Gənclər bu dəfə Horadizdə toplandı

Füzuli rayonunun Horadiz şəhərindəki Muğam Mərkəzində "Gənclər bizim sabahımızdır" mövzusunda toplantı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, Füzuli rayonundan, Bakı və Sumqayıt şəhərlərindən olan gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edib, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və başqaları çıxış edərək Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, dövlət gənclər siyasətindən danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə ölkədə Gənclər və İdman Nazirliyi yaradılıb, "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə inkişaf etdiyini deyən toplantı iştirakçıları gənclərlə bağlı bir sıra proqramların həyata keçirildiyini xatırladıb, dövlətimizin başçısı tərəfindən ötən il imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Füzuli rayonunda gənclərə olan qayğıdan danışan çıxışçılar bildiriblər ki, son illər Horadiz şəhərində Heydər Əliyev parkı və mərkəzi, mədəniyyət sarayı, gənclər evi, şahmat məktəbi istifadəyə verilib. Qeyd olunub ki, YAP Füzuli rayon təşkilatının gənclər birliyi 2 mindən artıq gənci öz ətrafında birləşdirir. Onlardan 1110 nəfəri ali, 502 nəfəri orta ixtisas, 388 nəfəri isə orta təhsillidir. Gənclər rayonun ictimai-siyasi həyatında fəal rol oynayırlar.

Tədbirdə YAP sıralarına yeni qəbul edilmiş gənclərə partiya üzvlük vəsiqələri, idmanda və müxtəlif sahələrdə fərqlənən gənclərə fəxri fərman və mükafatlar təqdim olunub.

Sonda gənclər adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə