Prezident Beynəlxalq Humanitar Forumunun açılış mərasimində iştirak edib

Prezident Beynəlxalq Humanitar Forumunun açılış mərasimində iştirak edib

Bu gün Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları beynəlxalq ictimai-siyasi fikri formalaşdırmaq iqtidarında olan tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, mötəbər beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələridir.

2010-cu ilin yanvarında Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin təşəbbüsü ilə Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul olunmuş qərara əsasən, 2011-ci il oktyabrın 10-11-də "XXI əsr: ümidlər və çağırışlar" şüarı altında Birinci Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunmuşdu.

Forum multikulturalizmin nailiyyətləri və problemləri, dünyanı dəyişən müasir texnologiyalar, elmlərin konvergensiyası, biotexnologiyalar və etikanın problemləri, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual mövzular üzrə fəal müzakirələr və fikir mübadiləsi ilə yadda qalıb.

Azərbaycan Prezidenti Forum iştirakçılarının mövqeyini ifadə edən Bakı Bəyannaməsini dəstəkləyərək və tədbirin beynəlxalq miqyasda qaldırdığı problemlərin aktuallığını nəzərə alaraq, 2011-ci il oktyabrın 24-də "Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında" sərəncam imzaladı. Sərəncama əsasən, Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsi qərara alındı.

Forumun həmtəsisçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.

Bakı Beynəlxalq Humanitar Forumunun əsas məqsədi humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaqdan ibarətdir.

Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün nəzəri və tətbiqi platforma yaratmaqdır.

Tədbirin nəticəsi beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlərdə təcəssüm olunur.

Qeyd edək ki, ikinci Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak edirlər. Onlardan 10 nəfəri sabiq dövlət başçısı,11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru (Emeritus professor), 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimai və siyasi xadimdir.

Forumda müxtəlif ölkələrdən olan görkəmli elm və mədəniyyət xadimlərinin, o cümlədən Nobel mükafatı laureatlarının iştirakı ilə aşağıdakı istiqamətlər üzrə "dəyirmi masa"lar təşkil olunacaq:

• İqtisadi inkişaf modellərinin humanitar aspektləri;

• Konvergensiya edən texnologiyalar və gələcəyin konturları;

• Müasir KİV-lər və yeni çağırışlar;

• Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi;

• XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar;

• Müasir təbabətə və molekulyar biologiyaya baxışları dəyişən texnologiyalar;

• Multikulturalizm və mədəni özünüdərk;

• Cəmiyyətin həyatında multikulturalizm.

İkigünlük Forum çərçivəsində qonaqlar üçün Azərbaycanın paytaxtı Bakı şəhəri və ölkənin regionları, Azərbaycan xalqının zəngin mədəni irsi və incəsənəti ilə tanış olmaq üçün geniş proqramlar təşkil olunacaq.

Forum işini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə