Xalqın xilaskarı

Ümummilli Liderimiz Heydər Əliyevin 3 oktyabr 1993-cu ildə Prezident seçilməsi xalqın arzularının təntənəsi günü oldu

Tarixdə elə nadir şəxsiyyətlər olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, bütöv bir ölkənin "olum, ya ölüm" dilemması qarşısında qaldığı anlarda ölçüyəgəlməz bir məsuliyyəti öz üzərinə götürməkdən çəkinmirlər. Onlar bu böyük missiyanı şərəflə yerinə yetirərək "Xilaskar" adını qazanırlar. Tanrının bəxş etdiyi xoşbəxtlikdir ki, onlardan biri XX əsrdə Azərbaycan xalqının tarixinə öz adını qızıl hərflərlə yazdırmış Ulu Öndər Heydər Əliyevdir. 19 il öncə - 1993-cü il oktyabr ayının 3-də Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi hadisə ilə bağlı fikirlərini "Səs" qəzeti ilə bölüşən Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının sədrləri və üzvləri Ümummilli Liderimiz Heydər Əliyevin 3 oktyabr 1993-cu ildə Prezident seçilməsini xalqın arzularının təntənəsi günü kimi qeyd etdilər.

Mehriban Abasquliyeva: "1993-cü il oktyabr ayının 3-də Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu"

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirdi ki, noyabrın 21-i Yeni Azərbaycan partiyasının təsis olunması günüdür. Düz 20 il öncə Azərbaycan ağır duruma düşmüşdü. Ölkə siyasi və iqtisadi böhran keçirirdi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti "Səs" qəzetində dərc olundu. Bu müraciət, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndər Heydər Əliyev xalqın müraciətini qəbul etdikdən sonra 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Ümummilli Liderimizin Sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarxində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. 1993-cü il oktyabr ayının 3-də Azərbaycanda prezident seçkiləri keçirildi və Azərbaycan xalqının böyük və mütləq əksəriyyəti azad, demokratik, ədalətli şəkildə keçirilən seçkilərdə Ulu Öndərin qayıdışına, siyasətinə səs verdi. Qeyd edim ki, 1993-cü il oktyabr ayının 3-də Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. 1998-ci ildə Ulu Öndər xalqın əksər səs çoxluğu ilə yenidən Azərbaycan xalqının Prezidenti seçildi. Əgər 1993-cü il seçkiləri Azərbaycan dövlətçiliyinin ciddi sınaq mərhələsi idisə, 1998-ci il seçkiləri artıq formalaşan dövlətimizin imtahanı sayılırdı. Çünki həyata keçirilən islahatlar nəticəsində "Xalq-Heydər, Heydər-Xalq" ifadəsi Prezident və xalq birliyinin möhtəşəm formuluna çevrilmişdi.

Nəcəf Novruzov: "Mövcud gəncliyimizin əksər çoxluğu Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin davamçılarıdırlar"

Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan dairələrin siyasi səbatsızlıqları gənclərlə iş sahəsində də ciddi problemlərin yaratdığını bildirdi: "Yalnız 1993-cü ilin yayında Azərbaycan xalqını qardaş qırğınından, dövləti isə məhv olmaqdan xilas edən Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqı, 1993-cü ildə olduğu kimi, 1998-ci ildə də düzgün seçim etdi. Ölkənin bütün sahələrində irəliyə doğru dönüş yarandığı kimi, gəncliyin fəaliyyətində də müsbət dəyişikliklər baş verdi. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan dairələrin siyasi səbatsızlıqları gənclərlə iş sahəsində də ciddi problemlər yaratmışdı. Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın istək və tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə irəliyə doğru dönüş yarandığı kimi, gəncliyin fəaliyyətində də müsbət dəyişikliklər baş verdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasətinin istiqamətləri müəyyənləşdirilərək uğurla həyata keçirilməyə başlandı. 1996-cı ilin fevralında Azərbaycan gənclərinin I Forumu keçirildi. Forumda Ulu Öndər Heydər Əliyevin proqram xarakterli çıxışı hər bir gəncin qarşısında duran vəzifələri müəyyənləşdirməklə bərabər onların problemlərinin həlli sahəsində hərtərəfli tədbirlərin görülməsini də vəzifə kimi qarşıya qoydu. Ulu Öndər Heydər Əliyev Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni "Gənclər Günü" elan etdi. Sonrakı illərdə belə forumların keçirilməsi sistemli hal aldı.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla həyata keçirir. 2007-ci ilin "Gənclər ili" elan edilməsi isə gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi. "Gənclər ili"ndə həyata keçirilən bütün tədbirlər gənclərimizin cəmiyyətin həyatında fəallığının artırılmasına mühüm töhfələr verdi. Məsuliyyəti artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin real həyata vəsiqə qazanmasına öz töhfələrini verir. Çünki mövcud gəncliyimizin əksər çoxluğu Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin davamçılarıdırlar.

Aydın Hüseynov: "Azərbaycan iqtisadiyyatının inkişaf təməlini Ulu Öndər Heydər Əliyev qoydu"

YAP Siyasi Şurasının üzvü, rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, 1993-cü ilin may-iyununda ölkədə siyasi-iqtisadi böhranın son dərəcə kəskinləşməsi nəticəsində vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq Onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı". Tarixdən yaxşı məlumdur ki, əgər dövlətin, xalqın daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən, xalqı öz arxasınca aparmağı bacaran şəxsiyyət yoxdursa, həmin ölkənin gələcəyindən nikbin ruhda danışmaq çətin olar. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Ulu Öndər Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Akademik Ramiz Mehdiyevin göstərdiyi kimi: "1993-cü ilin ortalarında, Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra milli transformasiyanın dördüncü mərhələsi başlandı - modernləşdirmə mərhələsinə başlamağın əsası qoyuldu. Onun mahiyyəti Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına keçməsində və demokratik islahatların həyata keçirilməsində idi ki, bu da beynəlxalq aləmdə ölkənin dünya siyasətinin subyekti kimi tanınması ilə nəticələndi".

A.Hüseynov onu da vurğuladı ki, Azərbaycan dövlətinin qarşısında duran ali məqsədə nail olunması, ilk növbədə iqtisadi sabitliyin də təmin olunmasını tələb edirdi: "Çünki həyat bütün kəskinliyi ilə iqtisadi islahatların da sürətləndirilməsini tələb edirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Sərt və çevik pul-kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Ölkədə özəlləşdirmə proqramının həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafını sürətləndirdi, iqtisadi tənəzzülün qarşısı nəinki alındı, hətta 1996-cı ildə onun artımına nail olmaq mümkün oldu. Qısa zamanda Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa və lider olmağa başladı. Beləliklə də, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı qlobal zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxardı. Dövlət başçısı cənab İlham Əliyev demişdir: "Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir".

Ramiz Şabanov: "1993-cü il iyunun 9-da Bakıya Ulu Öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi"

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov XX əsrin sonlarında olduğu kimi, o ağır illərdən əvvəl Azərbaycan tarixinin taleyüklü məsələlərlə dolu bir dövrünün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı: "Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan Ulu Öndər Azərbaycan xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olmuş, geniş vüsət alan inkişaf proseslərinə təkan vermişdir. Ümummilli Lider ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışmış və hansı sahədə çalışmasından asılı olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə diqqəti cəlb etmişdir".

R.Şabanov 1992-ci ildə AXC-Müsavat hakimiyyəti dövründə yaranmış dözülməz şəraiti, ölkənin vətəndaş müharibəsi, parçalanma və dağılma təhlükəsi ilə üzləşdiyin deyərək bildirdi ki, Ermənistanın hərbi təcavüzünün genişlənməsi qəti addımların atılmasını, hakimiyyətin etibarlı əllərə tapşırılmasını tələb edirdi: "Əlbəttə, xalqının görkəmli oğlu, alovlu vətənpərvər bu acı hadisələrə laqeyd qala bilməzdi. Geniş ictimaiyyətin davamlı çağırışlarını nəzərə alan Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Məhz həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Həmin il oktyabrın 3-də isə Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi. Ümummilli Liderimiz hakimiyyətə qayıdandan cəmi bir il sonra - 1994-cü ildə dərindən düşünülmüş neft strategiyasının reallaşdırılmasını təmin edən "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açaraq, dinamik inkişafın təməlini qoydu. Müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada bənzəri olmayan sürətlə davamlı inkişfına zəmin yaratdı".

Rayon təşkilatının sədri onu da söylədi ki, Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib: "Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Dahi Şəxsiyyətin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Həyatımızın elə bir sahəsi yoxdur ki, Ulu Öndərimizin rəhbərliyi illərində inkişafa nail olunmasın. Həm də bu inkişaf sadəcə olaraq prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq əhəmiyyətli keyfiyyət dəyişilikləri ilə müşaiyət olunan sıçrayış xarakterli yeniləşmə formasında özünü biruzə verir. Bu baxımdan, hər birimizin bu zəngin irsi öyrənmək vəzifə borcumuz olmaqla yanaşı, onu gənc nəsillərə də aşılamaq olduqca vacibdir".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə