"Azərbaycanın hələ Avropa İttifaqına üzv olmaq niyyəti yoxdur. Biz ən qabaqcıl və ali Avropa təcrübəsini Azərbaycana transformasiya edəndən sonra ölkə rəhbərliyi buna qərar verə bilər". SİA-nın xəbərinə görə, bu sözləri Bakıda keçirilən "Körpülərin salınması" beynəlxalq konfransında çıxışı zamanı Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
O qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa 1996-cı ildə başlayıb və ötən dövrdə müxtəlif danışıqların müxtəlif əməkdaşlıq proqramlarının 30 maddəsi üzrə artıq razlılığa gəlinib. Lakin təəssüf ki, bu günədək Dağlıq Qarabağ maddəsi üzrə razılığa gəlinməyib: "Biz bununla bağlı ilkin versiyanı təqdim etmişik, lakin hələ cavab almamışıq".
M.Məmmədquliyev Avropa İttifaqının Dağlıq Qarabağ məsələsindəki mövqeyi ilə Azərbaycanın razı olmadığını da deyib. O bildirib ki, bu günədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların aydın mövqeyi, konkret ismarıcı ortada olmayıb: "Baxmayaraq ki, başqa münaqişələrlə bağlı Avropa İttifaqının konkret mövqeyi olub, Azərbaycana gələndə deyirlər ki, ATƏT-in Minsk qrupunun bu məsələdə mövqeyini dəstəkləyirik, onların hər hansı qərarını verməsini gözləyirik. Bu mövqe kifayət etmir, çünki Ermənistan bu cür yanaşmalardan istifadə edərək münaqişənin həlli prosesini uzadır".
Nazir müavini eyni zamanda qeyd edib ki, Azərbaycanın Aİ ilə bütöv əməkdaşlığı mümkün ola bilər, lakin əsas maneə Qarabağ məsələsidir.
O həmçinin Avropa İttifaqı ilə əməkdaşlığa toxunaraq bildirib ki, Azərbaycan Cənub Qaz dəhlizinin həyata keçirilməsinin tərəfdarıdır: "Burada Azərbaycan həm təchizatçı, həm tranzit ölkə kimi iştirak etmək istəyir".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB