ATƏT-in sədri Milli Məclisin vitse-spikeri ilə görüşüb

ATƏT-in sədri Milli Məclisin vitse-spikeri ilə görüşüb

Bu gün Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət üzrə naziri Eamon Gilmor ilə görüşüb. SİA-nın xəbərinə görə, Bahar Muradova qonaqları salamlayaraq bildirib ki, rəsmi Bakı bu təşkilatla həm hökumət, həm parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində əlaqələrin inkişafına çox böyük diqqət yetirir və bu əlaqələr ikitərəfli və çoxtərəfli münasibətlərin formalaşmasına öz təsirini göstərir.

Vitse-spiker diqqətə çatdırıb ki, Azərbaycan ATƏT-ə üzv olduqdan sonra vətəndaş cəmiyyətinin formalaşdırılması, şəffaf seçkilərin keçirilməsi, qanunun aliliyinin təmin olunması, təhlükəsizlik və əməkdaşlıq məsələsində xeyli nailiyyətlər əldə edib: \"İstər ölkəmizdə, istərsə də bölgədə təhlükəsizliyin daha da gücləndirilməsində bizə maneçilik törədən bir sıra səbəblər vardır və bunlardan biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər həll olunmamasıdır. Rəsmi Bakı ATƏT-in sammitlərində, həm də Parlament Assambleyası çərçivəsində qəbul olunan qərarları bu problemin həllinə yönəlmiş səylər kimi qəbul edir və hesab edirik ki, bu qərarlar sona qədər icra olunmadığından ATƏT üzərinə düşən missiyanı tam şəkildə yerinə yetirməmişdir. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun bəyan etdiyi prinsiplər, prezidentlərin imzaladıqları sənədlər, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə və bunların əsasında məsələnin həll olunması bizi qane edir, amma konkret nəticənin əldə olunmaması heç bir tərəfi qane etmir. Azərbaycanın BMT TŞ-nin sədri kimi fəaliyyət göstərdiyi dövrü və beynəlxalq təşkilatlarda mövcud olan imkanları nəzərə alsaq, deyə bilərik ki, bu məsələnin həlli yolları vardır. Əsas isə odur ki, ortaya siyasi iradə qoyulsun. Biz ATƏT-in yeni sədri kimi sizin fəaliyyətə başladığınız andan nümayiş etdirdiyiniz mövqeyi dəstəkləyirik. Ümid edirik ki, bölgəyə səfəriniz, verdiyiniz bəyanatlar sonrakı fəaliyyətinizdə özünü göstərəcək\".


Görüş üçün təşəkkürünü bildirən Eamon Gilmor Azərbaycana səfərindən, keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Qonaq Azərbaycanda demokratik vətəndaş cəmiyyətinin inkişafını, insan hüquq və azadlıqları sahəsində atılan addımları yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanda fikir azadlığı, plüralizm vardır.


ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin pozulmasından, xüsusən də son dövrlər baş verən hadisələrdən ciddi narahatçılıq keçirdiyini diqqətə çatdırıb.


Qonaq qeyd edib ki, İrlandiya da münaqişələrdən əziyyət çəkib: \"Yaxşı başa düşürük ki, bu cür problemlər tezliklə həllini tapmalıdır\".

Sonra görüşdə "Diffamasiya haqqında" qanun layihəsinin hazırlanması, qarşıdan gələn seçkilərə hazırlıq, ATƏT-in müvafiq institutları ilə əməkdaşlıq, qanun yaradıcılığında birgə fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə