AB-nin İran neftinə embarqosu bu gün qüvvəyə minir

AB-nin İran neftinə embarqosu bu gün qüvvəyə minir

Bu gündən Avropa Birliyinin İran neftinin idxalına qoyduğu embarqo qüvvəyə minir. Artıq dünəndən İranın valyuta bazarı bu embarqo ilə əlaqədar mənfi reaksiya verməyə başlayıb. İranın neft ixracının 40 faiz azalması ilə əlaqədar olaraq İran valyutasının dəyəri də kəskin aşağı düşüb.


"Ötən həftələrdə valyuta bazarında güclü qeyri-sabitlik var idi. Düşünürəm ki, bu, İrana qarşı tətbiq edilən ən son sanksiyaların təsiri idi. Məsələn, İran valyutasına nisbətdə xarici valyutanın ən yüksək qiyməti qeydə alınmışdı, lakin Mərkəzi bankın müdaxiləsi ilə bazarda vəziyyət bir qədər sabitləşdi" - deyə valyuta mübadiləsi köşkünün sahibi Asxan Nikdad bildirib.


İqtisadi ekspert Hüseyn Rağfar isə neft embarqosunun bu dəfə İrana kəskin təsir edəcəyini proqnozlaşdırıb və bunun səbəbini də açıqlayıb: "Bizim kimi neft ölkələri, sözsüz ki, bu cür embarqoların təsirinə məruz qalacaq. İrana gəldikdə isə uzun illərdir müxtəlif sanksiyalarla üzləşməyimizə və onların öhdəsindən gəlməyi bacardığımıza baxmayaraq, bu dəfə ölkəmiz həqiqətən təsirə məruz qala bilər, çünki son 7 ildə ölkə iqtisadiyyatları dünya iqtisadiyyatından asılı vəziyyətə düşüb və sanksiyaların təsiri də bu baxımdan hiss edilə bilər."


İqtisadi ekspert Hüseyn Rağfar həmçinin İran hökumətini iqtisadiyyatı idarə edə bilməməkdə və iqtisadiyyatın xaricdən təzyiqə məruz qalmasına şərait yaratmaqda günahlandırıb.


Xatırladaq ki, Avropa ölkələrində İran neftinin idxalını qadağan edən sanksiyalar mübahisəli nüvə proqramı ilə əlaqədar Tehrana təzyiq göstərmək məqsədilə tətbiq edilmiş, bundan bir qədər sonra İran da buna cavab olaraq, İran neftinin Avropa ölkələrinə ixracını qadağan edilməsinə dair qərar qəbul etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə