Elmar Məmmədyarov: \"Münaqişəni bir gecəyə həll etmək mümkün deyil\" - MÖVQE

"Təəssüf ki, münaqişənin başa çatdığını söyləyə bilmirik. Biz həmişə danışıqlar prosesinin bütün həssas hissəsinə anlayışla yanaşmışıq və həmişə demişik ki, bu cür mürəkkəb münaqişəni bir gecəyə həll etmək mümkün deyil. Buna görə də münaqişənin mərhələli şəkildə həllinə tərəfdarıq". SİA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində 5 Azərbaycan hərbçisinin şəhid olması ilə bağlı sualı belə cavablandırıb.

O, qeyd edib ki, iyunun 18-də nazirlər səviyyəsində keçiriləcək görüşdə mövcud məsələ yenidən gündəmə gətiriləcək: "Biz öz tərəfimizdən Ermənistan tərəfi başa salmağa çalışacağıq ki, mövcud pat vəziyyəti real deyil və bu situasiyanın nəticəsi olaraq qoşunların təmas xəttində gənc insanlar ölür. Bu məsələ ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri zamanı da müzakirə olunacaq".

Qeyd edək ki, iyunun 18-də Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəklər. Görüşdə Qarabağ münaqişəsi ətrafında vəziyyət müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə