BMT BA-da Fələstin Muxtariyyətinin təmsilçilik statusu artırıldı. "Müşahidəçi subyekt" statusu "müşahidəçi dövlət" statusu ilə əvəzləndi. Başqa sözlə, Fələstin Muxtariyyəti müstəqil dövlət kimi tanınmanın bir addımlığındadır. BMT BA-nın 192 üzvünün 2/3-dən çoxu, yəni 138 dövləti Fələstin muxtariyyətinin BMT-də təmsilçilik statusunun artırılmasına səs verdi. Cəmi 9 dövlət əleyhinə çıxdı. Ötən illə müqayisədə səslərin sayında ciddi dəyişikliklər olmasa da, keyfiyyət dəyişikliyi var idi: Fransa və Böyük Britaniya kimi Avropa dövlətləri əvvəldən Fələstinin statusunun artırılmasını müdafiə edəcəyini bəyan etmişdilər və sözlərinin də üzərində durdular.
Bəlkə də, bu dövlətlərin mövqeyində haqqı dəstəkləməkdən çox, İsraili cəzalandırmaq motivi var idi. ABŞ bir tərəfdən Fələstin dövlətçiliyinin statusunun artırılmasının əleyhinə təbliğat aparmaqla yanaşı, digər tərəfdən dostlarını İsrailə qarşı təzyiq siyasəti aparmağa təhrik edirdi. Azərbaycan Respublikası istər keçən, istər bu il BMT-də keçirilən bütün müzakirələrdə Fələstin dövlətçiliyinin yanında olmuşdur. Bunun Fələstində də bilirlər, ərəb dövlətlərinin hamısı Fələstinlə bağlı Azərbaycan Respublikasınin aktiv mövqeyindən razıdırlar. Çünki Azərbaycan Respublikası da ərəb dövlətlərindən yalnız fayda görür. Bu tək Qarabağ məsələsində verilən siyasi və mənəvi dəstək deyil, digər məsələlərdə də özünü göstərir. Fələstin lideri Mahmud Abbasın Azərbaycana səfəri onların bu məsələdə Azərbaycana olan ümidinin göstəricisi idi. Azərbaycan müsəlman qardaşının bu ümidini doğrultdu.
Azərbaycanın Fələstin məsələsindəki mövqeyi yalnız İranın qəzəbinə tuş gəldi. İranın proqnozlaşdırılmayan siyasət aparan dövlət olması bəllidir. Bu kontekstdən İranın Fələstin məsələsində ötənilki mövqeyi ilə builki mövqeyinin müqayisəsi təhlil üçün maraqlı beyin məhsulları yaradır. Keçən il İran Fələstin muxtariyyətini BMT-də status verilməsinin əleyhinə idi. Bəhanəsi bu idi ki, guya Fələstin dövlətçiliyi 1967-ci ilin yox, 1948-ci ilin sərhədləri hüdudlarında tanınmalıdır. Nə qədər paradoks olsa da, ötən il cəmi 3 dövlət Fələstin dövlətçiliyinin BMT BA-da müzakirəsinin əleyhinə mübarizə aparırdı: İsrail, ABŞ və İran.Yeri gəlmişkən, ABŞ-la birbaşa danışıq ideyasının İran rəsmilərində o vaxt yarandığını ehtimal etmək olar.
Keçən il İranın Fələstin dövlətçiliyinə qarşı başqa zərbəsi də oldu. O, "Həmas"ı Fələstin muxtariyyətinə dövlətçiliyin verilməsinin əleyhinə siyasət aparmağa təhrik edə bildi.
İki mövzu İran üçün geostrateji prizmadan çox mühüm əhəmiyyətə malikdir. Fələstinə dövlətçiliyin verilməsini İranda özlərinin siyasəti üçün təhlükə kimi başa düşürlər, çünki İran bu mövzuda xeyli mif düzəldə bilib, özünü müsəlmanpərəst dövlət kimi göstərib. Lakin İranın Fələstin dövlətinin həyatındakı maliyyə iştirakı vur-tut cəmi bir neçə min dollarla ölçülür. İndi Fələstin dövləti yaransa, bu təbliğat kopüyü İranın əlindən çıxa bilər. İranın şüarçılıq üzərində qurulmuş 3-ayaqlı təbliğatının ayaqlarından biri qırılır. Eləcə də Livanda "Hizbullah"ın fəaliyyətinin dayanması İran üçün geosiyasi faciə ilə nəticələnə bilər. "Hizbullah" İranın digər dövlətdə yaratdığı yeganə bazadır.
İran 2012-ci ildə Fələstin muxtariyyətının statusunun artırılmasını dəstəkləməyə məcbur oldu. Eləcə də "Həmas" həm BMT BA-da gedən müzakirələrdə dəstək verməklə yanaşı, "Fəth"lə barışdığını bildirdi. "Həmas" hərəkatının lideri Xalid Məşal 45 illik ayrılıqdan sonra Fələstin torpağına qədəm qoydu. İranın Fələstin ilə bağlı mövqeyi nəinki məğlub oldu, hətta bu məğlubiyyəti iflas adlandırmaq olar. İran tarixində bu mövzuya haçansa qayıdacaqlar.
Eyni qaydada İranın Qarabağ siyasəti də iflasa gedir. İsrail zəiflədiyi, müttəfiqlərini itirdiyi kimi Ermənistan da zəifləyir, müttəfiqlərini itirir, dünya erməniləri böyük fəlakət qarşısındadırlar. İranın xəbəri olunca Ermənistan dövlətçiliyi uçurumun dibinə yuvarlana bilər.
Bu hadisədən sonra İran Ermənistanda batırdığı milyardlarla dollar pulun hesabını verə bilməyəcək. İstər bu dünyada, istər o dünyada İran rəhbərləri şiə torpağının işğalçısına nəinki dəstək verdiklərinin, hətta neytral qaldıqlarının izahı verə bilməyəcəklər. Ən qəribəsi budur ki, Fələstin və Qarabağ siyasətində iflasa uğrayan iranlıların təbliğat maşını Fələstin məsələsində Azərbaycanda günah axtarır. İranın təbliğat maşını "abır", "həya", "xəcalət" və sair bu kimi terminləri çoxdan devalvasiyaya uğradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB