Milli Məclis payız sessiyasına başlayır

Bu gün Milli Məclisin payız sessiyası başlayır. Milli Məclisin komitələrinin sessiya öncəsi keçirilmiş iclaslarında qəbul olunmuş qərarlar göstərir ki, parlamenti səmərəli fəaliyyət gözləyir. Komitələrdə payız sessiyasında müzakirəyə çıxarmaq üçün bir sıra qanun layihələri hazırlanıb. Yaz və növbədənkənar iclaslarda müzakirəyə çıxarılıb birinci və ikinci oxunuşdan keçən bəzi sənədlər də payız sessiyasının qanunvericilik işlər planına daxil edilib.

Sessiyanın ilk iclasının gündəliyinə daxil olan məsələlər məlumdur. Bu iclasda deputatlar 17 məsələyə baxacaqlar. Bunlar payız sessiyasının qanunvericilik işlər planının təsdiqlənməsi, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında, dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı yubiley medalının təsis edilməsi haqqında, "Dövlət qulluğu haqqında", "Əmək pensiyası haqqında" "Milli Arxiv Fondu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və digər qanunlara dəyişikliklərlə bağlı məsələlərdir.

Ümumiyyətlə, payız sessiyası ərzində deputatlar qanunların qəbulu, sənədlərə dəyişikliklərlə bağlı müzakirələr aparacaq, təşəbbüslərlə çıxış edəcəklər. Mühüm qanun layihələrindən biri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi tərəfindən hazırlanıb. Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, payız sessiyasında "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi mövcuddur. Ancaq ötən əsrin 90-cı illərində qəbul olunan bu qanunun yenidən işlənib hazırlanması zərurəti yaranıb. Layihə ilə bağlı artıq komitəyə bir neçə rəy təqdim edilib. Bütün rəylər daxil olduqdan sonra sənəd komitədə müzakirəyə çıxarılacaq və sonra parlamentin plenar iclasına tövsiyə olunacaq.

Təhlükəsizlik və müdafiə komitəsi tərəfindən "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun layihəsi də hazırlanıb. Sənədin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu komitə tərəfindən Azərbaycanın iqtisadi inkişafı üçün zəruri olan, rəqabət sahəsində ciddi yeniliklərə səbəb olacaq Rəqabət Məcəlləsinin layihəsi işlər planına daxil edilib. Qərara alınıb ki, bu sessiya çərçivəsində layihə üzərində işlər sürətləndirilsin və bu il başa çatdırılsın. Ziyad Səmədzadə sessiya müddətində əvvəlcə 2013-cü ilin büdcə paketi müzakirə olunacağını, "Təhsil krediti haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Qiymətləndirmə haqqında" qanun layihələrinin parlamentin plenar iclasına təqdim ediləcəyini də bildirib. Həmçinin komitə "Dövlət rüsumu haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara redaktə xarakterli dəyişikliklər edib və hər iki sənəd Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planına daxil edilib.

Sosial siyasət komitəsi parlamentin payız sessiyasının gündəliyinə iki qanun layihəsi - "Reproduktiv sağlamlıq haqqında" və "Sosial sifariş haqqında" qanun layihələrini daxil edəcək. Komitənin sədri Hadi Rəcəbli bildirib ki, payız sessiyası dövründə Ailə və Əmək məcəllələrinə dəyişikliklər də nəzərdə tutulur. Bu dəyişikliklər əsasən gənc ailələrin sosial müdafiəsi, nikaha daxil olan şəxslərdən tibbi arayışın tələb edilməsi, ali və orta ixtisas məktəblərində təhsil alan hər iki valideynini itirmiş uşaqların təhsil haqlarının dövlət tərəfindən ödənilməsi kimi məsələləri ehtiva edir.

Payız sessiyasında komitə tərəfindən "Məcburi tibbi sığorta haqqında" qanun layihəsinin də müzakirə ediləcəyi gözlənilir. Eyni zamanda, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik də ediləcək. Bu dəyişikliklə bağlı məlumat verən Hadi Rəcəbli qeyd edib ki, qanunun əmək pensiyasının baza hissəsinə əlavələr adlı maddəsində 3-cü qrup əlillərlə bərabər, Böyük Vətən müharibəsi iştirakçılarına yaşa görə əmək pensiyasının baza hissəsinin 90 faizi məbləğinin ödənilməsi təklif olunur. Mövcud qanunvericiliyə əsasən hazırda Böyük Vətən müharibəsi iştirakçılarına yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində əlavələr ödənilir. Komitə sədrinin sözlərinə görə, təklif olunan dəyişikliklər əhalinin sosial müdafiəsini daha da gücləndirəcək. Sözügedən qanuna təklif olunan digər dəyişikliklər isə fövqəladə hallar orqanlarında xidmət keçənlərin əmək pensiyaları ilə bağlıdır. Belə ki fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərə də yaşa görə əmək pensiyası hüququ veriləcək. Komitə həmçinin "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının mühafizəsi üzrə komissiyalar haqqında Əsasnamədə" dəyişikliklər olunmasına dair qanun layihəsini də payız sessiyasının qanunvericilik işlər planına daxil edib. Bu dəyişikliyə əsasən xüsusi komissiyalara qanun əsasında müəyyənləşmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaq hüquqlarının təminatına dövlət nəzarətini həyata keçirmək, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatı təhlil etmək, nəticələri qiymətləndirmək, həmin hesabat barədə komissiyanın yekun rəyini müvafiq icra hakimiyyəti orqanına təqdim etmək, normativ-hüquqi aktlara uyğun olaraq uşaq müəssisələrində monitorinqlər keçirmək səlahiyyətləri də veriləcək.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, payız sessiyasında "Bələdiyyələrin hesabatları haqqında" qanun layihəsi, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" qanun layihəsi, "Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə" qanun layihəsi, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.

Payız sessiyasında "Elm siyasəti haqqında" və "Ali təhsil haqqında" qanun layihələri də müzakirəyə çıxarılacaq. Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev qeyd edib ki, "Elm siyasəti haqqında" qanun layihəsinin qəbulu gələcəkdə Azərbaycan elminin inkişafına böyük töhfə verəcək. Onun sözlərinə görə, qanun layihəsi çox mürəkkəb bir sənəddir və bu layihə elm sahəsində problemlərin qanun müstəvisində həll olunmasına şərait yaradacaq.

"Ali təhsil haqqında" qanun layihəsi də vacib sənəd hesab olunur. Komitə sədrinin sözlərinə görə, hələ ötən sessiyada sözügedən sənədin hazırlanıb müzakirələrə təqdim olunması nəzərdə tutulmuşdu. Demək olar ki, işçi qrupu səviyyəsində artıq qanun layihəsinin ilkin variantı işlənib hazırlanıb. Komitə həmin sənədi də payız sessiyasının sonlarınadək hazırlayıb başa çatdırmağı nəzərdə tutur.

Mədəniyyət komitəsinin 2012-ci il payız sessiyası ilə bağlı qanunvericilik işləri planına iki qanun layihəsi daxil edilib. Komitənin sədri Nizami Cəfərov deyib ki, bunlar "Mədəniyyət haqqında" və "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihələridir. Yeri gəlmişkən, "Mədəniyyət haqqında" qanun layihəsi ilk oxunuşda parlamentin yaz sessiyasında müzakirə edilərək qəbul edilib. Payız sessiyasında sənəd ikinci oxunuşda müzakirəyə çıxarılacaq. "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi Mədəniyyət komitəsinin üzvü Rafael Hüseynov tərəfindən hazırlanıb. Həmin qanun layihəsinin payız sessiyasında birinci oxunuşda müzakirəyə çıxarılması gözlənilir.

Bundan başqa, Mədəniyyət komitəsi tərəfindən iki qanuna dəyişikliklərlə bağlı layihələr də parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil edilib. Bunlar "Milli Arxiv Fondu haqqında" və "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələridir. Qeyd edək ki, dəyişiklik Dövlət Arxiv Fondunun xüsusi hissəsi ilə bağlıdır. Yeni dəyişikliyə görə, Azərbaycan Respublikasının milli təhlükəsizlik, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər, fövqəladə hallar və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçiriləcək.

İkinci sənədlə bağlı təklif olunan dəyişikliyə əsasən isə tarixi abidələrin təsdiqlənmiş siyahısından abidənin adının çıxarılması müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla digər müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Mövcud variantda isə göstərilir ki, Azərbaycan Respublikasının tarix və mədəniyyət abidələrinin təsdiqlənmiş siyahısından adlarının çıxarılmasına yol verilmir.

Aqrar siyasət komitəsində payız sessiyası zamanı müzakirə olunacaq məsələlərdən biri "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsidir. Qanun layihəsi artıq birinci oxunuşdan keçib və bu sessiyada ikinci oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulur. Bu barədə məlumat verən Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevin sözlərinə görə, 2012-ci ilin payız sessiyası zamanı Aqrar siyasət komitəsində bir sıra qanunlara əlavə və dəyişikliklərlə bağlı məsələlərin müzakirəsi də gözlənilir. Komitənin təqdimatı ilə "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi də Milli Məclisin plenar iclasında müzakirə olunacaq./anspress.com/

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...