Elşən Musayev: "Əli Kərimli şəxsi maraqları naminə ölkəni fəda etməyə hazır olduğunu sərgilədi"-AÇIQLAMA
Ölkəmizin ev sahibliyi etdiyi dünyaca ünlü "Eurovision" yarışması sona çatsa da ətrafındakı söz-söhbətlər hələ də səngimək bilmir. Ələxsus da siyasi müstəvidə müxalifətin radikal qanadının sərgilədiyi mövqe bir sıra müzakirələrə yol açıb. Mövzu ilə bağlı SİA-ya danışan Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin fikirləri də son dərəcə sərt oldu: "Əlbəttə ki, belə olacağını təxmin edirdik. Çünki sapı özümüzdən olan baltaların xislətinə bələdik. Hətta deyim ki, Azərbaycanın əldə etdiyi hər uğurunun fonunda, eyni zamanda milli maraqlardan çıxış etməyin əsl gərəkən məqamında siyasi rəqiblərimiz tərəfindən ehtimal edilən həmlələrə, yalanlara, iftiralara, qərəzə artıq özümüzü hazırlamış durumdayıq. Bu sanki siyasi immunitet xarakteri alıb".
Partiya sədri bildirib ki, yenə də bütün proseslər "Eurovision" xətti ilə irəlilədi. Onun sözlərinə görə, siyasi müxalifətin fəaliyyət dinamikası bu mötəbər yarışmanın gedişatına uyğun quruldu və həmin fəaliyyət içində erməni lobbisinin, beynəlxalq qəyyumların, ölkənin uğurlarını heç bir vəchlə həzm edə bilməyən qüvvələrin konturları da açıq-aydın sezilirdi.
"İlk öncə aclıq aksiyası keçirildi və bu addım heç şübhəsiz ki, bütün gözlərin Azərbaycana yönəlmiş olduğu, eyni zamanda bir sıra media qurumlarının ölkəmizdə qərarlaşdığı bir məqamda diqqət cəlb etmək məqsədi daşıyırdı. Hərçənd bu işi təşkil edən qüvvələr utanmadan, qırmızı-qırmızı bəyan etdilər ki, aksiyanın yarışma ilə bir bağlılığı yoxdur. Amma əsl həqiqətlər ortada idi.
Gördülər bundan bir nəticə hasil olmur, keçdilər "B" planının icrasına. Yəni kütləvi aksiyalara. Beynəlxalq aləmi də özlərinin məsum, yazıq siması ilə inandırmağa çalışdılar ki, ölkədə hüquq və azadlıqlar məhdudlaşdırılır və s. Gördülər yox, bundan da bir şey çıxmır, başladılar Ştrasser səviyyəsində ağsaqqal axtarışına. O da bunların fitnəsinə uyub baykot çağırışları etdi. Amma bununla da effekt əldə olunmadı",- deyə Elşən Musayev sözlərinə əlavə edib.
Ardınca AXCP sədri Əli Kərimlinin İrandakı bəlli dairələrin destruktiv fəaliyyətini dəstəkləyən bəyanat yaydığını və bununla da bir daha öz şəxsi maraqları naminə bütün ölkəni fəda etməyə, terrora qurban verməyə hazır olduğunu sərgilədiyini deyən pariya sədri əlavə edib ki, ən sonda "Eurovision"da qələbə qazanmağa ən şanslı iştirakçılarla təmasa cəhd edildi və hətta bunu bir yerə qədər bacardılar da: "Səfiri belə bu işə qoşdular, mətbuat konfransı düzənləndi. Amma sonuc olaraq heç bir iştirakçını siyasi bəyanat verməyə təhrik edə bilmədilər.
Çünki həmin iştirakçılar və onların timsalında bütün qonaqlar ölkədəki qonaqpərvərliyi, inkişafı öz gözləri ilə görmüşdülər".
Elşən Musayevin dediyinə görə, bu gün proses bitib, amma ortada kifayət qədər cavabsız suallar var: "Məsələn, siyasi rəqiblərimizin bizimlə münasibəti aydındır, yaxşı bəs, onların sadə vətəndaşlarla, azərbaycanlılarla alıb-verə bilmədikləri nədir görəsən? Radikal müxalifətə dəstək verməmələrinin acığımı çıxılır onlardan?
Əgər aclıq aksiyası həqiqətən də deyildiyi kimi sıradan bir xarakterli idisə, niyə yarışma bitən kimi o da bitdi? Özünüifşanın bundan daha yuxarı həddi varmı?
Əli Kərimlinin həbs şousu kimə lazım idi? Bu hakimiyyətin işi-gücü qurtarıbmı ki, dünyaca ünlü bir yarışmanın final günü müxalifət partiyasının sədrini həbs etsin? Belə bir plan olsa, bunu ayrı vaxt icra etmək olmazmı?
Adını siyasətçi qoyan biri, sadəcə öz şəxsi maraqları ifadə olunsun deyə İranın bəlli dairələrinə hansı ürəklə, hansı qanla, hansı mənəviyyatla dəstək mesajı verdi? Azərbaycanlı deyilmi Əli Kərimli? Bu torpaqda yaşamırmı o?
Bu gün cəmiyyət bax bu suallara cavab istəyir. Baxmayaraq ki, sualların hər biri ritorikdir və onlar hətta cavablandırılmayacağı halda belə hər kəsə gün kimi aydındır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB