Son vaxtlar dilimizin qorunması və inkişafı ilə bağlı qanunvericilikdə müəyyən addımlar atılır. Hətta Prezident İlham Əliyev tərəfindən xüsusi sərəncam da verilib. AMEA-da bu məsələ ilə bağlı professor Kamal Abdullanın təşkilatçılığı ilə maraqlı müzakirələr də aparılıb. Ancaq məsələnin mahiyyəti düzgün anlaşılmadığına görə, hansısa yekun layihəyə varmaq hələ ki, mümkün olmayıb. SİA-nın xəbərinə görə, bu fikirləri Böyük Quruluş Partiyasının sədri, Millət vəkili Fazil Mustafa "Facebook" sosial şəbəkəsində "Dil problemi"nə toxunarkən belə deyib.
"Məsələ ilə əlaqədar AMEA-dakı toplantıda da çıxış edərək bildirdim ki, öncə bir neçə suala cavab verməmiz lazımdır:
1) Azərbaycan Türkcəsinin potensialı qlobal dillərdən birinə çevrilmə üçün yetərlidirmi?
2) Əlifba siyasətimiz düzgündürmü?
3) Dilin qorunması deyəndə nə anlayırıq: qapıları bağlayıb dili tədric etməyəmi üstünlük verməliyik?
4) Dilin qorunması üçün canfəşanlığa və həyəcan təbilinə ehtiyac varmı?
5) Dilin tədrisi keyfiyyətcə qaneedicidirmi?", - deyə məsələni müzakirəyə çıxarıb.
F.Mustafanın fikrincə,1992-ci ildə əlifba islahatlarında tarixi səhvə yol vermişik. O zaman 60 milyonluq Türkiyənin işlətdiyi əlifbanı olduğu kimi götürüb ə, x, q kimi hərflərin səs əvəzləməsinə üstünlük verməliydik: "İlk dövr çətinliklər olacaqdı, ancaq unutmayaq ki, İngilis dili hərflərin çoxluğuna dayanmadan dünya dilinə çevrilib. Əlifba arealımızın indi 80+35 milyon əhali (bizə baxıb bəzi Orta Asiya ölkələri də bu addıma gedə bilərdilər) olacağını təsəvvürə gətirsəniz ayrı-ayrı türk dili qollarının necə qaynaşmasının faydasını görərdik. Ona görə də dilimizin potensialı qonşu dillərlə müqayisədə elə də güclü sayılmamalıdır. Fəlsəfə, Hüquq, İnformatika, Texnologiya, hətta tez-tez fəxr etdiyimiz bədii nəsr dilimiz də natamamlıqlarla doludur. Güney Azərbaycanda dilimiz basqı altında olub, ancaq bizim quzeydəkindən bir çox hallarda türkçəyə daha yaxın sayıla bilir. Bu isə o deməkdir ki, basqılar, qadağalar nə səviyyədə olursa-olsun xalq öz dilini evinin içində belə daha təmiz şəkildə yaşada bilir".
Millət vəkilinin sözlərinə görə, dilin tədrisinin keyfiyyəti də qaneedici olmaya bilər. Üstəlik dilin qorunması kimi şüarlar tarixən millətçiliyin ideoloji postulatlarının başında gəlib və bilimsəl bir mahiyyət daşımayıb: "Çünki, dil ayrı-ayrı çayların axdığı gölə bənzər. Bu çayların qarşısını kəsərsən, Aral gölü kimi təbiət faciəsi ortaya çıxar. Çox vaxt dilin qorunması altında insanların ingiliscə, yaxud rusca danışmağı adətə çevirdiklərindən gileylənirlər, əslində buna da təhlükə kimi baxmaq olmaz. Moda olaraq rus dilində məişətdə bir-biri ilə ünsiyyət qurmaq Bakıda xüsusilə adətdir, ancaq burada bir gerçək də var ki, insanların öz fikirlərini daha dəqiq ifadə etməsinə görə bu dillərin sinonim, antonim və başqa leksik komponentləri xeyli zəngindır. Çoxumuz, öz dilimizdə bir mövzunu izah edərkən, qarşılığını tapa bilmədiyimiz rus sözlərini işlətdiyimizi etiraf edə bilərik. Qısacası, qərarlar, tədbirlər düzgün müəyyənləşməsə bu məsələ keçici bir kampaniya kimi az sonra unudulub gedəcək".
Partiya sədri hesab edir ki, burada əsas addım tərcümə sistemində atılmalıdır. Dövlətin ciddi maddi dəstəyi ilə böyük tərcümə şəbəkəsi yaradılmalıdır: "Bütün xaricdə nəşr olunan texniki, humanitar xarakterli zəruri ədəbiyyatlar dilimizə çevrilməlidir. Məsələn, Türkiyədə son illərdə bütün sahələrə aid terminoloji inkişaf məhz bu yolla baş verib.Yalnız tərcümə şəbəkəsinin inkişafı ilə dildə sözlərin dəqiq qarşılığının tapılması, yeni terminlərin sabitləşməsi, fəlsəfə, hüquq, texnika, bir sözlə elmi və bədii dilin zənginləşməsi baş verə bilər. Təsəvvür edin ki, bir həftə öncə ABŞ-da nəşr olunan ədəbiyyat Türkiyədə dərhal tərcümə olunaraq yayılır. Dostoyevskinin, Tolstoyun eyni əsərinin 10 ayrı-ayrı müəllif tərcüməsi var. Hər biri də dilə ayrıca üslub və yeniləşmə gətirir. Hegelin, Kantın əsərləri də bu formada çevrilir. Bizdə daha çox bayağı yola əl atırlar. Televiziyada Türkiyə türkçəsini çevirməklə dilin qorunması illüziyasını yaradırlar. Əksinə Türkiyə türkcəsinin dilimizə yalnız faydalı qatılımı olacağını düşünürəm. Hətta Rus dilində, yaxud ingiliscə olan proqram və filimlərin alt yazı ilə öz dilimizdə verilməsini doğru sayıram. Dilimizi dünyaya çatdırmağın doğru yolunu tapmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB