Azərbaycanın güc imkanları, o cümlədən malik olduğu coğrafi mövqe, hərbi-iqtisadi imkanlar və siyasi iradə ona imkan verib ki, dünya siyasətinin təyin edilməsində bilavasitə iştirak etsin. Azərbaycanın müstəqil xarici siyasəti, onun daxili siyasətinin məntiqi davamıdır. Biz beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində hər zaman fəal iştirak etmişik. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Avrasiya coğrafiyasının mərkəzində olmaqla Şərq və Qərb sivilizasiyalarının dialoq platformasına çevrilib. Belə dialoq bəşəriyyətdə müxtəlifliyin əhəmiyyətini göstərməklə fərqliliyə qarşı dözümlülüyü təbliğ edir. Azərbaycan eyni zamanda Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatının üzvü kimi həm Qərb, həm də Şərq dəyərlərini özündə birləşdirən və inkişaf etdirən, xüsusi əhəmiyyətə malik bir dövlətdir. Bu, Azərbaycan dövlətinin qədim tarixi xüsusiyyətlərindən irəli gəlir. Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan, hər iki region arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafında mühüm amilə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan tolerantlıq nümunəsi olaraq mədəniyyətlərin, dini nüfuz dairələrinin və ədəbi cərəyanların qovuşması məkanı olmuşdur. Ulu Öndər Heydər Əliyevin qətiyyətlə hazırlayıb həyata keçirdiyi Qərbə inteqrasiya strategiyası bizim tarixi rolumuzu bərpa etməyə, Avropa dəyərlərini milli mənəvi dəyərlərlə uzlaşdırmağa və gələcək inkişafımızın möhkəm əsaslarını hazırlamağa imkan verib. Azərbaycanın əldə etdiyi tarixi naliyyətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, qlobal və regional çağırışlara cavab verərək ölkəmizin dünya nizamında öz mövqelərini gücləndirməsi üçün Prezident İlham Əliyev "Azərbaycan – 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə fərman imzalayıb. Bu sənəd 2020-ci ilə qədər olan dövrdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin olunması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi, mədəni irs və ətraf mühitin qorunması məsələlərini əhatə edir".
Ramiz Mehdiyev konsepsiya layihəsinin əsas mahiyyəti haqqında məlumat verib: "Konsepsiya layihəsində qeyd olunub ki, nəzərdə tutulmuş hədəflərin reallaşması baxımından institusional potensialın gücləndirilməsi özündə üç əsas istiqaməti ehtiva edəcək: dövlət sektorunda insan resurslarının inkişaf etdirilməsi, elektron-hökumət fəaliyyətlərinin genişləndirilməsi, institusional islahatların davam etdirilməsi. Azərbaycan dövləti bundan sonra da vətəndaş cəmiyyətinin davamlı inkişafına münbit şərait yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB