Prezident İlham Əliyev: “Naxçıvanda infrastruktur layihələri uğurla icra edilir”
"Naxçıvanda bütün sahələrdə çox uğurlu, dinamik inkişaf prosesi gedir. Sənaye istehsalı artır, yeni müəssisələr açılır". Bunu dövlət başçısı İlham Əliyev mayın 29-30-da Naxçıvana etdiyi səfər zamanı deyib.
Qeyd edək ki, prezident Muxatar Respublikaya səfəri zamanı Naxçıvan–Culfa magistral avtomobil yolunun açılışındakı çıxışında ölkənin son dövrlər iqtisadiyyatın inkişafı zamanı əldə etdiyi uğurlardan danışıb. Ölkə başçısı bildirib ki, inkişaf tempinə görə Azərbaycan dünyada lider ölkədir. Qeyri-neft sektorunun inkişafı böyük rəqəmlərlə ölçülür. İlin birinci rübündə ölkənin qeyri-neft sənayesində 16 faizdən çox artım olub: "Son səkkiz il ərzində ümumi daxili məhsul üç dəfə artıb və növbəti on il ərzində daha iki dəfə artırmalıdır. Xüsusilə qeyri-neft sektorunun hesabına".
Bundan başqa Prezident vurğulayıb ki, buna nail olmaq üçün hazırda böyük proqramlar hazırlanır. Bu məsələ ilə bağlı konkret tapşırıqlar verilib və bütün bölgələrdə inkişaf, quruculuq, abadlıq işləri aparılır. Naxçıvanın inkişafı barədə danışan prezident bildirib ki, açılışı qeyd olunan Naxçıvan-Culfa magistral yolu və iki il bundan əvvəl istifadəyə verilən Naxçıvan-Sədərək avtomobil yolu Naxçıvanı tranzit mərkəzə çevirəcək. Növbəti dövrlərdə Naxçıvanın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün əlavə tədbirlər görüləcək.
Dövlət başçısı bildirib ki, Naxçıvanda digər infrastruktur layihələri uğurla icra edilir. Bələ ki, Naxçıvan 100 faiz qazlaşdırılıb, elektrik enerjisi ilə təchizat çox yüksək səviyyədədir. Hal-hazırda respublikada, bütün şəhər və rayon mərkəzlərində içməli su və kanalizasiya layihələri icra edilir. Bu layihələrin gələn ilin sonuna qədər başa çatması nəzərdə tutulub. Dövlət başçısı həmçinin əlavə edib ki, təhsil, səhiyyə ilə bağlı məsələlər öz həllini tapır. Naxçıvan Şəhər Xəstəxanasının yenidən qurulması layihəsi işlənilir. Bundan başqa muxtar respublikanın müdafiəsi, döyüş qabiliyyəti çox yüksək səviyyədə təşkil olunub. Hava hücumundan müdafiə qurğuları yerləşdirilib, müasir artilleriya qurğuları gətirilib.
Respublikanın kənd təsərrüfatı sahəsində konkret proqramlar icra olunur. Naxçıvan özünü əsas ərzaq məhsulları ilə təmin edir və bu da ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün çox vacibdir. Bundan başqa prezident Culfda yeni istifadəyə verilən musiqi məktəbində də olub. Yeni mədəniyyət ocağında olan dövlət başçısı son illərdə Azərbaycan mədəniyyətinin dünya miqyasında yüksək səviyyədə təbliğ edildiyini deyib.
Prezident qeyd edib ki, bu gün paytaxt Bakı da daxil olmaqla, regionlarda müşahidə olunan inkişaf gənc nəslin də mənəvi tərəqqisinə geniş imkanları açır. Hazırda ölkəmizdə bu istiqamətdə bir sıra tədbirlər reallaşdırılır. Culfada istifadəyə verilən Uşaq Musiqi Məktəbi də məhz bu məqsədə xidmət edir.
Dövlət başçısı bundan başqa ötən gün Culfada sərhəd komendantlığının və sərhəd zastavasının açılışında iştirak edib. Prezidentin iştirakı ilə açılan sərhəd komendantlığı dörd binadan - qərargah, yardımçı, texniki və yaşayış binalarından ibarətdir. İkimərtəbəli qərargah binasında komendantlığın fəaliyyəti üçün hər cür şərait var. Burada müxtəlif sinif otaqları yaradılmış, əyani vəsaitlərlə təchiz olunub. Prezident əsgər yataqxanasında yaradılmış şəraitlə tanış olub. Bundan başqa zastavanın ərazisində zabit ailələri üçün iki yaşayış binası tikilib. Binalardan biri üçmərtəbəlidir. Burada 18 mənzil vardır. Mebel və digər zəruri məişət avadanlığı ilə təchiz olunmuş mənzillərdən altısı üçotaqlı, altısı ikiotaqlı, altısı isə birotaqlıdır. Digər yaşayış binası isə ikimərtəbəli və səkkiz mənzillidir. Ərazi ilə yaxından tanış olan dövlət başçısının diqqətinə çatdırıldı ki, sərhəd komendantlığının və zastavanın maddi-texniki təchizatı yüksək səviyyədədir. Sərhəd komendantlığının ərazisində nizami keçid meydanı və idman şəhərciyi, uşaqlar üçün əyləncə meydançası da salınıb. Komendantlığın və sərhəd zastavasının ərazisi abadlaşdırılıb, dekorativ güllər və ağaclar əkilib.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib, şəxsi heyətə uğurlar arzulayıb. Naxçıvanın sosial iqtisadi inkişafı ilə tanış olan ölkə başçısı mayın 30-da Bakıya qayıdıb.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB