Bu gün Milli Qurtuluş Günü münasibəti ilə Yeni Azərbaycan Partiyasının və Futbol Veteranları İttifaqının birgə təşkilatçılığı ilə futbol yarışı keçirilib.
SİA-nın məlumatına görə, yarışda Yeni Azərbaycan Partiyası (YAP), "Veteran futbolçular", "Jurnalistlər" və SəsTV komandaları mübarizə aparıb. İlk qarşılaşma SəsTV komandası ilə "Jurnalistlər" arasında keçirilib. Qarşılaşma 3:3 bərabərliyi ilə yekunlaşıb. Təyin edilmiş 11 metrlik cərimələrdə SəsTV 3:2 hesabı ilə ilk qarşılaşmanın qalibi olub. YAP ilə "Veteran futbolçular" arasında baş tutan qarşılaşmada isə YAP 8:4 hesabı ilə qalib olub və beləliklə, finalın iştirakçıları müəyyənləşib. YAP komandası ilə SəsTV komandası arasında baş tutan final görüşündə YAP komandası üstünlüyü ələ alıb və 5:3 hesabı ilə yarışmanın qalibi olub. "Jurnalistlər" və "Veteran futbolçular" arasında baş tutan üçüncülük uğrunda yarışmanı isə veteranlar qalib olaraq başa vurub.
Daha sonra yarışmanın bağlanış mərasimi keçirilib. Mərasimdə təşkilatçlar çıxış edərək ilk olaraq bu günün əlamətdar olmasından və 1993-cu il 15 iyun tarixində Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda qurtuluş tarixinin başlamasından danışıblar. Daha sonra bu kimi oyunların keçirilməsinin vacibliyinə toxunaraq bildirilib ki, bu tip yarışmalar kollektivlər arasında sağlam münasibətlərin formalaşmasına şərait yaradır, həmçinin sağlamlıq baxımından yeni idman yarışlarının keçirilməsini stimullaşdırır. Təşkilatçılar yarışmada iştirak edən hər bir komandaya təşəkkürlərini bildiriblər və nümayiş etdirdikləri əzimkarlığa görə onları təbrik ediblər.
Sonda yarışın qalibləri diplomlarla və hədiyylərlə mükafatlandırılıb.