"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bu günü və gələcəyi" adlı bir həftəlik tədbirlər silsiləsi çərçivəsində millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun üzvü, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayevanın dəvəti ilə respublikamızda səfərdə olan İraq türkmanlarından ibarət nümayəndə heyəti 11 iyun 2012-ci il tarixində Qarabağa, Xocavənd rayonuna səfər edib. SİA-nın verdiyi məlumata görə, öncə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti inzibati binasının qarşısındakı büstünü ziyarət edən qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri bust önünə tər güllər qoyub, böyük ictimai xadimin ruhunu ehtiramla yad ediblər.
İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə qonaqları salamlayan Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Kərküklü soydaşlarımızı respublikamıza, o cümlədən ön cəbhədə yerləşən Xocavəndə gəlişlərindən bir vətəndaş və rayon İcra Hakimiyyətinin başçısı kimi çox məmnun olduğunu bildirib. Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana əsassız topaq iddiaları barədə tarixi faktları, hadisələrin xronologiyasını yığcam şəkildə şərh edən Eyvaz Hüseynov ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ordu quruculuğu, hüquqi-demokratik dövlət quruculuğu sahəsində görülən işlərli qeyd edib, Azərbaycanın öz haqq işində qalib gəlmək əzmində olduğunu da vurğulayıb.
Bu görüş üçün millət vəkili Qənirə Paşayevaya minnətdarlıq edən İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov onun Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsindəki fəaliyyətini xüsusilə qeyd edib.
Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun üzvü, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva 15 iyun Milli Qurtuluş günü ərəfəsində Kərküklü ictimai və sənət xadimlərinin Qarabağa gəlişini əlamətdar hadisə adlandırıb. Bu torpaqların hər qarışının şəhid qanı ilə suvarıldığını, qəhrəman Xocavəndlilərin öz torpaqlarına yüksək vətən sevgisi ilə bağlı olduqlarını vurğulayan millət vəkili İraqlı soydaşlarımızın qarabağlıları yaxşı anladığını qeyd etmişdi. Millət vəkili İraqlı soydaşalarımızın bir sıra qeyri-hökumət təşkilatları və Azərbaycanın "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi və bir sıra qeyri-hökumət təşkilatlarının təmsil olunacağı və Azərbaycan həqiqətlərini, Qarabağ həqiqətlərini, İraqlı soydaşlarımızın səsini dünyaya daha geniş çatdırmaq üçün məsləhətləşərək Qarabağ (Azərbaycan) -Kərkük ( İraq) – dayanışma platformu yaratmaq qərarına gəldiklərini bildirərək bu platformun məhz Xocavənddə, Dağlıq Qarabağda elan olunmasını məqsədəuyğun saydıqlarını bildirib. O vurğuladı ki, millətimizin üzvlərinin yaratdığı qeyri-hökumət təşkilatları harada yaşamasından asılı olmayaraq milli məsələlərimizdə birlik, bərabərlik və dayanışma içində çalışmalıdır.
Millət vəkili Qənirə Paşayevanın Qarabağ (Azərbaycan) -Kərkük ( İraq) – dayanışma platformunun yaradılması ilə bağlı açıqlamaları iştirakçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. " Hörmətli xocavəndlilər sizin bu alqışlarınızı bu platformun yaradılmasına xeyir-dua kimi qəbul edirik " – deyən millət vəkili yeni təsisatın əsas qayəsinin "dildə, fikirdə, işdə birlik" olduğunu söyləyib.
Ümümilli lider Heydər Əliyevin " mən tarixi araşdırarkən gördüm ki, Quzey Azərbaycan da, Güney Azərbaycan da, İraq türkmanları da bir bütövün parçalarıdı" tarixi kəlamını xatırladan Qənirə Paşayeva istər yeni platformun, istərsə də hərbi vətənpərpər Azərbaycan insanının bütövlüyə, birliyə, həmrəyliyə xidmət edən fəaliyyət göstərməsinin zəruri olduğunu da qeyd edib.
Həmçinin millət vəkili Qənirə Paşayeva həm Qarabağın, həm də Kərkükün problemini, dərdini, sərini qanında az da olsa türk qanı axan hər kəsin dərdi saydığını vurğulayıb.
Qonaqlar adından çıxış edən İraq parlamentinin keçmiş üzvü, tanınmış ictimai-siyasi xadim, ədib Fövzi Əkrəm Tərzioğlunun hələ respublikamıza gəlməmişdən öncə qələmə aldığı 1001 bəndlik "Azərbaycan Dastanı" poemasından bir parça səsləndirməsi iştirakçıların alqışları ilə qarşılanmışdı. Fövzi Əkrəm Tərzioğlu Qənirə Paşayeva və Eyvaz Hüseynova öz minnətdarlığını bildirərək belə görüşlərin, qarşılıqlı gediş-gəlişlərin gələcəyə yönəlik layihələrə dönüşməsinin vacib və qaçınılmaz olduğuna inandığını qeyd etmişdi.
Sonra qonaqlardan dr. Şəmsəddin Kuzəçi, dr. Mustafa Ziya, Türkməneli İşbirliyi və Kültür Vəqfinin başqanı Fatih Türcan Azərbaycan Respublikasında özlərini evlərində kimi hiss etdiklərini, burada şahid olduqları yüksək qonaqpərvərlik və Kərkük Sevdasından məmnunluqlarını ifadə etmişlər. F. Türcan təmsil etdiyi vəqf adından Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynova özəl plaket təqdim etmişdir.
Tədbirdə çıxış edən ədəbiyyatşünas alim, professor Vaqif Arzumanlı Azərbaycan-İraq ədəbi əlaqələrinin daha da möhkəmlənməsi sahəsində belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb. O, xocavəndlilərin öz qanları hesabına torpaqlarını qoruyub saxladıqlarını çox yüksək qiymətləndirdiyini qeyd edib.
Sonra rayon ictimaiyyətinin nümayəndələrindən "Xocavənd" qəzetinin redaktoru Gültəkin Ağayeva, tarix müəlliməsi Alıyeva Telli, Xocavənd ictimaiyyətinin nümayəndəsi Kamil Cəfərov və başqaları çıxış edib, öz ürək sözləri ilə bölüşüb.
Görüşün sonunda qonaqlara "Qarabağ: real faktlar, həqiqətlər, sənədlər" kitabı, Qaradağlı soyqırımı ilə bağlı yazılı və elektron vəsaitlər təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB