Sağlam gəncliyin yetişməsi dövlətimizin əsas vəzifəsidir

YAP Qaradağ rayon təşkilatında gənclərlə görüş keçirilib
Sağlam gəncliyin yetişməsi dövlətimizin əsas vəzifəsidir

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və YAP Gənclər birliyinin təşkilatçılığı ilə ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə partiyanın rayon təşkilatında gənclərlə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP GB-nın sədri Seymur Orucov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev və digər qonaqlar iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin rayonun mərkəzindəki Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir YAP Qaradağ rayon təşkilatında davam etdirilib.

YAP GB-nın sədri Seymur Orucov çıxış edərək bildirib ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olub: "1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub".

S.Orucov diqqətə çatdırıb ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib: "Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət isə ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir".

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev isə bildirib ki, Azərbaycanda müstəqillik dövrünün ilk illərində hökm sürən hərc-mərclik şəraitində çox sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meylləri öz əksini tapmışdı. Lakin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atdı: "Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Prezident Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi".

YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da ölkəmizdə gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini dilə gətirib: "Bu gün cəmiyyətimizin kreativ və intellektual kəsimini təşkil edən gənclərimiz ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində təmsil olunurlar. Bu gün ölkəmizin aparıcı gənclərinin böyük əksəriyyətinin YAP-ın ətrafında birləşməsi sevindirici bir hal kimi qiymətləndirilməlidir".

Tədbirdə digər çıxış edənlər də YAP GB-nın üzvü Tapdıq Qurbanlı, YAP Qaradağ rayon təşkilatı gənclər birliyinin üzvü Arzu Hüseynova, Emin Şixəliyev, Şahlar Hüseynov və s. dövlətimizin gənclər siyasətindən, ölkə başçısının cəmiyyətimizin bu təbəqəsinə olan diqqətindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə