Problemin həllinə şərait yaranacaq

Qüdrət Həsənquliyev: “Humanitar forumların keçirilməsi ölkəmiz üçün son dərəcə əhəmiyyətlidir”
Problemin həllinə şərait yaranacaq

Azərbaycanda bu kimi Humanitar forumların keçirilməsi ölkəmiz üçün son dərəcə əhəmiyyətlidir. SİA-nın xəbərinə görə, bunu Səstv-yə müsahibəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Bakıda keçirilmiş II Bakı beynəlxalq Humanitar forumun nəticələrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu forum uzun illər ərzində müstəqil dövlətçilik təcrübəsinə malik olan demokratiyanın formalaşdığı ölkələrin təmsilçiləridir: "Bu foruma gələnlərin əksəriyyəti eks-prezidentlər, tanınmış ictimai-siyasi xadimlər, Nobel mükafatçıları idilər. Bunların özləri dünyada tanınan şəxslərdirlər. Bunların Azərbaycana dəvət olunması və ölkəmizin uğurlarını öz gözləri ilə görməsi, gündəlik insanların həyatlarını müşahidə etmələri, ayrı-ayrı yerlərdə, əyləncə mərkəzlərində olmaları Azərbaycan haqqında onlarda müəyyən fikirlərin formalaşmasına gətirib çıxarır. Hesab edirəm ki, onlar bir çox məsələlərlə bağlı öz təcrübələrini bölüşürlər və bu da bizim demokratik cəmiyyət qurmağımızda, Qərb dəyərlərinin mənimsənilməsində yardımçı olacaq".

Partiya sədri ümid edir ki, bu cür humanitar forumların keçirilməsi Azərbaycanda islahatların həyata keçirilməsinə, siyasi mədəniyyətin yüksəlişinə, Dağlıq Qarabağ probleminin həllinə şərait yaradacaq: "Hər kəsə məlumdur ki, biz Ermənistan kimi düşmən mövqedə dayanan biri ilə üz-üzə dayanmışıq. Cənab prezident İlham Əliyevin də dediyi kimi çoxmədəniyyətlilik bir çox Avropa siyasətçiləri tərəfindən qəbul olunmur. Onlar bu sivilizasiyalararası danışığı, mədəniyyəti mümkünsüz sayırlar. Həmin insanlar İslam və Şərq mədəniyyətinin Avropa mədəniyyəti ilə eyniləşdirilməsini mümkünsüz hesab edirlər. Hesab edirəm ki, belə tədbirlər mütəmadi keçirilməlidir. Ümid edirik ki, həmin tədbirə qatılan siyasətçilər öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıracaq.

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirdi ki, bu forumun ikinci dəfə ölkəmizdə keçirilməsi Azərbaycan üçün mühüm bir addım kimi dəyərləndirilməlidir: "Bu humanitar forum çərçivəsində keçirilən toplantılar və burada ayrı-ayrı müstəvilərdə müzakirə olunan mövzular, dünyanın elm, siyasət adamlarının bu iclaslarda iştirakı təqdirəlayiq bir hal kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, orada müzakirə olunan mövzular tək Azərbaycan üçün deyil bütövlükdə müasir dünyamız üçün bir çox istiqamətlərdə, humanitar problemlərin mövcud olduğu dünya üçün çox önəmlidir. Bununla belə forumun nəticəsi olaraq qəbul olunan birgə bəyannnamə xüsusi il vurğulanmalıdır. Bəyannamədə qeyd olunan müddəalar, ayrı-ayrı istiqamətlər üzrə səsləndirilən fikirlər bugünkü dünyada bir sıra qlobal problemlərin həlli istiqamətində bir mesaj kimi qəbul olunmalıdır. Bu forum təşkilatçılıq baxımından çox əhəmiyyətli idi".

Bütün xəbərlər Facebook səhifəmizdə