Zibili yerə atan cərimələnəcək

Zibili yerə atan cərimələnəcək

Milli Məclis \"İstehsalat və məişət tullantıları haqqında\" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib.


SİA-nın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunacaqlar.


Dəyişiklərə əsasən, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılması və ya basdırılması qadağandır. Həmçinin, şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.

Dəyişikliyə əsasən, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat cərimə olunacaq (hazırda bu məbləğ 10 manatdır).


Millət vəkili Qənirə Paşayeva şəhərlərdə məişət tullantılarının hər yerə atıldığını vurğulayıb. Onun sözlərinə görə, bu sahədə mədəniyyətin formalaşmasına ehtiyac var.

Oqtay Əsədov bu dəyişikliklərin əsas məqsədinin insanların mədəniyyətə dəvət edilməsi olduğunu söyləyib. O, müzakirələrin dayandırılaraq qanun layihəsinin səsverməyə çıxarılmasını təklif etsə də deputatlar çıxış üçün təkid ediblər. Spiker də müzakirələrin davam etdiriləcəyini bildirib.

Millət vəkili Astan Şahverdiyev qeyd edib ki, insanlar zibili lazımi yerə atmalı, yolu hər yerdən keçməməlidirlər. Millət vəkili Rəfael Cəbrayılovun sözlərinə görə, dəyişiklik əslində bu vaxta qədər qanunda nəzərdə tutulan 10 manat cərimənin 20 manata qaldırılmasını özündə əks etdir. Millət vəkili Adil Əliyev rayon əhalisinin rayonlarda yolu istənilən yerdən keçdiyini, onların şəhərə gələrkən problemlərlə üzləşdiyini dilə gətirib: \"Bu insanları kim maarifləndirəcək? Telekanallarda maarifləndirici proqramlara, reklamlara ehtiyac var".

Spiker Oqtay Əsədov isə rayon əhalisinin maarifləndiyini vurğulayıb: "20-30 il əvvəl deyil, rayonlarda da nəqliyyatın hərəkəti intensivdir. Bununla bağlı reklamlar isə ola bilər".

Millət vəkili Musa Qasımlı isə urnanın Azərbaycan sözü olmadığını, Azərbaycan dilində zibillik sözünün işlədildiyini bildirib. O, dəyişikliklərə tərəfdar olduğunu qeyd edib.

Spiker Oqtay Əsədov isə urna ilə bərabər qanun layihəsində yazılan tutum sözünün Azərbaycan sözü olduğunu vurğulayıb. Vitse-spiker Valeh Ələsgərov bu qanun layihəsinin bu qədər uzun müzakirə olunacağını gözləmədiyini dilə gətirib: \"B qablarının adının tutum olmasını deputatlar təklif edib. Bu sahələrdə mədəniyyət isə ailədən başlamalıdır".

"İstehsalat və məişət tullantıları haqqında" qanunda dəyişikliklər və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər müzakirələrdən sonra səsveməyə çıxarılaraq qəbul edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə