Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan birinciliyi keçiriləcək

"Atəşgah" İntellektual Oyunlar Klubu, "Turan" İntellektual Oyunlar Klubu və "Xəzər" İntellektual Gənclər Klubu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkənin intellektual həyatının ən vacib hadisəsi -Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionatı iyun ayının 9-da baş tutacaq. Çempionatda ölkənin 40 ən güclü komandası, Azərbaycanı sentyabrda Rusiyanın Saransk şəhərində təşkil olunacaq dünya çempionatında təmsil etmək hüququ uğrunda mübarizə aparacaqlar.

Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionatı Klubların Beynəlxalq Assosiasiyasının lisenziyası əsasında təşkil edilir. Çempionatın redaktorları Rusiyanın məşhur sual müəllifləri Dmitriy Borok, Konstantin Naumenko, Timur Barskiy və Sergey Abramovdur. Ölkə çempionatının aparıcısı təşkilatçıların dəvəti ilə Bakıya gələn sonuncu dünya çempionatının və bir çox nüfuzlu yarışların aparıcısı Sergey Abramov olacaq. Yarışın Apellyasiya Jürisinə məşhur bilicilər Aleksandr Druz, Maksim Potaşov və Boris Burda daxildirlər.

Çempionatın təşkilat komitəsinin üzvü Seymur Teymurovun sözlərinə görə, təşkil olunacaq Azərbaycan çempionatı 2008-ci ildən sonra baş tutan ilk ölkə birinciliyidir. O, bu ildən etibarən ölkə çempionatı və kubok oyunlarının mütəmadi olaraq hər il təşkil olunacağını qeyd edib.


Bütün xəbərlər Facebook səhifəmizdə