Elçin Quliyev: "12 min 11 nəfər sərhəd rejimini pozduğuna görə, məsuliyyətə cəlb olub"
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) yeni istifadəyə verilmiş akt zalında Dövlət Sərhəd Xidmətinin 2012-ci il ərzindəki xidməti fəaliyyətinin illik hesabatı təqdim olunub. SİA-nın verdiyi xəbərə görə, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev tədbirdə çıxış edərək bildirib ki, Dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi məqsədilə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində önəmli nailiyyətlər əldə olunub. Bildirilib ki, 420 binadan ibarət 41 tikinti kompleksinin, o cümlədən 10 yeni hərbi hissə komplekslərinin əsaslı təmir-tikintisi həyata keçirilib: "Hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1226 mənzilin inşası üzrə tədbirlər reallaşdırılıb".
E.Quliyev deyib ki, bu ilin ötən dövründə Azərbaycan sərhədçiləri tərəfindən terrorçuluqla mübarizə çərçivəsində 10 nəfər saxlanılıb: "Hesabat dövründə, 7 Azərbaycan, 2 xarici vətəndaş casusluğa görə saxlanılıb. Qanunsuz miqrasiya ilə bağlı 5 qrup, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil dəstə zərərsizləşdirilib. Azərbaycanın dövlət sərhədlərini pozan 615 sərhəd pozucusu, eləcə də sərhəd rejim qaydalarını pozan 12011 şəxs saxlanılıb. Sərhəd pozucularından 25,1 faizi Azərbaycandan digər ölkələrə keçərkən, 74,9 faizi isə digər ölkələrdən Azərbaycana gələrkən tutulub.
Sərhəd pozucularının 36,8 faizi Azərbaycan-Rusiya, 15,1 faizi Azərbaycan-İran, 10,9 faizi Azərbaycan-Gürcüstan, 0,3 faizi Azərbaycan-Türkiyə sərhədində saxlanılıb. Onların 1,6 faizi dəniz, 35,2 faizi hava sərhədlərini pozarkən tutulublar.
DSX rəsinin sözlərinə görə, sərhəd pozucularının 63 faizindən çoxu Azərbaycan vətəndaşları olub. Digərləri isə Özbəkistan, İran, Gürcüstan, Əfqanıstan, Nigeriya və digər dövlətlərin vətəndaşları olublar.
DSX-nın rəisi bildirib ki, hesabat dövründə 10 halda dövlət sərhəd xidməti əməkdaşları tərəfindən silah tətbiq edilib. Silah tətbiqi zamanı bir İran vətəndaşı yaralanıb, biri ölüb: "427 nəfər saxta, 21 nəfər özgəsinə məxsus sənədlə, 24 nəfər isə gizli şəkildə sərhədi keçməyə cəhd edib. 1896 nəfər axtarışda olan şəxs tutularaq hüquq-mühafizə orqanlarına verilib. 4836 nəfər ölkədən cıxışına qadağa qoyulmuş şəxs, 463 nəfər ölkəyə girişi qadağan olunmuş şəxs sərhəddən buraxılmayıb. 7 milyon 857 min manatlıq qaçaqmal müsadirə olunub. 250 kq-dan artıq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb. 3 halda dənizdə xilasetmə əməliyyatı keçirilib, 11 nəfər xilas olunub. Azərbaycana məxsus 80, Rusiyaya məxsus 18, İrana məxsus 3, Türkmənistana məxsus 5 gəmiyə və Azərbaycana məxsus 539 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 18, Rusiyaya məxsus 5, İrana məxsus 1 gəmi və Azərbaycana məxsus 250 qayıq barəsində zəruri tədbirlər görülüb.
Dövlət Sərhəd Xidmətinin rəisi həmçinin bildirib ki, Dövlət Sərhəd Xidməti Avropa İttifaqı, GUAM, ATƏT və s. beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu il ərzində xidmətin döyüş fəaliyyəti üçün aşağıdakı işlər həyata keçirilib:
1. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da DSX-nin Naxçıvan Sərhəd Diviziyasının açılış mərasimində iştirak edib.
2. İyulun 31-də DSX -nin Lənkəran Sərhəd Dəstəsinin Qornizonuna baxış keçirilib.
3. Oktyabrın 7-də Yevlax şəhərində DSX-nin yeni hərbi hissəsinin açılışı olub.
4. 14 avqust 2012 tarixində isə İlham Əliyev Dövlət Sərhəd Xidmətinin əməkdaşlarını orden və medallarla təltif edib.
Hesabatın sonunda Sərhəd Qoşunlarının komandanı tərəfindən hərbi hisslərin və struktur qurumların ximdəti fəaliyyəti qiymətləndirilib 2013-cü ildə DSX qarşısında duran əsas vəzifə və tapşırıqlar qeyd olunub, xidməti-döyüş fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB