Vüqar Rəhimzadə: “Ölkədə informasiya əldə etmək üçün heç bir maneə yoxdur” - MÜNASİBƏT

Müxalifətin "İnformasiya əldə etmək haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı səsləndirdiyi fikirlər absurd, mənasız və qərəzlidir. Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə SİA-ya açıqlamasında Milli Məclisin komitəsində müzakirə olunan "İnformasiya əldə etmək haqqında" qanuna müxalifət düşərgəsinin reaksiyasına münasibət bildirərkən deyib ki, müxalifətə nəyi təqdim etsən onlar özlərinə sərf edən formada münasibət bildirəcəklər. Görülən işlərə "qara eynək" arxasından baxmağa adətkardırlar.

V.Rəhimzadənin sözlərinə görə, bu, ölkədə baş verən bu və ya digər hadisələrin ilk mənbədən əldə olunmasına, jurnalistlərin informasiya ilə daha asan və sadə yolla təmin olunmasına xidmət göstərir: "Müxalifət mətbuatı hər zaman şər-böhtan yaymaqla, insanlara qeyri-dəqiq məlumat çatdırmaqla məşğuldur. Amma reallıq tamam başqadır. Ölkədə informasiya əldə etmək üçün heç bir maneə yoxdur. Jurnalistlər istədikləri təşkilata, quruma suallar göndərərək cavab ala bilirlər. Hətta əksər dövlət qurumları nazirliklər mütəmadi olaraq, faks, e-mail və ya digər vasitələrlə öz fəaliyyətləri haqqında mətbuata mütəmadi məlumatlar ötürərək həm KİV, həm də ictimaiyyəti məlumatlandırır. Bu da Azərbaycan mətbuatının inkişaf göstəricisidir".

Baş redaktorun fikrincə, həm Azərbaycanda "Kütləvi İnformasiya Vasitələri haqqında" qanun, həm də bu sahəni əhatə edən qanunların hər biri qabaqcıl ölkələrə nümunə ola biləcək səviyyədədir: "Qanunların hazırlanması zamanı Avopanın və dünyanın bir çox ölkələrinin qanunlarından, beynəlxalq təcrübədən istifadə olunub. Bu sahədə istənilən səviyyədə qanunlar mövcuddur. Bu gün Azərbaycanda informasiyanın əldə edilməsində jurnalistlərə heç bir maenə yoxdur. İldən-ilə bu sahədə nə qədər mütərəqqi işlərin görüldüyünü, layihələrin həyata keçildiyini demək olar. Bu gün istər özəl, istərsə də dövlət qurumları maraqlıdır ki, öz fəaliyyətləri haqqında ictimaiyyətə məlumat versinlər. Bir daha vurğulayıram ki, müxalifətin və onların mətbuatının ölkədəki durumla bağlı səsləndirdiyi fikirlər cəfəngiyatdır və heç bir həqiqətə uyğun deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə