"Möcüzə gözləməyin mənası yoxdur"

Elman Nəsirli: “Nazirlərin görüşündə ən yaxşı halda müəyyən taktiki addımlardan söhbət gedə bilər”
"Möcüzə gözləməyin mənası yoxdur"

2013-cü ilin yanvar ayının sonunda Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək. Nazirlərin görüşündə Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində hansısa ümidverici məqam ola bilərmi? Bu sualı siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elman Nəsirliyə invanladıq.

Politoloq SİA-ya açıqlamasında bildirdi ki, burada yeni, formatı dəyişə biləcək hər hansı təkliflərdən söhbət getmir: "Söhbət yenə də 2009-cu ilin sonlarında irəli sürülən yeniləşmiş Madrid prinsipləri və onun ətrafında olan məsələlər gündəmdə saxlanılacaq. Azərbaycanın XİN başçısı deyib ki, biz istəyirik ki, bütün bu texniki məsələləri aradan qaldırıb birbaşa sülh sazişi ilə bağlı müqaviləninin üzərində işə başlamaq lazımdır. Amma təəssüf ki, Ermənistan hələ də ənənəsinə sadiq qalaraq qeyri-konstruktiv mövqe sərgiləyir. Bütün hallarda çalışırlar ki, status-kvonu qoruyub saxlaya bilsinlər. Ermənistan 2012-ci il boyu danışıqlar prosesini pozmaq üçün gah Ramil Səfərovun azadlğa buraxılması ilə bağlı məsələni qabardaraq siyasi ajiotaj yaratdılar, gah da Xankəndi aeroportunun açılması ilə bağlı məsələni gündəmə çıxarıb hər dəfə danışıqlar prosesində ciddi gərginlik yaratdılar. Ona görə də Ermənistanın tutduğu mövqe ucbatından münaqişənin nizamlanması ilə bağlı bütün imkan və şanslar tükəndi. Həmsədrlər də ilin sonunda daha çox onunla öyünürlər ki, onların fəaliyyəti nəticəsində bu münaqişə müharibəyə çevrilməyib, yəni aktiv hərbi əməliyyatlar fazasına keçid olmayıb. Bunu özlərinin ən böyük nailiyyəti hesab edirlər."

1992-ci ildən üzü bəri həmsədrlərin Qarabağ münaqişəsinin həlli ilə bağlı bir irəli bir addım da atılmadığını deyən politoloq E.Nəsirli qeyd etdi ki, bununla bağlı beynəlxalq hüquqi sənədlər də heç bir halda işlək vəziyyətdə olmayıb: "Ona görə də 2013-cü ilin yanvar ayının sonlarında reallaşması gözlənilən bu danışıqlardan möcüzə gözləməyin mənası yoxdur. Ən yaxşı halda müəyyən taktiki addımlardan söhbət gedə bilər. Nəzər alsaq ki, 2013-cü ilin fevralında Ermənistanda prezident seçkiləridir, məhz bu ərəfədə pozitiv nəsə gözləmək sadəlövhlük olardı. Prezident seçkiləri yaxınlaşdıqca Ermənistan elitasının, Sarkisyan rejiminin münaqişənin tənzimlənməsi ilə bağlı hərbi ritorikasının, populist bəyanatlarının daha da artcağını indidən proqnozlaşdırmaq olar. Ermənistan rəhbərliyinin bütün bəyanatları ancaq daxili auditoriyaya hesablanır və Dağlıq Qarabağla bağlı daha kəskin mövqenin ifadəsi kimi diqqəti cəlb edir. Ona görə də bütün bu reallıqları nəzərə alıb demək olar ki, Xarici İşlər Nazirlərinin görüşündən nə isə ümidverici bir şey gözləməyə heç bir əsas yoxdur. Hətta bu da ola bilər ki, seçkilər ərəfəsində Ermənistan danışıqlar prosesindən boyun qaçırsın.

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə