Nüfuzlu siyasi qüvvə

Zaqatalada Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib

Bu gün Zaqatala rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbir iştirakçıları öncə müasir dövlətimizin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzdülər. Dövlət Himni səsdəndirildikdən sonra yubiley tədbirində Yeni Azərbaycan Partiyasına həsr olunan "Zərurət" filmi nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov çıxışında partiyanın ötən dövr ərzində qazandığı uğurlardan bəhs edərək YAP-ın 20 illik fəaliyyətinin Azərbaycan tarixində qürur doğuran səhifələrdən olduğunu qeyd etdi. H.Qurbanov bildirib ki, Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 19 il bundan əvvəl yaradılmış YAP şərəfli yol keçmiş, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ulu Öndər Heydər Əliyevin ideyaları, onun zəngin siyasi irsi, inkişaf konsepsiyası dönməz və əbədi olan müstəqilliyimizin yollarını daim işıqlandırır. YAP Zaqatala rayon təşkilatının fəaliyyəti barədə məlumat verən H.Qurbanov vurğulayıb ki, hazırda YAP Zaqatala rayon təşkilatı özündə 71 ərazi ilk partiya təşkilatını birləşdirir. Hesabat dövründə partiya üzvlərinin sayı 7000 nəfərə çatıb. Üzvlərin 3697 nəfərini qadınlar, 2840 nəfərini gənclər təşkil edir. Son vaxtlar partiya sıralarına qəbul olunanların keyfiyyət tərkibinə, ərazi ilk təşkilatlarının işinin yaxşılaşdırılmasına ciddi diqqət yetirilir. Təşkilat üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər.

Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas olub. M.Əhmədzadə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP-ın ötən 20 il ərzində dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətlərinin olduğunu vurğulayıb. "Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru addımlayır".

Milli Məclisin deputatı Kamilə Babayeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası ötən 20 ildə şərəfli bir yol keçib. YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyanın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək tədbir iştirakçılarını və rayon təşkilatının bütün üzvlərini YAP İcra Katibliyi adından təbrik edib. V.Rəhimzadə partiyanın yaranma tarixinə geniş nəzər salaraq zamanın çətin sınaqlarından çıxmış Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini xüsusi vurğulayıb. Siyasi Şurasının üzvü yaradıcısı ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrildiyini bildirib. "Partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, ümummilli liderimiz Heydər Əliyev olub. Bu gün partiyanın nüfuzunun daha da yüksəlməsinin bir səbəbi də ondadır ki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir".

Milli Məclisin üzvü Hikmət Atayev mərasim iştirakçılarını bu tarixi yubiley münasibəti ilə təbrik edərək, partiyanın Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki fəaliyyətindən bəhs edib. "1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev qısa zaman ərzində mövcud problemləri aradan qaldırdı və müasir, qüdrətli Azərbaycanın əsasını qoyub".

Sonra YAP sıralarına yeni qəbul olmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub. Partiyaya yeni üzv olan Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının tələbəsi Aksana Bayramlı YAP sıralarına daxil olduğundan məmnunluğunu ifadə edib. O bildirib ki, Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin işıqlı zəkasından qidalanır. Partiyanın üzvü olaraq YAP-ın həyata keçirdiyi siyasəti dəstəkləyəcəyinə, bu yolda əlindən gələni əsirgəməyəcəyinə söz verib.

Tədbirin sonunda YAP-ın yaranmasının 20 illiyi münasibətilə rayonun ictimai həyatında fəal iştirak etmiş partiya üzvlərinə mükafatlar təqdim olunub.

Qeyd edək ki, tədbir Zaqatala rayon incəsənət ustalarının çıxışı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə