Bu gün Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) təşkilatçılığı ilə "Müstəqilliyimizlə birgə addımlayan Yeni Azərbaycan Partiyası" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans iştirakçıları əvvəlcə ulu öndərin Heydər Əliyev parkında ucaldılmış abidəsi önünüə tər çiçəklər qoyub və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.
Daha sonra mərkəzin elektron lektoriya zalında YAP-ın keçdiyi şərəfli yol haqqında film nümayiş etdirilib. Suraxanı RİH-nın başçısı İlqar Abbasov tədbiri giriş nitqi ilə açaraq bildirib ki, YAP 1992-ci ildə ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətin doğurduğu zərurətdən yaranan siyasi təşkilatdır. Qeyd olunub ki, müstəqillik qazanıldıqdan sonra başlanan dövlət quruculuğu prosesi çox böyük problemlər və çətinliklərlə həyata keçməyə başlayıb: "Bunların bir qismi Ermənistanın ölkəmizə ərazi iddiaları irəli sürməsi və bu məqsədlə hərbi təcavüzə əl atması nəticəsində Azərbaycanın torpaqlarını işğal etməsi ilə bağlı idi. Müstəqil dövlət quruculuğu üçün ciddi maneə yaradan digər problem isə həmin dövrdə səriştəsiz və təsadüfi adamların Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmələri ilə bağlı olub".
İ.Abbasov bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə gəlməsi ilə Azərbaycanın müstəqilliyinin başının üstünü almış qara buludların çəkilməsinə səbəb oldu. Heydər Əliyevi hakimiyyətə dəvət edən xalq əslində onun qayıdışı ilə sabitliyin, əmin-amanlığın bərpa olunmasını təsəvvür edirdi: "Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan uğurla inkişaf edir və ölkəmizin hər bir vətəndaşı bu inkişaf prosesinə öz töhfələrini verə bilir".
Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov söz alaraq, YAP-ın keçdiyi şərəfli yol haqqında qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası ötən 20 ildə formalaşmış və dünyanın siyasi cəmiyyətinə daxil olmuş bir partiyadır: "1995-ci ildə parlament seçkilərindən sonra YAP Milli Məclisdə çoxluq təşkil etdi. Bu siyasi hadisə Azərbaycanın gələcək uğurlarının təməlini qoydu. Bu gün Azərbaycanın ümumi daxili məhsulu 65, büdcəsi 25, hərbi xərcləri isə 3.5 milyard ABŞ dollarına bərabərdir. Demək olar ki, son 7-8 ildə büdcəmiz 10 dəfə artıb. Hesab edirəm ki, YAP bu rəqəmlə fəxr edə bilər. Çünki hakimiyyətdə olan partiyanın rəhbəri, ölkə prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan iqtisadi baxımdan regionda aparıcı bir dövlətə çevrilib. Eyni zamanda, Azərbaycan inkişafda olan ölkə olsa da bəzi göstəricilərə görə hətta ən çox inkişaf edən ölkələri belə ötüb".
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə çıxış edərək tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, 1992-ci ilin bu günündə zərurətdən yaranan partiya ümummilli lider Heydər Əliyevin düşünülmüş addımları və analitik təfəkkürü sayəsində indiki uğurlara imza atıb: "Nəticə etibari ilə hazırda nəinki Azərbaycanda, o cümlədən Cənubi Qafqazda gedən siyasi proseslər Yeni Azərbaycan Partiyasının iştirakı olmadan aparıla bilmir. Görkəmli siyasi xadim Heydər Əliyev həyata keçirdiyi uğurlu siyasi kursu layiqincə davam etdirən İlham Əliyevin səyi nəticəsində isə partiya üzvlərinin sayı durmadan artır".
B.Quliyev qeyd edib ki, o dövrdə "Səs" qəzeti tarixi bir missiyanı yerinə yetirib: "Səs" qəzeti 91 ziyalının ümummilli lider Heydər Əliyevə müraciətini dərc etdi. Ulu öndər də "Səs" qəzeti vasitəsilə ziyalılara cavab ünvaladı. Bununla da xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldi".
Daha sonra YAP Suraxanı rayon Gənclər Birliyinin sədri Zəkiyyə Musayeva, Qadın İnkişaf Mərkəzinin vitse-prezidenti Şövkət Xanməmmədova, Mədəniyyət və Turzim nazirinin birinci müavini Vaqif Əliyev və digərləri çıxış edərək YAP-ın ölkənin ictimai-siyasi həyatında oynadığı fəal roldan danışıblar.
Konfransın sonunda YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri, YAP-ın yaranmasının 20 illiyi münasibəti ilə bir qrup YAP Suraxanı rayon təşkilatı fəalına isə xatirə hədiyyəsi verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB