Prezident İlham Əliyev: "Azərbaycan Avropanın əsas tərəfdaşıdır"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Parisdə Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan iş adamları ilə görüşüb. SİA-nın AzərTAc-a istinadən veridiyi məlumata görə, dövlət başçısı görüşdə çıxış edərək dəvətə görə təşəkkürünü bildirib: "Burada, Parisdə köhnə dostları görmək çox xoşdur. Mən MEDEF-də bizim əvvəlki görüşlərimizi xatırlayıram. Bu təmaslar Azərbaycan və Fransanın aparıcı şirkətləri arasında iqtisadi sahədə güclü tərəfdaşlıq münasibətlərinin yaradılmasına çox kömək etmişdir. Parisə yenidən gəlməyimə çox şadam. Dünən mənim Prezident Olland ilə görüşüm oldu. Biz bir çox məsələlər ətrafında, əlbəttə ki, çox uğurla inkişaf etməkdə olan ikitərəfli siyasi əlaqələrə dair səmimi və açıq müzakirələr apardıq. Bizim görüşümüz siyasi əlaqələrimizin strateji xarakter daşıdığını bir daha sübut etdi.
Biz dostuq, tərəfdaşıq və həm ikitərəfli münasibətlər səviyyəsində, həm də beynəlxalq arenada fəal şəkildə əməkdaşlıq edirik. Xüsusilə də Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndən sonra həm beynəlxalq məsələlərlə, həm də regionda və dünyada qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ölkələrimiz arasında əlaqələr daha da fəallaşıb.
Qeyd etdiyiniz kimi, siyasi əlaqələrlə yanaşı, biz həm də ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələri müzakirə etdik. Bu əlaqələr də çox uğurla inkişaf edir. Sizin də qeyd etdiyiniz kimi, dünən mən Luvr Muzeyində İslam incəsənəti bölməsinin açılışında iştirak etmişəm. Bu gün biz Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak edəcəyik. Bu, Azərbaycandan kənarda açılan ilk mədəniyyət mərkəzidir. Ötən il biz Bakıda yeni fransız məktəbinin təməlini qoyduq. Mən bir çox başqa tədbirləri, sərgiləri, mədəniyyət sahəsində mübadilə, konsertlər və digər mühüm tədbirləri qeyd edə bilərəm ki, bunlar da işbirliyi həyata keçirmək üçün gözəl şərait yaradır.
Ümumilikdə siyasi əlaqələr və açıq, səmimi münasibətlər iqtisadi əməkdaşlıqda mühüm rol oynayır. Ona görə də biz çox şadıq ki, təkcə siyasi sahədə deyil, xalqlar arasında əlaqələr, mədəniyyət sahəsində də möhkəm əməkdaşlıq əlaqələri qurmuşuq. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığa gəlincə, qarşılıqlı ticarətdə dinamik inkişaf qeydə alınır, hazırda bu göstərici 4,6 milyard dollar təşkil edir və getdikcə artır. Gələcəkdə biz ticarət əlaqələrinin daha da şaxələndirilməsinin şahidi olmaq istərdik. Hesab edirəm ki, enerji sektorundan kənar əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.
Azərbaycanın yürütdüyü enerji siyasəti region hüdudlarını aşır. Bu gün biz Avropanın enerji təhlükəsizliyi məsələləri ilə bağlı Avropadan olan tərəfdaşlarımızla birgə fəaliyyət göstəririk və Fransanın "Total" və "GDF-Suez" kimi şirkətləri bizim uzunmüddətli tərəfdaşlarımızdır. Biz qarşıdakı planları və layihələri həyata keçirmək üçün birgə çalışırıq.
Azərbaycanın böyük neft və qaz ehtiyatları, artıq şaxələndirilmiş boru kəməri infrastrukturu var. Biz yeni kəmər sistemi üzərində işləyirik. Bu kəmər bizdə olan və gələcəkdə olacaq qazı müxtəlif istiqamətlərə ixrac etməyə imkan verəcək. İqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda, enerji təchizatı marşrutlarının şaxələndirilməsi bizim üçün son dərəcə vacibdir. Şadıq ki, enerji siyasətində də maraqlarımız avropalı tərəfdaşlarımızla üst-üstə düşür. Təbii qaz məsələsinə gəlincə, Azərbaycan Avropanın əsas tərəfdaşlarından birinə çevriləcək. Neft məsələsinə gəldikdə, Avropa İttifaqının bəzi üzv dövlətlərinin enerji balansında Azərbaycan neftinin payı 30 faizdən artıqdır. Onun əsas hissəsi nisbətən yeni mənbədən əldə olunur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Artıq qeyd etdiyim kimi, biz yeni boru kəməri sistemi üzərində iş aparırıq. Bu layihədə, xüsusilə də regionun və Avropanın enerji xəritəsini əhəmiyyətli şəkildə dəyişəcək TANAP layihəsində Fransa şirkətlərini tərəfdaş kimi görməyə şad olardıq.
İqtisadi göstəricilərə nəzər saldıqda, düşünürəm ki, iqtisadiyyatın şaxələndirilməsinə nail ola bilmişik. Bu, bir sıra rəqəmlərdə də özünü göstərmiş, xüsusilə də bu ilin altı ayının göstəricilərində öz əksini tapmışdır. Qeyri-enerji sektorunda ümumi daxili məhsulun həcmi 10 faizdən çox artıb. Ümumilikdə son 8 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artıb. Yaşayış səviyyəsi yaxşılaşıb, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 7 faizə düşüb, işsizlik səviyyəsi 5,4 faiz təşkil edir. Xarici borc ümumi daxili məhsulun təxminən 7 faizi həcmindədir. Biz 9,3 milyon əhalisi olan ölkədə bir milyondan artıq yeni iş yeri açmışıq, işsizlik 5-10 il bundan əvvəl olduğu kimi, ciddi problem deyil. Beynəlxalq maliyyə institutları da nailiyyətlərimizi və problemlərimizi yaxından izləyir. Şadıq ki, maliyyə böhranı dövründə üç aparıcı reytinq agentliyi - "Standard & Poors", "Fitch" və "Moody's" Azərbaycanın kredit reytinqini qaldırıb. Davos İqtisadi Forumunun dünya ölkələrinin rəqabətlilik göstəricisi üzrə sonuncu siyahısında Azərbaycan 46-cı yerdədir. Bu da region ölkələri, bütün qonşularımız arasında ən yüksək göstəricidir.
Gələcəkdə biz qeyri-enerji sektoruna daha çox diqqət ayıracağıq. Çünki düşünürəm ki, enerji sektorunda qarşımıza qoyduğumuz bütün məqsədlərimizə çatmışıq və hazırda icra edəcəyimiz layihələrə artıq start verilmişdir. Növbəti on il üçün məqsədlərimiz iqtisadiyyatın modernləşdirilməsi, şaxələndirilməsi, sənayeləşdirilməsi, kənd təsərrüfatına, informasiya texnologiyalarına, xüsusilə, kosmik texnologiyaya investisiyaların yatırılmasıdır. Yeri gəlmişkən, fransız şirkətləri bizə bu sahədə yardım edirlər. Bu, növbəti on il üçün hədəfimiz olacaq.
Artıq qeyd etdiyim kimi, son 8-9 il ərzində biz ümumi daxili məhsulu üç dəfə artırmağa, ölkədə müasir infrastruktur yaratmağa nail olmuşuq. Növbəti on il ərzində, davamlı inkişaf onilliyində, bizim hədəfimiz qeyri-enerji sektorunda ümumi daxili məhsulu iki dəfə artırmaqdır. Düşünürəm ki, qarşıdakı on ildə bu, mümkün olacaqdır. Zənnimcə, transformasiya sahəsində təcrübəmiz, dünyanın aparıcı şirkətləri ilə güclü əlaqələrimiz sayəsində buna nail ola biləcəyik.
Uzun illərdir Fransa şirkətləri bizim ölkədə uğurla fəaliyyət göstərir. Enerji sektorunda onlar investor, digər sektorlarda iş podratçısı kimi fəaliyyət göstərirlər. Əlbəttə ki, biz Fransa şirkətlərini qeyri-enerji sektorunda investor kimi görmək istərdik. Düşünürəm ki, bunu etmək üçün yaxşı potensial mövcuddur. Çünki iqtisadiyyat inkişaf edir, yeni imkanlar yaranır, Azərbaycan regional mərkəzə, təkcə siyasi deyil, həm də iqtisadi mərkəzə çevrilir. Azərbaycan regionda tarazlaşdırıcı rol oynayır. Düşünürəm ki, Azərbaycana investisiya yatırmaq imkanlarının dəyərləndirilməsi Fransa şirkətləri üçün maraqlı olacaq. Eyni zamanda, biz onları podratçı kimi də görmək istərdik. Mən bizimlə fəal şəkildə çalışan bir çox Fransa şirkətinin adını çəkə bilərəm. Dünən Prezident Olland ilə görüşdə bildirdim ki, səfərdən əvvəl köməkçim mənə Azərbaycandakı Fransa şirkətlərinin fəaliyyəti ilə bağlı broşür təqdim etdi. Güman edirəm ki, bir neçə ilə şirkətlərin adları olan kitab nəşr ediləcək. Bunlar bizim planlarımızdır. Mən həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığımızın səviyyəsindən məmnunam. Əməkdaşlığımız çox mehriban, gözlənilən və möhkəmdir.
Azərbaycan açıq ölkədir. Bu ölkədə bizneslə məşğul olmaq cəlbedicidir. Hazırda Azərbaycanda ümumi daxili məhsulun 80 faizi özəl sektorun payına düşür. Burada çox liberal iqtisadi nizamlama mövcuddur. Biz Dünya Bankının "Doing Business" proqramında aparıcı ölkələr sırasındayıq. Ölkədə çox əlverişli investisiya mühiti mövcuddur. Adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan keçmiş sovet ölkələri arasında birinci yerdədir. Bu il biz Azərbaycana, iqtisadiyyatımıza 20 milyard dollar həcmində birbaşa sərmayələrin yatırılacağını gözləyirik. Hazırda xarici və yerli investisiyalar arasında nisbət dəyişib. Sərmayələrin 70 faizi yerli yatırımlardır. Bu, o deməkdir ki, şirkətlərimizin rəqabətliliyi artır.
Yeri gəlmişkən, Azərbaycan xaricdə böyük investisiya layihələrinə start verib. Regionda biz ilk növbədə Türkiyə iqtisadiyyatına milyardlar yatırırıq. Növbəti beş il ərzində bu, təxminən 20 milyard dollara çatacaqdır. Biz Gürcüstanda bir nömrəli investoruq. Dövlət Neft Şirkəti Gürcüstanda ən böyük vergi ödəyicisidir. Bundan əlavə, biz Avropa İttifaqına üzv ölkələrə, keçmiş Sovet İttifaqı ölkələrinə investisiya yatırmağı planlaşdırırıq. Biz, həmçinin maliyyə resurslarımızı da şaxələndiririk, bu da çox mühümdür.
Azərbaycan və Fransa şirkətləri arasındakı əlaqələrin tarixini nəzərə alaraq, qarşıdakı illərdə biz üçüncü ölkələrdə hətta müştərək investor kimi fəaliyyət göstərə bilərik.
Mən Azərbaycan haqqında danışaraq daha çox vaxtınızı almaq istəmirəm. Bilirəm ki, əksəriyyətiniz bizim ölkədə olub, ölkəmizlə bağlı öz təəssüratlarınız vardır. Azərbaycanda olmayanları mən bizneslə məşğul olmaq imkanlarını öyrənmək və tərəfdaşlığımızı möhkəmləndirmək üçün ölkəmizə dəvət edirəm".
Prezident İlham Əliyev Bakı metrosunun, xüsusilə mavi xəttin gələcəyi haqqında ünvanlanan sualı da cavablandırıb: "Bizim Bakı metrosu üçün böyük inkişaf planımız var. Bir müddət öncə mənim sədrliyim ilə məsələ ilə bağlı böyük konfrans keçirdik və Bakı metrosunun inkişafı üzrə Dövlət Proqramı qəbul edildi. Hələlik bizim, daha dəqiq desək, hazırda 23 metro stansiyamız vardır. Onların əksəriyyəti sovet dövründə tikilib. Amma son bir neçə ildə biz hər il bir yeni metro stansiyası açırıq. Amma planlar daha genişdir.
Metronun böyük inkişaf planı 2030-cu ilə qədər əlavə 50 stansiyanın tikintisini nəzərdə tutur.
Bu, o deməkdir ki, biz çox işləməli olacağıq və bizə yaxşı tərəfdaşlar lazım olacaqdır. Yeri gəlmişkən, Fransanın "SYSTRA" şirkəti Bakı metrosunun böyük inkişaf planı üzərində işləyir.
Bu layihə bütövlüklə dövlət tərəfindən, dövlət büdcəsi hesabına maliyyələşdiriləcəkdir. Hər il biz bu məqsədlə əsaslı maliyyə vəsaiti ayırırıq. Yeganə məsələ onunla bağlıdır ki, bizə yaxşı podratçılar lazımdır. Bizim öz şirkətimiz var ki, hələlik Azərbaycan üçün metro tikir və onlar işi yüngülləşdirən yeni qazma qurğusu alıblar. Amma işin miqyasını, sürətini və 2030-cu ilə qədər çatmalı olduğumuz məqsədi nəzərə alaraq, bizim beynəlxalq podratçı şirkətlərə ehtiyacımız olacaqdır. Mən şadam ki, siz yerli şirkətlərlə birgə işləməyi planlaşdırırsınız, bu da bizim üçün çox vacibdir. Çünki biz, eyni zamanda, iqtisadi transformasiya prosesində xarici şirkətlərlə işləyirik və yerli şirkətlərimizin də beynəlxalq şirkətlərə çevrilməsini istəyirik.
"Bouygues Travaux Publics" kimi şirkətlə işləmək yerli şirkətlər üçün yaxşı təcrübə və peşəkar fəaliyyətlərində yaxşı tarixçə olacaqdır. Əgər bir gün onlar Azərbaycandan kənarda işləmək qərarına gəlsələr, onlar "Bouygues Travaux Publics"lə birgə layihə həyata keçirdiklərini tarixçələrində göstərə bilərlər. Mən bu yanaşmanı bütövlüklə dəstəkləyirəm və sizə uğurlar arzulayıram.
Metroda görüləcək işlər çox olacaqdır. Bu, Bakıda yaxın illərdə həyata keçiriləcək ən əsas infrastruktur layihələrindən biri olacaq".
Daha sonra dövlət başçısına su təsərrüfatı və kanalizasiya infrastrukturunun idarə olunmasına rəhbərlik edən nazirliyin belə ehtiyacların ödənilməsi üçün ixtisaslaşmış fransız şirkətlərinə müraciət edib-etməyəcəyi ilə bağlı sual verilib. Ölkə rəhbəri su və kanalizasiya layihələri ilə bağlı böyük planlarımız olduğunu diqqətə çatdırıb: "Bu problem bizdə hər zaman mövcud olub. Təəssüf ki, Bakının və Azərbaycanın digər şəhərlərinin heç vaxt kifayət qədər su təchizatı olmayıb. Sovet dövründə yaradılan sistem kifayət etməyib. Qeyd etməliyəm ki, bu sistem köhnəlib və bir çox çətinliklər yaradır. Bu məqsədlə biz təmiz su təchizatı ilə bağlı böyük proqram həyata keçirmək qərarına gəlmişik.
Suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalı və bütün şəhərlərimiz su ilə təchiz edilməlidir. Əlbəttə, Bakı birinci sıradadır, çünki o nəinki Azərbaycanın, hətta bütün Qafqazın ən böyük şəhəridir.
Proqram çox genişdir və bizim dövlət şirkətimiz "Azərsu" buna görə məsuliyyət daşıyır. Onlar "GDF-Suez" ilə işləyirlər, yenicə müzakirələr aparıblar. Ümid edirəm ki, tezliklə layihənin reallaşdırılması istiqamətində praktik addımlar atılacaqdır. Hədəfimiz 2013-cü ilin sonuna qədər Azərbaycanın bütün şəhərlərini su ilə tam təchiz etməkdir. Paralel olaraq müasir kanalizasiya sisteminin qurulması da həyata keçiriləcəkdir. Amma yəqin ki, bunu gələn ilin sonuna qədər etmək mümkün deyil, bəlkə də bu, daha bir neçə ilə başa gələcəkdir.
Bakı ilə əlaqədar məsələ daha mürəkkəbdir. Çünki biz təkcə maliyyə baxımından deyil, texniki nöqteyi-nəzərdən də çox şey etməliyik. İşin böyük hissəsi yenə də dövlət büdcəsindən maliyyələşəcəkdir. Bizim banklardan kreditlərimiz də var, hansı ki, layihəni daha tez həyata keçirməyə kömək edəcəkdir. Bu, növbəti illərin ən vacib infrastruktur layihələrindən biri olacaqdır. Ona görə ki, bütün digər infrastruktur layihələrinin bəziləri ya tamamilə yerinə yetirilib, ya da yeni elektrik stansiyalarının tikintisi, Azərbaycanın qazlaşdırılması, magistral və hətta kənd yollarının tikintisi kimi layihələr hazırda reallaşmaq mərhələsindədir.
Gələn beş il üçün su və kanalizasiya yüksək prioritet məsələ olacaqdır. Çünki biz bu layihəni mərhələlərlə reallaşdıracağıq. Qeyd etdiyim kimi, ilk mərhələ 2013-cü ilin, ikinci mərhələ 2016-cı ilin sonuna qədərdir. Buna görə də biz Fransa şirkətləri ilə əməkdaşlığı yüksək qiymətləndiririk. Biz artıq "GDF-Suez" şirkətinin nümayəndələri ilə onların digər ölkələrdəki təcrübəsini, onların bu layihələri necə həyata keçirmələrini müzakirə etdik. Bildiyimə görə, sizin şirkət də Azərbaycan ilə işləyir, həm də uğurlu şəkildə. Mən sizə uğurlar arzu edirəm. Biz bu layihə üzərində işləməyə davam edəcəyik. Ümid edirəm ki, növbəti illərdə bu problem daha olmayacaqdır. Çox sağ olun. Əlavə etmək istərdim ki, bizim görüşümüzdən sonra mən "Azərsu"ya sizin şirkətlə daha da yaxından işləmələri və layihənin icrasına başlamaları üçün tapşırıqlar verdim. Eyni zamanda, bütün dostlarımıza xatırlatmaq istərdim ki, bizim iki gün əvvəlki görüşümüzdə mən dedim ki, su təchizatı məsələsinə gəldikdə qarşımızda çox asan hədəflər durur: bizə 24 saat su təchizatı, 100 faiz əhatə dairəsi və Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən su lazımdır. Üç əsas, sadə məqsəd. Həmin məqsədlərə çatmaqla, düşünürəm, bu problem həmişəlik həll olunacaqdır. Bunun da insanların yaşayış şəraitinə, onların səhhətinə, ölkəmizin ümumi inkişafına çox ciddi təsiri olacaqdır. Çünki Azərbaycan çox sürətlə inkişaf edir. Müasirləşmə prosesi elə tez gedir ki, biz mövcud su təchizatının hazırkı vəziyyəti ilə barışa bilmərik. Lakin bir daha demək istərdim ki, bu problem bizim ölkədə həmişə olub.
Müstəqilliyimizin ilk illərində həll olunası digər daha ciddi məsələlər var idi və ola bilsin, buna görə də bu məsələ prioritet deyildi, üstəlik bu, çox baha idi. Biz özümüz-özümüzə sərmayə qoymağa başlamamışdan öncə, on ildən çox bir müddət ərzində beynəlxalq maliyyə təsisatları ilə aparılan danışıqlar əsaslı nəticə vermirdi. Su layihələrini büdcəmizə, dövlət sərmayə proqramlarımıza daxil etdikdən sonra beynəlxalq maliyyə təsisatları da buna maraq göstərdilər və daha fəal oldular. İndi dövlətin, bankların maliyyələşdirdiyi layihələrin yaxşı əlaqələndirilməsi mövcuddur və bu da sıx əməkdaşlıq əhval-ruhiyyəsi yaradır".
Dövlət başçısına verilən suallardan biri də, qolf meydançası tikintisi ilə bağlı olub. Prezident İlham Əliyev artıq bu tikinti layihəsinin icrasına başlandığını bildirib: "Qolf meydançalarının tikilməsi ilə bağlı layihələrimiz var və artq icrasına başlanıb. Hazırda iki meydança tikilir, amma Bakıda deyil, paytaxtdan 150-200 kilometr kənarda, dağlıq və yaşıl ərazidə. İki qolf meydançasının tikintisinə dair planlar vardır. Lakin bunlar özəl sərmayələrdir, dövlət sərmayələri deyil.
Dövlət sərmayələrinə gəldikdə isə, biz idman infrastrukturuna çoxlu vəsait yatırırıq. Ən iri idman və ya konsert zalı - "Chrystal Hall" yalnız "Eurovision" mahnı müsabiqəsi üçün inşa olunmuşdur. Bizim çox az vaxtımız var idi və beləliklə o, 9 aya tamamlandı. Bu, 17 mindən 20 minədək tutumu olan gözəl idman sarayıdır. Biz stadionlarımızı da müasirləşdiririk. Son on il ərzində Azərbaycanda 34 Olimpiya İdman Kompleksi inşa olunub ki, bu da bizim komandamızın London Olimpiadasında uğurlu çıxışının səbəblərindən biridir.
Bununla da idman bizim üçün sərmayələrin yönəldildiyi və diqqət mərkəzində olan, diqqət göstərilən əsas sahələrdən biri olmağa davam edəcəkdir. Bunun üçün də biz daha çox iş görəcəyik. Hazırda biz Qafqaz dağlarında yeni dağ-xizək istirahət kompleksinin tikintisinin son mərhələsindəyik. Bu da dövlət sərmayələrinin hesabına reallaşır. Çox güman ki, bu mövsümdə kompleks xizək həvəskarları üçün açılacaqdır. Bu, ən gözəl və ən rahat dağ-xizək istirahət komplekslərindən biri olacaqdır. Çünki bütün dağ-xizək istirahət komplekslərinin, həmçinin sizdə - Fransada, İsveçrədə, Avstriyada olanların da təcrübəsini öyrənmişik və insanlar üçün, idmançılar üçün, bu idman növünə üstünlük verən hər kəs üçün maksimal rahatlıq yaratmaq məqsədilə bütün bunların müsbət tərəflərini uyğunlaşdırmışıq. Bununla da biz bu sahədə daha çox layihələrin şahidi olacağıq və tərəfdaşlarla işləməyə hazırıq. Hazırda biz 60-80 min arasında tamaşaçı tutumu olan Olimpiya stadionunun inşasını planlaşdırırıq və tikinti yəqin ki, çox tezliklə başlayacaq.
Bizim çoxlu planlarımız var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB