Cümşüd Nuriyev: "Əli Kərimli "ar damarı partlamış" adamdır" AÇIQLAMA

"O Azərbaycan siyasətində bir "flaşka"dır"
Cümşüd Nuriyev: "Əli Kərimli "ar damarı partlamış" adamdır" AÇIQLAMA

"Əslində müxalifətdə təmsil olunan İsa Qəmbərlə Rəsul Quliyevin münasibətləri heç vaxt normal olmayıb. Rəsul Quliyev spiker seçiləndə də bir il ərzində İsa Qəmbərin gördüyü yararsız işlər barədə danışıb". Bunu SİA-ya açıqlamasında son günlər müxalifət düşərgəsində baş verən hadisələrə münasibət bildirən politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, onların bir-birinə qarşı məhəbbbəti yalnız zorla idi və bu siyasi izdivacın uzun sürəcəyi də inandırıcı deyildi. Ancaq onlar Azərbaycana daha çox ziyan verməkdən ötrü rəhbərliyi xaricdə olan baş mollanın təkidi ilə izdivaca girirdilər.

"Bu gün artıq müxalifət düşərgəsində çox qəribə bir vəziyyət yaranıb. Əli Kərimli özünü birmənalı şəkildə müxalifətin tək lideri elan edir. Halbuki, Əli Kərimli vaxtilə Əbülfəs Elçibəyin adında olan 2 milyon dolları öz adına keçirməklə AXCP-nin parçalanmasını gündəmə gətirdi. Bu gün AXCP-nin BAXCP, KXCP, Böyük Quruluş, Aydınlar, Demokratik İslahatlar partiyaları var. Bundan əlavə, gənclər də partiyadan ayrılaraq yeni qüvvə yaradıb və onun Demokratik Xalq Cəbhəsi Partiyası adlandırılması nəzərdə tutulur. Rəsul Quliyevin bu gün də Müsavatla üz-üzə gəlməsinin əsas səbəbi Müsavatın onun rəhbərlik etdiyi partiyadan daha mütəşəkkil olması ilə bağlıdır", - deyə o əlavə edib.

C.Nuriyev əlavə edib ki, Rəsul Quliyevin partiyasında Sülhəddin Əkbərə edilən transfer heç də uğurlu deyil. Onun fikrincə, Sülhəddin Əkbər təhlükəsizlik orqanlarında işlədiyi üçün onun İsa Qəmbərin layihəsi olmadığını kimsə istisna edə bilməz: "Vaxtilə Sülhəddin Əkbəri razılıq əsasında gündəmə gətirdilər. O da getdi Rəsul Quliyevin partiyasını tar-mar etməyə. Seçkiqabağı bu siyasət özünü göstərirdi. Hazırda isə İsa Qəmbərin ən azı kağız üzərində rəqibi var ki, bu da mətbuat rəqibidir".

Politoloq hər iki müxalifət lideri arasında müqayisə də aparıb. O hesab edir ki, ən azı Əli Kərimli həm bacarıq, həm də şəxsi göstəricilərinə görə İsa Qəmbərdən 100 addım geridədir: "Hər ikisi ilə işlədiyim üçün onları yaxşı tanıyıram. İkisi arasında müqayisə aparıldıqda İsa Qəmbər daha yaxşıdır. Həm də İsa Qəmbərin bir şəxsiyyət kimi imicinə Əli Kərimlidən az ziyan dəyib. Bu vaxta kimi iqtidara qarşı aqressiv və radikal olsa da Azərbaycan dövlətinin maraqlarını satmayıb. Ancaq Əli Kərimli hara gedirsə birinci növbədə Azərbaycan dövlətini satır. Əli Kərimlinin azacıq da olsa özünə hörməti olsaydı ailəsi kimi gedib İngiltərədə yaşayardı. Çünki onlar Azərbaycan siyasətində bir "flaşka"dır. Ona xaricdən nə yükləyirlərsə o da Azərbaycan mediasına onu ötürə bilir. Nə analitik qabiliyyəti, nə siyasi mədəniyyəti, nə də şəxsiyyət kimi hörməti var. Bütün bunların fonunda yenə də Əli Kərimli özünü cəmiyyətə təqdim etməyə çalışırsa, belə adamlara Azərbaycanda "ar damarı partlamış" deyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə