"Rusları Avropada sevmirlər və bu səbəbdən də illərdir, viza rejimini götürmək barədə aparılan rəsmi danışıqlar iflasa uğrayır". SİA-nın məlumatına görə, bunu Millət vəkili Zahid Oruc Avropa ilə Rusiya arasında yaşanan hadisələrə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, bizlər şimal qonşumuza etnomədəni və siyasi cəhətdən bələd olsaq da, qərblilərin ruslara münasibətinin dərin köklərini araşdırmaq heç də pis olmazdı: "Avropada inanmırlar ki, SSRİ dağılandan sonra bu ölkədə nəsə dəyişib. Hesab olunur ki, həbsxanalar yenə əqidə dustaqları ilə doludur, DTK-çılar yenə hakimiyyətdədir və çar Nikolay, Stalin, Andropov və Putin eyni üsulla hakimiyyəti idarə edirlər. Onlara belə gəlir ki, sərhədlər tam açılsa bütün rus alkoqolikləri, banditləri və mütəşəkkil cinayətkarlar Avropanın dincliyini pozacaqlar və öz bədbəxtliklərini qərblilərin həyatına yükləyəcəklər. Xarici analitiklərin rəyinə görə, əgər bircə gün ruslara kütləvi keçid üçün icazə versələr, onlar xoşbəxtlik axtarışı ilə hamılıqla potensial miqrantlara çevriləcəklər. Sonra isə onları geri qaytarmaq mümkün olmayacaq. Bu rusofobiyanın tarixi səbəblərini heç də əsassız saymaq olmaz, çünki həmişə köməyi və xilaskarı kənarda axtaran, ağa və kölə münasibətlərinin yetirməsi olan bir millətin psixologiyasında əqli gerilik, tənbəllik və qəddarlıq kök salmış olur.Təhkimçilik hüququndan çıxmış bir cəmiyyət üçün həmişə totalitar hakimi-mütləqə bir tabeçilik psixologiyası formalaşır. Çarın idarəetmə stili, qiyamçı Leninin, qulaq məhbus düşərgəsinin sahibi Stalinin, intriqaçı Brejnevin, parlamenti gülləbaran edən sərxoş Yeltsinin və sonuncu kəşfiyyatçı Putinin xalqla ünsiyyət dili, hakimiyyət fəlsəfəsi arasında çoxlu oxşarlıqlar tapmaq mümkündür. Avropalıılar çox böyük ambisiyaları olan, sərt üslublu nitqi ilə Qərbi hədələyən və daim tənqid edən Putinin timsalında rusdan qorxur və onu sevmir. Bütün bu yanaşmaların zirvə nöqtəsi isə budur ki, Qərbdə düşünürlər ki, Rusiyada kim öz vətənini həqiqi məhəbbətlə sevirsə, o ya qərb kökənlidir, ya da ki, qərbbaxışlı. Rusun liberal intelegensiyasına heç vaxt sona qədər inam olmayıb. Onlar öz mədəni identifikasiyasını hara ilə bağlamaq üzərində bu gün də savaşırlar. Duqinin tirajlandırdığı Avrasiya nəzəriyyəsi təkcə geosiyasi layihə deyil, həm də bu xalqa uyğun mədəni məkan tapmaq üçündür. Millət olmaqdan öncə vətəndaş kimi formalaşa bilməmək həmişə Qərblə münaqişə və uyuşmazlıq doğuracaq".
Z.Oruc bildirdi ki, gürcü qəzetlərindən biri Rusiyadakı çox da mötəbər olmayan statistikaya istinad edərək yazır ki, ildə 50 mindən artıq qətl və ağır cinayətlər baş verirsə, bu təkcə o ölkənin kriminal durumunu deyil, həm də mental dəyərlərindəki problemləri əks etdirir: "Rusun Avropa simasını nə ilk kosmonavtika, nə faşizmdən xilaskarlıq, nə də ki dünya ədəbi-mədəni irsinə böyük Rusiyanın təqdim etdikləri ilə dəyişmək mümkün olmur. Hamıda şübhə doğuran, hamısı potensial "KQB"şnik olan bu obrazlar hələ uzun müddət şimal qonşumuza münasibəti müəyyən edəcək. Bəs rusun obrazı bizdə necədir? Vətənimizi ikiyə bölmüş, imperiyaya respublikamızı qataraq müstəqilliyimizə son qoymuş, "20 yanvar və 26 fevralı" təqvimizdə qara rəngləmiş Rusiya siyasi elitasına baxmadan sadə azərbaycanlı qəlbində rusa ehtiram və hörmət var. Onlar birgə iş qurur, gələcək həyatlarını bağlayır və keçmişi nostalgiya ilə xatırlayırlar. Düşünürsünüz ki, bizi rusla evlənməyə sovet hokuməti vadar edirdi? Bəs indi bu sevginin səbəbi nədir? Məncə avropalılar böyük rus qəlbini bizimkilər qədər bilə bilməzlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB