Fəzail Ağamalı: \"Elə bir məsələ yoxdur ki, o Dövlət Proqramında öz əksini tapmasın\" - MÜNASİBƏT

Fəzail Ağamalı: \"Elə bir məsələ yoxdur ki, o Dövlət Proqramında öz əksini tapmasın\" - MÜNASİBƏT

"Bütün iqtisadi göstəricilər təsdiq edir ki, son 8-9 il ərzində dünyada Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı giriş nitqində deyib.


Ölkə başçısının sözlərinə görə, 2013-cü ilin sonuna qədər həm bölgələrdə, həm Bakı şəhərində və onun qəsəbələrində əsas sosial-iqtisadi və infrastruktur məsələləri öz həllini tapacaq: "Qarşıya məhz belə vəzifə qoyulub. Ümumi ölkə iqtisadiyyatı ilə bağlı məlumat verən prezident qeyd edib ki, ölkənin iqtisadiyyatı üç dəfə artıb. Yoxsulluq beş dəfə azalıb. İşsizlik əhəmiyyətli dərəcədə azalıb və bu gün inkişaf etmiş ölkələrdə olan səviyyədən aşağıdır - 5,4 faizdir. Bu illər ərzində ölkəmizdə bir milyondan artıq iş yeri açılıb. Bu iş yerlərinin mütləq əksəriyyəti daimi iş yerləridir". Dövlət başçısının sözlərinə görə, bu proqramların və təşəbbüslərin icrası nəticəsində ölkəmizin uğurlu inkişafına təkan verilib: "Hazırda ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində konkret tədbirlər görülür. Bu tədbirlər öz səmərəsini verməkdədir. Beynəlxalq maliyyə qurumları, kredit reytinq agentlikləri Azərbaycandakı vəziyyəti çox müsbət qiymətləndirirlər. Onlar Azərbaycanda əldə edilmiş nailiyyətləri başqa ölkələr üçün də nümunə kimi təqdim edirlər".


Millət vəkili Fəzail Ağamalının sözlərinə görə, 9 il bundan əvvəl dövlət başçısının rəhbərliyi ilə hazırlanan sosial-iqtisadi layihələr bu gün öz bəhrəsini verməyə başlayıb. Millət vəkili qeyd edib ki, dövlət başçısı 2003-cü ildə prezident seçildikdən sonra regionların sosial-iqtisadi inkişafına dair iki mühüm proqram hazırlamışdı: "Etiraf olunmalıdır ki, həmin sənəd qısa zaman kəsiyində ölkə regionlarını ətalətdən böyük bir inkişaf yoluna çıxartdı. Regionlarda abadlıq quruculuq işləri deyil, eyni zamanda sosial-iqtisadi tədbirlər həyata keçirildi. Regionlarda yeni iş yerləri açıldı. Bundan başqa prezident çıxışında Proqramdakı infrastruktur məsələlərinə də toxunub. Ölkə başçısının sözlərinə görə, prinsip etibarilə proqramda əsas infrastruktur məsələlərinin - ilk növbədə, su və kanalizasiya layihələrinin həlli nəzərdə tutulur. Ümumiyyətlə, heç vaxt, heç bir dövrdə Bakı qəsəbələrində kanalizasiya sistemi olmayıb. Bakı şəhərində də kanalizasiya sistemi bizim tələblərimizə cavab vermir. Bütün dövrlərdə daim su qıtlığı yaşanıb və insanlar bir növ buna öyrəşmişdilər. Halbuki bu, qeyri-normal vəziyyətdir, içməli su daim olmalıdır. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, istiliklə bağlı məsələlər, yolların çəkilişi - həm qəsəbədaxili, qəsəbələrarası yollar, magistral yollar, sosial obyektlərin tikilməsi, məktəblər, tibb məntəqələri, mədəniyyət ocaqları, idman qurğuları. Yəni, elə bir məsələ yoxdur ki, o Dövlət Proqramlarında öz əksini tapmasın".


Fəzail Ağamalının sözlərinə görə, ölkə başçısının Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına bu cür diqqətin ayrılması qeyri-neft sektorunda sərmayənin artırılması ilə bağlıdır. Çünki Bakı və ətraf qəsəbələrə diqqət yetirildikdə buranın mükəmməl turizm mərkəzi olduğu üzə çıxır. Millət vəkili həmçinin əlavə edib ki, Xəzər dənizi və Bakı ətrafında yerləşən qəsəbələr, yaşayış məskənləri dəniz turizm üçün əlverişlidir. Yaddan çıxarmaq olmaz ki, Xəzər dənizi həm dəniz kimi həmdə onun sahili böyük müalicəvi əhəmiyyətə malikdir.


Ana Vətən Partiyasının sədri bildirib ki, əgər Bakı şəhərinin qəsəbələri dəniz turizmi üçün yaradılarsa, otellər, istirahət və müəlicə mərkəzləri yaradılarsa, buraya turistlərin axını olacaq. Millət vəkili qeyd edib ki, 70-80-ci illərdə ulu öndər Heydər Əliyev Bakı və Abşeronun turizm mərkəzi edilməsi ilə bağlı proqramın əsasını qoymuşdu. Lakin o zaman Heydər Əliyevin Moskvaya getməsi bütün işlərin yarımçıq qalması ilə nəticələndi. Bu gün isə Prezident İlham Əliyev bu proqramı uğurla davam etdirir. Fəzail Ağamalının sözlərinə görə, ölkə başçısı Abşeron yarmadasında turizm infrastrukturunun yaradılması üçün tədbirlərə başlayıb.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə