Qadınlar Şurası YAP-ın 20 illiyini qeyd edib

Qadınlar Şurası YAP-ın 20 illiyini qeyd edib

Bu gün Yeni Azərbaycan Patiyası (YAP) Qadınlar Şurası partiyanın yaradılmasının 20 illiyi ilə əlaqədar tədbir keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş nitqi ilə YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva açaraq bildirib ki, bu gün dünya yeniləşir və bu proses Azərbaycandan da yan keçməyib. Ona görə də, gələcəyimiz olan gənclərin sağlam ruhda tərbiyə olunması qadınlarımızın üzərinə düşən vacib vəzifələrdən biridir. N.Əliyeva bildirib ki, qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir və bütün dövrlərdə gənclərin vətənpərvər, sağlam ruhda böyuməsində onların rolu böyük olub.

O qeyd edib ki, YAP-ın sıralarında birləşən on minlərlə qadın cəmiyyətimizdə nüfuza sahibdirlər və bu vəzifələrin öhdəsindən layiqincə gəlmək iqtidarındadırlar.

Şura sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə YAP öz xalqının mənəvi potensialını üzə çıxararaq daxili və xarici siyasətini qurub.

Ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə 1995-ci ildə YAP Qadınlar Şurasının yaradılması cəmiyyətimizi saflaşdırmaq üçün qoyulan bir ənənə idi. Dahi şəxsiyyət hər zaman qadınların cəmiyyətdə aparıcı bir qüvvə olduğunu söyləyib: "Bu ənənələr müstəqil Azərbaycan dövlətinin həyatına gətirilən ənənələrdir".

Milli Məclisin vitse-spikeri Bahar Muradova isə deyib ki, Azərbaycanda bütün çağırış Milli Məclis üzvü olan qadınlar öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəliblər. Onun sözlərinə görə, parlamentin xanım üzvləri müxtəlif beynəlxalq təşkilatlarla qurulan və inkişaf etdirilən əlaqələrdə ən mühüm yerlərdən birini tuturlar. Milli Məclisin vitse-spikeri ölkədə bəzi hallarda qadınların inkişafını əngəlləyən erkən nikah, məişət zorakılığı kimi məqamların olduğunu və onlarla mübarizə aparmağın mühüm olduğunu bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə çıxışı zamanı dördüncü çağırış Milli Məclisin qadın millət vəkillərinin ölkənin demokratik inkişafında öz töhgələrini verəcəklərinə ümidvar olduğunu bildirib. Hüseynova bildirib ki, qadınlar öz nüfuzunu saxlamaq üçün daha çox çalışmalıdırlar: "YAP üzvləri arasında qadınların sayı 48 faiz təşkil edir və bu da partiyanın fəaliyyətində qadınların rolunun göstəricisidir. O qeyd edib ki, YAP daima yeniliklər gətirərək Azərbaycanın daha da inkişafına nail olub".

YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov isə tədbirdə bildirib ki, partiya üzvlərinin təxminən yarısı qadınlardır və onların da yarıdan çoxu müəllimlərdir: "Hazırda partiyanın 600 minə yaxın üzvü var. Qarşıda bizi prezident seçkiləri gözləyir. Şübhəsiz ki, bu gün hər kəs prezident kimi İlham Əliyevi görür".

Daha sonra Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, partiyanın sıraların bu sayda qadınların qoşulması ümumən Azərbaycanda qadınların ictimai-siyasi həyatda aktivliyinin göstəricisidir: "Bu gün YAP Azərbaycan cəmiyyətində özünün güclü mövqeyinə təkcə ona görə sahib deyil ki, 600 minə yaxın üzvü var, ona görə sahibdir ki, rasional, müdrik düşüncə hökm sürür".

Toplantıda çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanın 20 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir. Əli Əhmədovun sözlərinə görə, bu yolun hər bir uğurunda, qələbəsində bütövlükdə YAP-ın və onun hər bir üzvünün özünəməxsus töhfələri var. "YAP-ın sıralarında fədakar qadınlarımız var. Cəmiyyəti qadınlarsız təsəvvür etmək mümkün olmadığı kimi, bugünkü Azərbaycan cəmiyyətində özünə möhkəm yer tutmuş YAP-ı da qadınlarsız təsəvvür etmək mümkün deyil. Qadınların partiyamızda fəallığı hər şeydən əvvəl onların ictimai-siyasi fəallığı ilə əlaqədardır. Bu fəallıq qadınların partiyamızın sıralarına gəlməsini şərtləndirir", - deyə, YAP Sədrinin müavini vurğulayıb.

Tədbirdə həmçinin, Milli Məclisin deputatı Sahibə Qafarova, professor Rəna Əliyeva çıxış edərək YAP-ın 20 illik fəaliyyəti haqqında fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə