Ceyms Apaturay: \"NATO cəbhə xəttində vəziyyətin gərginləşməsindən narahatdır\"

Ceyms Apaturay: \"NATO cəbhə xəttində vəziyyətin gərginləşməsindən narahatdır\"

NATO son zamanlar Azərbaycan və Ermənistan arasında cəbhə xəttində vəziyyətin gərginləşməsindən narahatdır. SİA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturay deyib. O, qeyd edib ki, NATO bu münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

Qeyd edək ki, bu gün Bakıda ANAMA-NATO/NAMSA birgə layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi açılış mərasimi keçirilib. İştirakçılar əvvəlcə ANAMA-nın fəaliyyətini əks etdirən stendlər, eləcə də agentliyin texniki təchizatı ilə tanış olublar. Açılış mərasimində çıxış edən ANAMA-nın baş direktoru Nazim İsmayılov deyib ki, layihə üzrə işlərə aprel ayında başlanıb. Layihə NATO Etimad Fondu tərəfindən dəstəklənir və bu layihə ANAMA-NATO əməkdaşlığı ilə həyata keçirilən ikinci böyük minatəmizləmə layihəsidir. N. İsmayılov Ceyrançöldə 64 milyon kvadratmetr ərazinin mina və PHS-lə çirkləndiyini deyib.

ANAMA direktoru rəhbərlik etdiyi qurumun humanitar minatəmizləmə ilə yanaşı, BMT-nin köməyi ilə təlim bazası yaratdığını, 2009-cu ilin əvvəlindən təlim bazasında Tacikistan, Əfqanıstan, Gürcüstan, İordaniyadan olan mütəxəssislərə təlimlər keçirildiyini bildirib.

Ceyrançöl tipli layihələrin insanların həyatında böyük önəm kəsb etdiyini söyləyən C. Appaturay isə bəyan edib ki, bundan əvvəlki "Saloğlu" layihəsi yüksək səviyyədə icra olunub.O, qeyd edib ki, layihədə yaxşı nəticələr əldə olundu: \"Bu, çox təhlükəli işdir. Bu insanlar hər gün təhlükə ilə üz üzə qalırlar. Ceyrançöl layihəsi də əvvəlki layihə qədər böyük əhəmiyyətə malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə