Bor içində boğulan avropa ölkələri təslim olurlar
"Almaniya Avropanı işğalı edir". Demək olar bütün nüfuzlu informasiya mənbələrinin xəbər blokunda bu cür başlıqlı yazılar günün xəbərinə çevrilib. "Röyter" xəbər verir ki, Angela Merkel hökuməti AB-də köklü dəyişikliklər həyata keçirmək üçün olduqca ambisiyalı bir plan hazırlayır. Hücum artıq bu ayın sonuna planlaşdırılan AB-nin Sammitində gerçəkləşəcək.
Rəsmi Berlinin demək olar ki, ultimatum irəli sürəcəyi gözlənilir. Ultimatumun təxminən bu formada olacağı gözlənilir: "Öncə siz maliyyə işlərinizi təhvil verirsiniz və yalnız bundan sonra kömək, o cümlədən, aşağı faizli kredit alırsınız".
Artıq indidən bir neçə ölkə könüllü təslim olmağa hazırdır. İlk təslim olan və bunu rəsmi bəyan edən isə İspaniyadır. Bir neçə gün bundan əvvəl maliyyə problemini özü həll edəcəyini deyən İspaniya artıq bu gün baş nazir Raxoyun dilindən bəyan edir ki, İspaniya buraxılacaq kreditlərin əvəzində almanların büdcəni ümumiləşdirmək təklifini qəbul etməyə hazırdır. Reaksiya da özünü çox gözlətmədi – İspaniya dərhal banklarının problemini həll etmək üçün Avropa Maliyyə Stabilliyi Fonduna çıxış imkanı əldə etdi. Hansı ki, bir an öncə Brüsseldə bu barədə danışmaq belə istəmirdilər.
Əslində görüntü belə idi ki, borclu ölkələr özləri bunda təkid edirdilər. Onların aramsız olaraq borcları ümumiləşdirmək təkliflərinə isə yeganə etiraz edən ölkə Almaniya idi. İndi isə Almaniya öz şərtini irəli sürür. Borcların ümumiləşdirilməsi paralel olaraq həm də büdcələrin birləşdirilməsi ilə həyata keçirilsin. Yəni, rəsmi Berlin bunun əvəzində avrozonanın bütün üzvlərinin büdcəsinə və bütün Avropa banklarına nəzarət əldə edir. Dövlətlərin müstəqil ittifaqı əvəzində ümumi vergi sistemi olan və bütün xərclərə nəzarət edəcək vahid bir dövlət yaradılır. Mövzunun bu hissəsi hələ ki, rəsmi bəyanatlarda öz əksini tapmır, yalnız pərdəarxası müzakirələrdə ortaya gətirilir. Amma, elə həmin pərdələrin arxasından gələn söhbətlərdə Almaniyanın bu planı həyata keçirməsi üçün şans və imkanlarının böyük olduğu deyilir. Elə bunsuz da, Almaniyanın indi səsləndirdiyi bəyanatlardan hiss olunur ki, cəmi 4-5 il sonra Avropa tanınmaz dərəcədə dəyişə bilər. Məsələn, xanım Merkelin bu rəsmi bəyanatı pərdəarxası söhbətlərdə elə də uzaq deyil: "avrokomisiyaya və digər hakim orqanlara daha çox imkanlar vermək qaçılmazdır. Əks halda valyuta ittifaqının işi faydasız olacaq. Bizə yeni bir Avropa müqaviləsi lazımdır, hansında ki, büdcə nizam-intizamının daha ciddiləşdirilməsi və banklar üzərində nəzarətin gücləndirilməsi öz əksini tapmış olsun". Hələlik bu təklif-şərtə qarşı müqavimət göstərən ölkələr də var. Daha dərin inteqrasiya ideyasını dəstəkləmək Avropa ölkələrinin əksəriyyətində mövcud olan hakim dairələr üçün arzuolunmaz nəticələr verə bilər. Artıq bir sıra ölkələrdə bundan istifadə edən radikal və millətçi qüvvələr hakimiyyətə gəlmək üçün daha da fəallaşıblar. Maliyyə müstəqilliyi və alman "işğalından" azad olmaq kimi şüarlar səsləndirən bu qüvvələrin lazımi qədər səs toplamaq imkanları xeyli dərəcədə real görünür.
Şahin Abasov,
SİA-nn Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB