Kolumbiya parlamentinin nümayəndə heyətinin rəhbəri, senator Aleksandra Moreno Piraquiveni Milli Məclisdə olub. SİA-nın məlumatına görə, Azərbaycan-Kolumbiya əlaqələrinin inkişafından danışan sədr bir sıra məsələlərə aydınlıq gətirib. O bildirib ki, Kolumbiya üçün ölkəmizlə əlaqələrin inkişaf etdirilməsi kifayət qədər önəmlidir: "Biz Bakıya ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün gəlmişik. Bu istiqamətdə görülən tədbirlər zamanla öz müsbət nəticələrini göstərəcək. Biz düşünürük ki, Azərbaycan parlamentariləri ilə birgə verəcəyimiz qərarlar hər iki ölkənin taleyində əhəmiyyətli rol oynayacaq".
Xanım Moreno əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ probleminin həllinə də çalışacaqlarını qeyd edib: "Azərbaycan-Ermənistan arasında 20 ildir davam edən münaqişə bütün dünyaya məlumdur. Böyük cəhdlər göstərilsə də ölkələr arasında hələ də öz həllini tapmamış Dağlıq Qarabağ kimi problem var. Biz bu problemdə Azərbaycanın tərəfindəyik və münaqişənin ədalət prinsipləri çərçivəsində həll olunmasını istəyirik. Bunun üçün bizim üzərimizə düşən istənilən addımı da atmağa hazırıq. Ümumiyyətlə, Kolumbiya parlamentində oktyabr ayında Xocalı soyqırımının tanınması bizim bu mövzuda Azərbaycana dəstək olduğumuzun açıq göstəricisidir".
Ölkələr arasında əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışan parlament sədri bunun üçün artıq bir neçə addımlar atılacağını da deyib. O, hər iki ölkədə səfirliklərin açılmasını bu baxımdan önəmli hesab edib: "Azərbaycan-Kolumbiya arasındakı əlaqələrin daha da geniş müstəvilərdə inkişafı üçün biz bir sıra yeni təkliflərlə çıxış edəcəyik. Məsələn, ilk olaraq hər iki ölkədə səfirliklərin açılması çox önəmlidir və biz bu haqda ciddi addımlar atmağa hazırlaşırıq. Yaxın gələcəkdə baş tutub-tutmayacağı haqda heç bir məlumatımız yoxdur, lakin önəmli olan bu fikrin artıq müzakirəyə çıxarılmasıdır. Hər-halda tez bir zamanda da bu barədə addım atılacaq. Digər tərəfdən, Azərbaycan diplomatlarının Kolumbiyaya vizasız girişinin təmin edilməsi də qarşıda duran məqsədlərdən biridir. Eyni zamanda, iki ölkənin diplomatları arasında işbirliyi sazişinin imzalanması da çox önəmlidir və biz bunu gerçəkləşdirəcəyimizi düşünürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB