Bu gün Bakıda Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının (DYƏT) Nazirlər Müşavirəsinin 40-cı sessiyası çərçivəsində təşkilatın Nazirlər Müşavirəsi üzvlərinin iştirakı ilə plenar iclas öz işinə başlayıb.
SİA-nın xəbərinə görə, iclasda 21 ölkədən 85 nümayəndə heyəti iştirak edib. Tədbiri giriş nitqi ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov açaraq ölkəmizə təşrif buyuran xarici qonaqlara öz dərin minnətdarlığını bildirib və bu sessiyanın ölkəmiz üçün oynayacağı roldan danışıb. Natiqin sözlərinə görə, 2011-ci il ərzində dəmir yolunun stansiyalarından 14,4 milyon ton yük göndərilib, bunlardan 9,7 milyon ton yük neft və neft məhsulları təşkil edib, o cümlədən, tranzit nefti 5,8 milyon ton göndərilib. Ümumi yük daşımaları 2011-ci il ərzində 22,1 milyon ton təşkil edib. Bununla belə A.Əsgərov deyib ki, daxili daşımalar 4,4 milyon ton, ixrac 4,4 milyon ton, idxal 5,5 milyon ton, tranzit 7,8 milyon ton təşkil edib. Ümumi yük dövriyyəsi 7,8 milyard ton-km təşkil edib, o cümlədən, daxili daşımalr üzrə 899,0 milyon ton-km, ixrac 1,7 milyard ton-km, idxal 1,4 milyard ton-km, tranzit 3,8 milyard ton-km təşkil edib. O, "Bakı-Tbilisi-Qars" yeni dəmir yolu bağlantısı layihəsinin icrası ilə bağlı da məlumat verərək qeyd edib ki, ilinin sonuna qədər 280,0 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb və layihə əsasında qrafik üzrı işlər davam etdirilməkdədir.
Daha sonra Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov çıxış edərək qonaqlara dəmir yolları sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, bu sessiya dəmir yolları ilə əməkdaşlıq sahəsində mövcud qurumun analizini vermək, eyni zamanda gələcək əməkdaşlıq prespektivlərini inkişaf etdirmək üçün müstəsna əhəmiyyətə malikdir: \"Sözügedən bu təşkilatın əldə etdiyi dəmiryollarının uzunluğu 240 km-dən artıq dəmiryolunu əhatə edir. Məhz bununla əlaqədar olaraq belə bir əməkdaşlığa böyük bir ehtiyac vardır. Bununla belə bu cür görüşlərin yükdaşıma sahəsində oynayacağı roldan da danışılıb\".
Qeyd edək ki, tədbirdən öncə müşavirə iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və büstü önünə əklil qoyublar.
Onu da xatırladaq ki, DYƏT 28 iyun 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan Respublikası) dəmir yoluna rəhbərlik edən nazirlərin nazirlər müşavirəsində yaradılıb.
İclasın sonunda iştirakçılar arasında yekun protokolun imzalanması gözlənilir.