"Azərbaycanda insan haqlarının qorunmasına dair qanunlar qəbul edilib və uğurla həyata keçirilir. Bununla belə, Ermənistanın təcavüzü nəticəsində təqribən 1 milyon nəfər azərbaycanlının hüququ, adi hüququ olan yaşamaq hüququ belə pozulub". Bunu SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı ölkəmizdə insan haqlarının qorunması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistanda tarixi torpaqlarında yaşayan azərbaycanlılar zorakılıqla qovularaq qaçqına çevrilib, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarından azərbaycanlılar məcburi köçkün olublar: "Ermənistan bu şəxslərin hüquqlarını kobudcasına pozaraq özünü BMT sənədlərində insan hüquqları haqqında qəbul edilən 11 bəyannaməyə qarşı qoyub".
Beynəlxalq təşkilatların Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı verdikləri qeyri-obyektiv rəyə münasibət bildirən millət vəkili hesab edir ki, bu məsələlərin heç bir əsası yoxdur: "Azərbaycanda insan haqlarının qorunması məsələsini digər ölkələrlə müqayisə etmək olar. Elə ölkələr var ki, günorta vaxtı belə şəhər sakinləri parkın ortası ilə keçib gedə bilmirlər. Azərbaycan isə insanların rahat yaşaması, təhlükəsiz həyat sürməsi, ictimai- siyasi və digər fəaliyyətlərlə məşğul olması baxımından ən etibarlı ölkələrdən biridir".
Qeyd edək ki, bu gün 10 dekabr "Beynəlxalq İnsan Haqları" günüdür. İlk dəfə olaraq insan haqqına Fransada 1789-cu ildə qəbul edilən "İnsan və vətəndaş haqqları haqqında deklarasiya"da rast gəlinir. Keçən əsrdə insan haqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT təşkilatı tərəfindən qəbul olunan "İnsan hüqüqları haqqında ümumi deklarasiya" olub. 1950-ci ildən başlayaraq isə 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB