YAP-ın yaradılmasının özü tarixi zərurət idi

Musa Quliyev: "Yarandığı vaxtdan keçən qısa bir müddət ərzində YAP iqtidara gəldi
YAP-ın yaradılmasının özü tarixi zərurət idi

Yeni Azərbaycan Partiyası (YAP) iqtidarda olduğu müddətdə ölkəmizin bütün sahələrində uğurlara imza atıb. İlk növbədə ölkədə çox böyük ictimai-siyasi sabitlik yaranıb və iqtisadi sabitlik təşəkkül tapmağa başlayıb. Bunu SİA-ya millət vəkili Musa Quliyev bildirib.

Deputatın sözlərinə görə, məhz bundan sonra ölkədə sosial sahədə böyük islahatlar həyata keçirildi və bununla da xalqın maddi-sosial rifahı yüksəlməyə başladı: "YAP-ın yaradılması Azərbaycan xalqının, dövlətinin tarixində ən əlamətdar hadisələrdən biridir. 1992-ci il tarixində Azərbaycanın dövlətçiliyi təhlükə qarşısında qalarkən hərc-mərclik, iqtisadi-sosial böhran davam etdiyi bir dövrdə Azərbaycan xalqı özünün yeganə xilaskarı dahi şəxsiyyət Heydər Əliyevə böyük ümid bəsləyirdi. Və ölkə xalqının arzu və istəyi, qəhrəman övladlarının dəyanəti hesabına Naxçıvanda ulu öndər Heydər Əliyevin səyi nəticəsində YAP yaradıldı. Daha sonra partiyanın proqramı və nizamnaməsi hazırlandı və təşkilat formalaşmağa başlandı".

M.Quliyevin sözlərinə görə, təşkilatın fəaliyyəti ilk dövrlərdə çox çətin bir şəraitdə davam edib: "Çünki o vaxt hakimiyyətdə olan Xalq Cəbhəsi- Müsavat cütlüyü YAP-ın yaradılmasına imkan vermirdilər. Bununla belə onlar partiyaya üzv olan, partiya yaratmaq istəyən insanları təqib edirdilər, işdən çıxarırdılar və həbs edirdilər. Məhz bu şəraitdə YAP yaradıldı. Bu partiyanın yaradılmasının özü belə tarixi zərurət idi. Yarandığı vaxtdan keçən qısa bir müddət ərzində partiya iqtidara gəldi. Həmin dövrdən bu yana, yəni ötən 20 il ərzində bəlkə də yeganə partiyadır ki, bütün seçkiləri qələbə ilə başa vurub. Bu da istər prezident seçkiləri olsun, istər parlament, bələdiyyə seçkiləri YAP özünü xalqımızın inamı sayəsində özünü doğruldub. Qısa müddət ərzində bizim dövlət büdcəmiz yüz dəfəyə yaxın artıb. Artıq 2013-cü il Dövlət büdcəsi 25 milyard ABŞ dolları təşkil edir. Cənab prezident İlham Əliyevin də dediyi kimi biz qarşımıza əsas məqsəd qoymuşuq ki, Azərbaycanda sosial rifah dövləti quraq".

Bütün xəbərlər Facebook səhifəmizdə