Millət vəkili imza günü keçirdi

Aydın Mirzəzadənin “Qarabağ düyünü” kitabının təqdimatı olub
Millət vəkili imza günü keçirdi

Bu gün Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadənin "Qarabağ düyünü" kitabının imza-satış günü keçirilib. SİA xəbər verir ki, "Park-Bulvar" ticarət və əyləncə mərkəzində keçirilən təqdimat mərasimində kitaba böyük maraq göstərən çoxsaylı oxucu kütləsi iştirak edib.

Kitabda "Dağlıq Qarabağ bölgəsinin tarixi", "Problemin hazırkı vəziyyəti", "Xocalı faciəsi XX əsrdə dünyanın ən ağır qətliamlarından biridir", "Ermənistanın sonrakı taleyi Dağlıq Qarabağ probleminin həllindən asılıdır", "Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələri", "Dağlıq Qarabağ probleminin həllinə dair Azərbaycanın mövqeyi", "Ermənistan məşhurlarının etirafları", "Ermənilər özləri haqqında" adlı bölmülər yer alıb.

Kitab müəllifi Aydın Mirzəzadə bildirib ki, kitabda tarixi sənədlərə və beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə dair qərar və qətnamələrinə, mövzu ilə bağlı əlavə materiallar yerləşdirilib. Burada həmçinin 18 xəritə, 70 şəkil yer alıb ki, onların bir qismi ilk dəfədir işıq üzü görür. Bundan əlavə, ermənilərin İrandan indi Ermənistan ərazisinə köçürüldüyünü fakt kimi sübut edən A.Qriboyedovun Rusiya Çarına məktubu da yer alıb.

Həmçinin millət vəkili deyib ki, kitab gələn ildən başqa dillərə tərcümə edilərək xarici ölkələrdə yaşayan oxuculara təqdim olunacaq. Gələcəkdə bu mövzu ilə bağlı oxucuda Dağlıq Qarabağ və onun ətrafında yaranan problem haqqında düzgün təəssürat yarada bilən daha çox yeni tədqiqat əsərlərinin olmasını arzulayıram. Hesab edirəm ki, Azərbaycanın bu məsələdə tutduğu mövqe Dağlıq Qarabağ probleminin tezliklə həllinə gətirib çıxaracaq".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə