Avropa Tələbələr Birliyinin (ATB) tamhüquqlu üzvü olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ATB-nin idarə heyətinin 63-cü toplantısında iştirak edib. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, toplantı Maltanın paytaxtı Valetta şəhərində 29 noyabr – 5 dekabr tarixlərində keçirilib.
Onun sözlərinə görə, təşkilat və ölkəmizi toplantıda təmsil edən ATGTİ-nin beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədli, departamentin əməkdaşı Polad Muradlı və Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri (DİA TGT) Toğrul Niyazlı səfərin ilk günündə Malta Respublikasının prezidenti, cənab Corc Abela tərəfindən toplantı iştirakçıları üçün təşkil edilmiş rəsmi ziyafətdə iştirak ediblər. Ziyafət zamanı gəncləri salamlayan prezident onlara fəaliyyətlərində uğurlar arzu edib. Toplantının növbəti günündə ölkələrin gənclər siyasətini, mövcud əlaqələrinin inkişafını müzakirə edən müxtəlif ölkə nümayəndələri, təmsil etdikləri ölkələrin təşkilatlatlarının layihələri ilə iştirakçıları yaxından tanış ediblər. Toplantı çərçivəsində söz alan ATGTİ nümayəndələri qeyd ediblər ki, bu gün Azərbaycan gəncləri mədəniyyətlərarası dialoq sahəsində geniş fəaliyyət təcrübəsinə malikdir və ölkə gənclərimiz bu sahənin inkişafında davamlı fəaliyyətə hazırdılar.
MDB və Avropa tələbələrinin Bakıda müxtəlif layihələrdə bir araya gəldiklərini qeyd edən ATGTİ nümayəndələri bu ilin mayında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayında ilk dəfə keçirilən universitetlər arasında "Univision" mahnı müsabiqəsi haqda məlumat verərək, 2013-cü ildə ATGTİ-nin bu yarışmanı beynəlxalq səviyyədə keçirməyi planlaşdırdığını vurğulayıblar. Öz növbələrində Bolqarıstan və Makedoniya təmsilçiləri "Univision" layihəsinə maraq göstərərək, layihənin növbəti dəfə reallaşdırılması və öz ölkələrinin layihədə iştirakında maraqlı olduqlarını bildiriblər.
Sonra T.Məmmədli ATGTİ ilə Avropanın digər tələbə təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində informasiya mübadiləsinin önəmini də vurğulayıb. ATB –nin İdarə heyətinin təmsilçilərinin sözlərinə görə onlar ATGTİ-nin internet məkandakı fəaliyyətini yaxından izləyir və bu formada aparılan işi müsbət qiymətlədirirlər.
Ölkənin ən böyük tələbə təşkilatı olan ATGTİ bu gün beynəlxalq əlaqələrini müxtəlif ölkələr istiqamətində, aktiv formada inkişaf etdirir. MDB, Avropa, Asiya, Afrika, və hətta cənubi Amerika tələbə-gənclər təşkilatları arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri qurur. İndoneziya, Pakistan, İtaliya, Serbiya, Almaniya, Qazaxıstan, Rusiya, Litva və s. ölkələrin Bakıdakı səfirləri ilə birbaşa görüşlər keçirən ATGTİ yeni uğurlar qazanmağa hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB