Mirkazım Seyidov: “Mən DADP-ni seçməklə Heydər Əliyev yolunu seçmişəm” MÜSAHİBƏ

Mirkazım Seyidov: “Mən DADP-ni seçməklə Heydər Əliyev yolunu seçmişəm” MÜSAHİBƏ

Demokratik Azərbaycan Dünyası Partiyasının sədr əvəzi Mirkazım Seyidovun Səs TV-yə müsahibəsi

- Mirkazım müəllim, Demokratik Azərbaycan Dünyası Partiyasına (DADP) uzun müddət sədrlik etmiş Məmməd Əlizadə vəzifəsindən istefa verib və onun səlahiyyətlərini artıq siz icra edirsiniz. Hazırda vəziyyət nə yerdədir, gələcək perspektivlər nədən ibarətdir?

- Artıq bir aya yaxındır ki, DADP-nin əvvəlki sədri Məmməd Əlizadə istefa verib. Bundan öncə isə o, partiyadakı fəaliyyətimi nəzərə alaraq, mənim rəhbərliyim altında partiyanın yeni uğurlar qazanacağına inanaraq sədr səlahiyyətlərinin mənə həvalə edilməsi ilə bağlı sərəncam imzaladı. Onun partiyadan getməyi isə səhhətindəki yaranmış problemlərlə bağlı idi. Bütün hallarda deyə bilərəm ki, Məmməd Əlizadə uzaqgörən bir addım atıb. Bu qərarı mən böyük hörmətlə qarşıladım və onun təklifini qəbul etdim. Məmməd Əlizadə hətta öz müsahibələrində etiraf edib ki, partiyaya rəhbərlik etdiyi dövrlərdə taktiki olaraq siyasi səhvlərə yol verib. Eyni zamanda onun bu addımı digər partiyaların rəhbərlərinə də nümunə olacaq bir gedişdir. Çünki 20 ildən artıq bir müddətdə partiyaya rəhbərlik edən Məmməd Əlizadə partiyanın yenilənməsini, gəncləşməsini istədi. Bu mənada partiyaya yeni rəhbərin gəlməsi zərurəti yaranmışdı. Partiya daxilində bu tələblərə cavab verəcək namizədlər var idi ki, onların arasında mənim də adım var idi. Yalnız, Məmməd Əlizadə mənim adımın üzərində dayandı. Həmin dövrdə Azərbaycanda olmasam da, telefon vasitəsilə sədrlik təklifi edildi və mən də bu təklifi qəbul etdim. Bir sıra partiyaların liderləri də Məmməd Əlizadənin bu addımından nümunə götürüb istefa versələr yaxşıdır. Çünki bu onların rəhbərlik etdikləri partiyanın dinamik inkişafına böyük təsir göstərər.

- Nəyə görə siz məhz DADP-ni seçdiniz?

- Bunun birinci səbəbi odur ki, partiyanın sədri Məmməd Əlizadənin özü ulu öndər Heydər Əliyev haqqında iki kitabın müəllifidir. Ümumiyyətlə, DADP iqtidaryönlü fəaliyyəti ilə hər zaman seçilib. Bir də ki, demokratik ölkələrdə çoxpartiyalılıq normal bir haldır. İkincisi DADP hər zaman Heydər Əliyev ideyalarının təbliğatçısı olub. Mən də DADP-ni seçməklə Heydər Əliyev yolunu seçmişəm

- Məmməd Əlizadə çıxışlarında hər zaman vurğulayırdı ki, partiyanın 130 mindən çox üzvü var. Bu, nə dərəcədə həqiqətə uyğundur?

- Mən bir aydan artıqdır ki, araşdırmalar aparıram. 1998-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərində DADP-nin sədr müavini kimi çox aktiv iştirak etmişəm. Biz həmin seçkilərdə cənab İlham Əliyevin namizədliyini dəstəkləyirdik. Həmin vaxt partiyaya axın çox idi. Həmin vaxt sədr tərəfindən də bir neçə dəfə partiya üzvlərinin sayının 130 mindən çox olması ilə bağlı fikirlər səslənmişdi. Mənim apardığım araşdırmalardan sonra aydın oldu ki, doğrudan da partiyanın sosial bazası güclü olsa da, deyilən rəqəm şişirdilmiş saydır. Partiyanın hazırda 70 minə yaxın üzvü var. Amma bu son nəticə deyil, araşdırmalar davam edir. Ümumiyyətlə, partiyanın yeni fəaliyyətində kəmiyyətdən çox, keyfiyyətə üstünlük verəcəyik. Bundan sonrada partiyada təmizlik işləri gedəcək, sədaqətli insanlar partiya ətrafında toplanacaq. Çünki partiyada təsadüfi adamlar çox olub və biz həmin insanları kənarlaşdıracağıq.

Bu gün təşkilat komitəsi yaradılıb və yerlərdə konfranslar keçirməyə hazırlaşır. Bu konfranslardan qurultaya nümayəndələr seçilməlidir ki, onlar da partiyanın sədrini seçəcəklər.

- 1998-ci ildə bəzi KİV-də yayılan xəbərlərdə DADP-nin nüfuzlu şəxslərdən birinin himayəsi altında olması ilə bağlı fikirlər yer alırdı. Buna münasibətiniz necədir. Ümumiyyətlə, siz partiyanı ictimaiyyətə necə təqdim edəcəksiniz?

- Tanınmış şəxslərin adından istifadə etmək məntiqsizlikdir. İstər Prezident, istərsə də onun ətrafında siyasi kursu davam etdirən insanlar olsun, hamısı ulu öndər Heydər Əliyevin sıravi kursunun davamçılarıdır. Əgər mən partiyanın qurultayında sədr seçilərəmsə, onlar mənə etimad göstərərlərsə məni ictimaiyyətə təqdim etməyə ehtiyac yoxdur. Çünki mən uzun müddət, 1992-ci ildən başlayaraq Azərbaycan diasporunun formalaşmasında müəyyən xidmətlərim olub. Ölkənin hüdudlarından kənarda azərbaycançılıq ideologiyasının təbliği ilə məşğul olmuşam. Özümün təmənnasız xidmətlərimi ortaya qoymuşam.

- Partiyanın ofisi harada yerləşir?

- Əvvəllər partiyanın ofisi Təbriz küçəsində yerləşirdi. Sonradan müəyyən səbəblərdən yerləşdiyimiz bina söküldü. Biz yeni ofislə bağlı aidiyyəti qurumlara müraciət etmişik. Hazırda isə köhnə ofisin yerləşdiyi əraziyə yaxın bir yerdə müvəqqəti olaraq yerləşmişik.

- "İctimai Palata" adlanan qurum da qarşıdan gələn prezident seçkilərinə hazırlıq işlərinə başlayıb. Lakin vahid namizəd məsələsində qızğın mübahisələr gedir. Konkret namizəd isə yoxdur. Ümumiyyətlə, sizin bu "quruma" münasibətiniz necədir?

- Misal üçün, Rusiyada İctimai Palata 2004-cü ildə yaradılıb. Şəxsən mən 2005-ci ildə Azərbaycan belə bir qurumun yaradılmasının təşəbbüskarı olmuşam. Ancaq mənim təklif etdiyim İctimai Palatanın funksiyası tamamilə fərqli idi. Bu gün yaradılan "qurum" isə özünün fəaliyyəti ilə bir daha göstərir ki, o tezliklə dağılacaq. İctimai Palata hər hansı bir partiyanın, siyasi qurumun, hətta dövlətin nəzarət etdiyi bir qurum olmamalıdır. İctimai Palata deyildikdə biz müstəqil bir qurumu nəzərdə tuturuq. Baxaq görək bugünkü İctimai Palata müstəqil qurumdurmu? Bu sırf radikal müxalifət partiyalarının təsiri altında olan bir qurumdur. İctimai Palatada hakim partiyanın nümayəndələri, millət vəkilləri, müxalifətdə olmayan ziyalılar təmsil olunmursa, o öz gücünü, fəaliyyətini göstərə bilməz. Bu ictimai qurum Azərbaycanın bütün ərazisində ictimai nəzarət institutunun funksiyasını yerinə yetirməlidir. Ancaq demokratik prinsiplərə uyğun fəaliyyət göstərməlidir. Belə bir İctimai Palata hazırda ölkədə yoxdur. Özünü isə yalandan İctimai Palata adlandıran qurumun namizədlərini ciddi qəbul etmirəm.

Digər tərəfdən bir az öncə biz Məmməd Əlizadənin istefasından danışarkən qeyd etdik ki, bəzi partiyalar bundan nümunə götürməlidirlər. Buna əlavə olaraq deyim ki, bizdə mövcud iqtidar partiyasının ölkənin inkişafında danılmaz xidmətləri var. Etiraf edək ki, Azərbaycanda inkişaf var, insanların sosial rifah halı günü-gündən yaxşılaşır, dövlətçiliyimiz güclənir. Bunlar həqiqətdir. Radikal müxalifət partiyaları da var ki, bunun əksini iddia edirlər. Və bu partiyaların əksəriyyətində lider çatışmazlığı var. Məmməd Əlizadənin bu addımı məhz onlara siqnal ola bilər. Onlar da bu cür addım atmalı, gənclərə yol verməlidirlər.

- Sizin partiyanız 2013-cü ildəki prezident seçkilərində necə iştirak edəcək. Namizədiniz kim olacaq?

- Əvvəlcədən bununla bağlı hər hansı bir fikir söyləmək istəmirəm. Amma Azərbaycan özünün 20 illik müstəqillik tarixindəki uğurlarını dünyaya nümayiş etdirdi. Azərbaycanın həm daxili, həm də xarici uğurlarını isə Heydər Əliyev ideologiyasının təntənəsi kimi qiymətləndirirəm. Bu siyasi təntənəni yaşadan siyasi lider var. Dahi öndərin siyasi irsinin əvəzolunmaz bilicisi cənab prezident İlham Əliyev balanslı bir siyasət apararaq Azərbaycanın dünya səviyyəsində mövqeyini müəyyənləşdirib. Partiya olaraq ilk növbədə prezidentliyə namizəd məsələsində hələ tələsmirik. Hakim Yeni Azərbaycan Partiyası var. DADP gələcək fəaliyyətində YAP-ı özünə strateji müttəfiq sayır. Bu müttəfiqlik davam edəcək. Eyni zamanda digər partiyalarla əməkdaşlıq da planımızda var. Strateji müttəfiq kimi YAP-dan sonra biz vahid namizədimizi müəyyənləşdirəcəyik. Bu o demək deyil ki, biz müstəqil partiya olaraq öz namizədimizi verməyə hazırlaşmırıq. Bizim də öz namizədimiz ola bilər. Bizim namizədimiz də xalqını, millətini, azərbaycançılığı sevən, Heydər Əliyev ideologiyasına sadiq namizəd olacaq. Bir daha deyirəm ki, hələlik bunları etməyə heç bir əsas yoxdur. Əgər hakim partiyada belə bir namizəd olarsa, biz yenə də YAP-ın namizədinə dəstək verəcəyik. Amma bu o demək deyil partiyanın siyasi ambisiyaları yoxdur. DADP müstəqil partiya olaraq öz siyasətini davam etdirəcək, cəmiyyətdə mövcud olan ictimai qurumlarla, siyasi partiyalarla əməkdaşlıq etməyə hazırlaşır. Bütün partiyalara, ziyalılara müraciətlər olunacaq. Partiyanın ətrafında sırf sağlam əqidəli, öz xalqının, dövlətinin taleyini dərk etməyi bacaran, Heydər Əliyevin irsini, onun azərbaycançılıq ideyalarını dəyərləndirməyi bacaran insanlar cəmləşək. Partiya müstəqil siyasətini davam etdirərək parlament, eləcə də bələdiyyə seçkilərində iştirak edəcək. Burada hətta YAP strateji müttəfiqimiz olsa belə, müstəqil siyasətimizi aparıb, seçkilərdə öz gücümüzü sınayacağıq. Çalışacağıq ki, layiqli yerlər tutaq. Bunun üçün də ilk növbədə xalqın partiyası olmaq lazımdır.

CABİR

Bütün xəbərlər Facebook səhifəmizdə