Ramil Usubov Serbiyanın Azərbaycandakı səfirini qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviçi qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qonağı səmimi salamlayan nazir DİN-in fəaliyyət istiqamətləri və funksional vəzifələri, mövcud kriminogen durum barədə məlumat verib. Demokratikləşmə və islahatlar prosesinin DİN-dən də yan keçmədiyindən söz açan nazir Azərbaycanın Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, insan hüquq və azadlıqlarının qorunmasının prioritet elan olunduğu, polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Daha sonra daxili işlər naziri son illər əlaqələrimizin genişləndiyini xatırladaraq dövlət başçılarının qarşılıqlı səfərlərinin, ən yüksək səviyyədə imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini, iki ölkə arasındakı münasibətlərin daha sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Bu ay Bakıda keçirilən \"Eurovision-2012\" beynəlxalq musiqi yarışmasında Serbiya təmsilçisinin uğurla çıxış edərək üçüncü yer tutduğunu nəzərə çatdıran nazir bu münasibətlə səfiri təbrik edib.

Bir fakt da məmnunluqla vurğulanıb ki, son üç il ərzində ölkəmizdə serb vətəndaşları tərəfindən və onlara qarşı heç bir cinayət törədilməyib.
Səfir Zoran Vayoviç qəbula və verilən məlumata, Bakıda keçirilən \"Eurovision-2012\" beynəlxalq musiqi yarışmasının yüksək səviyyədə təşkilinə və təhlükəsizliyin nümunəvi təmin olunmasına görə minnətdarlığını bildirib. Azərbaycanda özünü çox rahat və təhlükəsiz hiss etdiyini xatırladan səfir fəaliyyəti dövründə iki dövlət arasındakı əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə