevrilir. Azərbaycan xalqının əksəriyyətinin qınağına tuş gəlir və elə bu qınağın, tənqidin özü bir daha onları qane etməyən məqam kimi ortaya çıxır. Ona görə də hesab edirəm ki, bütün bunlara rəğmən istər xaricdən, istər daxildən "nə qədər pis olacaqsa, bizim üçün yaxşı olacaq" prinsipi ilə fəaliyyət göstərən insanların, onların cəmləşdiyi dairələrin göstərdikləri fəaliyyətə rəğmən Azərbaycan öz yolu ilə gedir, inkişaf günü-gündən öz tempini artırır. Biz düşmənlərimizi peşman edəcək, narahat saxlayacaq çox böyük uğurlara imza atırıq. Məhz elə bp ilə Azərbaycan dövləti arasında əldə olunan anlaşma və problemlərin aradan qaldırılmasına doğru götürülmüş kurs və ilkin əldə olunmuş nəticə də onu göstərir ki, Azərbaycan dövləti və Azərbaycanın müvafiq iqtisadi qurumları öz fəaliyyətlərini həyata keçirərkən, hətta çoxlarının çəkindiyi bir çox beynəlxalq dairələri açıq və kəskin tənqid edərkən də məqsəd hansısa siyasi divident əldə etmək yox, doğrudan da Azərbaycanın iqtisadi və kommersiya maraqlarını həyata keçirmək istiqamətində öz üzərinə öhdəlik götürmüş dairələri öz vəzifəsinə cəlb etməkdən başqa bir şey deyil. Çünki, bunu həmin dövrdə daha çox siyasi məqamlara bağlamaq istədilər və bundan Azərbaycan hökumətini ziyan çəkəcəyini, bp-yə hücum etməklə guya ki, imkanı olmayan böyük bir yükün altına girdiyini söyləyənlər özlərini nə qədər aciz durumda qaldıqlarının şahidi oldular.
- ABŞ-ın ölkəmizdəki səfiri dağıdıcı müxalifətlə mütəmadi olaraq görüşlər keçirir. Bu görüşlərin konkret məqsədi nədir?
- Özlüyündə əgər bizim adını çəkdiyimiz düşərgə, təbii ki, o düşərgədəki hər bir kəsi mən nəzərdə tutmuram, fəaliyyəti sırf Azərbaycanın iqtisadi, siyasi, milli və digər maraqlarına qarşı yönəlmiş olan insanların fəaliyyəti baxımından yanaşanda bu, bir az qəribə görünür. Amma özlüyündə diplomatik korpusun nümayəndələrinin cəmiyyəti ən müxtəlif təbəqələri ilə görüşləri, fikir mübadiləsi aparmaları təbii qarşılanmalıdır. Biz də bunu təbii və normal qarşılayardıq, o zaman ki, adını çəkdiyimiz dairələr həqiqətən də Azərbaycanın siyasi, iqtisadi, milli maraqlarına yönəlik fəaliyyətdir. Bu nöqteyi-nəzərdən bu görüşlər cəmiyyətdə narahatlıq doğurur və müzakirəyə səbəb olur. ABŞ səfirinin açıqlamalarına görə, qarşıdakı prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb. Amma, əks tərəf bunu başqa cür qələmə verməyə çalışır. Guya ki, ABŞ-ın və yaxud beynəlxalq dairələrin bu düşərgəyə "stavka" etdiyi görüntüsü yaratmağa və bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Düşünürəm ki, bu və ya digər diplomatik nümayəndəliyin rəhbərliyi, onların ayrı-ayrı nümayəndəsinin ümumi maraqları, iki dövlət arasında olan münasibətləri və elə doğrudan da ABŞ kimi demokratiyanın dünyanın hər bir yerində bərqərar olması istiqamətindəki milli maraqlarını reallaşdırmaq üçün ona xidmət edən fəaliyyət sərgiləyən bir dövlətin əks tərəfin mövqeyini və münasibətini də doğru düzgün dəyərləndirməsinə də ehtiyac vardır. Buna görə də bu kimi görüşlərdən mən çəkinmirəm və bu bizi narahat etmir. Hesab edirəm ki, iqtidarı da narahat etmir. Amma bu görüşlərdən özü üçün düzgün olmayan nəticə çıxaranlar və öz işlərini yalnız bu kimi görüşlərə və onlara yarada biləcək üstünlüklərə bağlayanların taleyini necə olduğunu biz daim görməkdəyik.
- Bu görüşdə diqqət çəkən məqam o idi ki, bir neçə partiya sədri iştirak etsə də Morninqstar AXCP və Müsavat partiyasının sədrlərinin saxlayaraq, onlarla ayrılıqda görüşüb və "İctimai Palata"nın dağlıma təhlükəsi ilə üzləşməsindən narahatlığını dilə gətirib. Səfirin bu hərəkətini ABŞ-ın əvvəlki ampluasında olduğunu, köhnə siyasətindən əl çəkmədiyinin göstəricisi hesab etmək olar?
- Bu kimi məsələlərin üzərində cəmiyyətin, siyasi dairələrin xüsusi diqqət cəmləməsinin tərəfdarı deyiləm. Bu şəxsi fikrimdir. Biz elə bunu müzakirə etməklə, buna diqqət yetirməklə də bir növ həmin "fiqurları" bir az da böyütmüş oluruq. Heç bilmirik onlar nədən söhbət ediblər. Əgər söhbətdə iştirak edən tərəflər səmimi və açıq şəkildə görüşün detalları ilə bağlı ictimaiyyətə məlumat vermiş olsaydılar biz onu geniş şərh etməklə, tərəflərin düzgün qiymətini vermək imkanı əldə edərdik. Çox təəssüf ki, şəffaflıq çağırışı ilə çıxış edən tərəflər, çox zaman özləri əməllərində buna riayət etmirlər və bununla da bu kimi söhbətlərə, müzakirələrə yol açırlar. Mən qəti şəkildə əminəm ki, orada hansısa ciddi məsələ müzakirə olunmayıb. Ola bilər ki, bizim həmvətənlərimiz tərəfindən orada daha çox şikayət ruhunda fikirlər səslənib, qarşı tərəf yalnız dinləməklə məşğul olub. Hər halda mənə bəlli olmayan məsələ ətrafında konkret fikir söyləyib diqqəti başqa istiqamətə yönəltmək istəməzdim. Bir də heç olmasa bu görüşlərdə mətbuatın iştirakına şərait yaratmaq lazımdır. Yox əgər bu da yoxdursa, detallara tam varmasa da cəmiyyəti qane edəcək hansısa bir informasiya verilməlidir. İnformasiya olmadığı yerdə müxtəlif fikirlərə cəmiyyətdə çox geniş yer açılır.
- Daxili və xarici qüvvələrin son vaxtlar fəallaşması qarşıdakı il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ola bilərmi?
- İstənilən halda bu gün bizi əhatə edən çevrələr Azərbaycanla bağlı hər hansı hadisə baş verirsə orada mütləq bu amil öz yerini tutur. Ən adi vətəndaş belə gələn ilin prezident seçkiləri olduğundan 2013-cü ilin önəminin daha artıq olduğunun fərqindədir. O ki, qaldı Azərbaycanda marağı olan beynəlxalq dairələr, istər iqtisadi, istər siyasi, istərsə də geostrateji maraqlar olsun və yaxud da ki, ölkə daxilində fəaliyyət göstərən siyasi partiyalar hansı ki, onların bir çoxu bu maraqlara qoşulmaq və öz bəxtlərini bir daha sınamaq niyyətindədirlər. Bu nöqteyi-nəzərdən prezident seçkilərinin olması bir çox hadisələrə öz təsirini göstərir. Dağlıq Qarabağ məsələsi ilə bağlı gedən danışıqlarda belə istər Ermənistanda, istər Azərbaycanda prezident seçkilərinin olması məsələsi bütün dövrlərdə vurğulanıb və aparılan danışıqlara da öz təsirini göstərir. Prezident seçkiləri çox önəmli bir hadisə olduğu üçün bu və ya digər fəaliyyətə o cümlədən fəallaşmağa təsir göstərən çox ciddi bir amildir.
- ABŞ səfirinin dağıdıcı müxalifətlə bağlı qapılar arxasında danışıqları, Rusiya səfirinin bölgələrə səfər edib milli azlıqlarla görüşməsi, Rusiyada "Milyaderlər İttifaqı"nın, xüsusilə Söyün Sadıqovun "fəallığı" - bu hadisələrin bir-birinə yaxın zaman kəsiyində baş verməsi təsadüfdürmü?
- Qəti şəkildə söyləmək istəməzdim ki, təsadüfdür və ya zərurətdir, hər halda görünən və nəzər-diqqəti cəlb edən hadisələrdir. Bu mənada da bunun ətrafında geniş diskussiya yaranıb. Bunların da bir çoxu ən müxtəlif dairələrin Azərbaycanla bağlı illüziyaları ilə bağlıdır. Kimlərsə, hansısa dairələr özünü bölgədə möhkəmlətmək istəyir, kimlərsə bu prosesdə özünün iqtisadi və kommersiya maraqlarını güdür, bəziləri də aranın qarışacağı təqdirdə ona nə isə pay düşəcəyini gözləyir. Amma bütün buna bənzər hadisələr son 20 ildə çox olub və biz bunun şahidi olmuşuq. Ən kritik halda, ən müxtəlif fikirlərin ortada olduğu zamanda belə, Azərbaycan və onun siyasi rəhbərliyi mövcud durumu düzgün qiymətləndirib, onu istiqamətləndirmək və nəticəni Azərbaycanın, dövlətçiliyin xeyrinə yönəltmək imkanını hər zaman ortaya qoyub. Və bunu təkcə Azərbaycan siyasi rəhbərliyi deyil, eyni zamanda Azərbaycan cəmiyyəti və xalqı edib, bu gün də belədir. O məsələyə ki, Azərbaycan siyasi rəhbərliyinin münasibəti mənfi olub, ilk növbədə bu münasibəti ilk ifadə edən xalq və cəmiyyətin nümayəndələri olub. Bu onu göstərir ki, bizim bu və ya digər maraqlarımıza uyğun gələn və yaxud ona zidd olan mövqelərdə Azərbaycanın siyasi rəhbərliyi ilə xalqın əksəriyyətinin mövqeyi üst-üstə düşüb. Bu onu göstərir ki, aparılan siyasət düzgündür, xalq tərəfindən dəstəklənir. Bir siyasət ki, bir ölkədə xalqın əksəriyyəti tərəfindən dəstəklənir, o siyasətə istər xaricdən, istər daxildən təsir göstərə biləcək hansısa addımların atılması çox çətinləşir. Və bunu bizim bu günə qədər reallaşan iqtisadi, siyasi, beynəlxalq aləmdəki strateji maraqlarımız və əldə etdiyimiz nailiyyətlər sübut edir. Kim düşünə bilərdi ki, Azərbaycan "3 dəniz əfsanəsi"ni reallaşdıracaq. Bizim içərimizdən bir çoxları bu hədəflərə çata bilməyəcəyimizi düşünürdülər. Amma zaman göstərdi ki, bu heç də belə deyil, Azərbaycan dövləti qarşısına qoyduğu hədəflərə çatmaq üçün onun qarşısına çıxan maneələri addım-addım dəf etməyə qadirdir və bizə düşmənçilik edən dairələrin öz niyyətlərini həyata keçirməməsi üçün lazım olan bütün addımları atmağa qadirdir. Bu həm bizim malik olduğumuz sərvətlərin işlənilməsi, istifadəsi və realizəsi prosesinə də aiddir, eyni zamanda bizim milli və dövlət maraqlarının həyata keçirilməsi ilə də bağlıdır. Bu, ölkədəki ictimai-siyasi sabitliyin yaranması, möhkəmləndirilməsi və davamlı olmasını təmin etməyə yönələm fəaliyyətə də aiddir. Bu, Azərbaycanın müstəqil siyasət yeridən bir dövlət kimi öz taleyinin sahibi olduğunu sübut edən atılan siyasi addımlara da aiddir. Ona görə də bütün bunlar istər daxildən, istər xaricdən olan bu kimi cəhdlərin və hərəkətlərin Azərbaycanın doğru, düzgün yolda olması və bu yolla da irəliləməsi üçün yeritdiyi siyasətə uyğun olaraq aradan qaldırılacağına məndə bir əminlik hissi yaradır. Növbəti cəhdlər də uğursuzluğa düçar olacaq. Hansısa milyardlar milyonlarla Azərbaycan xalqının heç bir pulla, heç bir iqtisadi ölçülərlə miqyasa gəlməyən belə bir mövqeyinin qarşısında çox zəif görünəcəklər. Ona görə də adı "milyaderlər" olmasına baxmayaraq milyonlara azərbaycanlının mövqeyinə və onların dövlətinin möhkəmliyinə xələl gətirə biləcəyinə mən inanmıram.
- Son olaraq 2012-ci il başa çatmaq üzrədir. Ümumilikdə bu ili Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatına dəyər vermək baxımından necə qiymətləndirirsiniz?
- Çox yüksək qiymətləndirirəm. Bu il Azərbaycanın həyatında kifayət qədər fəallıq hiss olundu, yaddaqalan il oldu. Yadda qalandır ona görə ki, biz bir çox uğurlara imza atmışıq. Bizi müşahidə edən dostlarımız üçün ona görə yaddaqalandır ki, onlar uğurlarımıza seviniblər, düşmənlərimiz üçün daha yaddaqalandır ki, onlar bundan daha çox narahat olublar. Bu mənada bu il hər kəsin yadında qalıb. Sadalamağa başlasaq çox işləri sadalamaq lazım gələcək. Təkcə Azərbaycanın BMT-də 155 ölkənin dəstəyini alması və dünya dövlətlərinin taleyini, dünyada gedən ictimai-siyasi proseslərin, ümumiyyətlə, dünyanın idarə olunması sahəsində qarşıda duran hədəflərə çatmaq üçün çalışan, fəaliyyət göstərən və elə dünya dövlətlərinin özünün səylərini bir araya gətirən beynəlxalq qurumda təmsil olunmaq və sülhə, ədalətə xidmət edən bir siyasət ortaya qoymaq və dünyanı da buna çağırmaq, bu, Azərbaycan kimi bir ölkə üçün çox böyük uğurdur. Hesab edirəm ki, təkcə bunu söyləməklə biz hansı bir imkanlara malik olduğumuzu bir daha vurğulamış oluruq. Mən hələ Azərbaycanın nə dərəcə də iqtisadi cəhətdən yüksək templərlə inkişaf etdiyini, insanların sosial rifahının gücləndiyini, bölgədə və dünyada nüfuzumuzun, əhəmiyyətimizin nə dərəcədə artdığını demirəm. Nə qədər böyük imkanları olan ölkələrdən üstün tutularaq bir sıra beynəlxalq təşkilatların tədbirlərinin Azərbaycanda keçirilməsi üçün qərarlar qəbul olunur. Azərbaycan adı gələndə neqativ və mənfi yüklə dolu fikirlər ağlına gələn insanlar və dairələrin nə qədər böyük yanlışlığa yol verdiklərini bir daha özləri üçün yəqin etmələri yada düşür. Və zəngin mədəniyyət, tarix, elmi səviyyə hüquqi təfəkkür, tarixlə bu günün vəhdəti, milli ilə bəşərin vəhdəti, bütün dinlərin yanaşı yaşaması, etnik qrupların, xalqların nümayəndələrinin eyni ailənin üzvü kimi bir arada yaşaması, biz daha nələri sadalamalıyıq ki, Azərbaycanın uğurlarını tam əhatə etsin. Bu uğur təkcə bu il üçün deyil, eyni zamanda bundan sonrakı illər üçün əldə edəcəyimiz uğurlara bir vəsilədir, onların təminatıdır, bünövrəsidir. Bütün bunlara nail olmaq üçün də ən böyük istinadgahımız, istinad nöqtəmiz Azərbaycanın inkişafının Heydər Əliyev yoludur, bu siyasi xətdir, siyasi kursdur və bunları Azərbaycan üçün əsas yol hesab edən Azərbaycan xalqının mövqeyidir. Bu mövqeyi ən yüksək səviyyədə ifadə edən, Heydər Əliyev siyasi kursunun davamlılığını təmin edən qətiyyətli Azərbaycan prezidentidir. Yeni Azərbaycan Partiyasının sədri və gələn il də prezident görmək istədiyimiz dövlət başçısı cənab İlham Əliyevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB