Çexiyada 28 May-Respublika Günü münasibətilə tədbir təşkil edilib

Çexiyada 28 May-Respublika Günü münasibətilə tədbir təşkil edilib
Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən 28 May-Respublika Günü münasibətilə tədbir təşkil edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlUmata görə, tədbirdə rəsmi qonaq qismində Çexiya Respublikasının birinci xanımı Liviya Klausova və baş nazirin birinci müavini-xarici işlər naziri Karel Şvartsenberq iştirak ediblər.

Səfirliyin binasında keçirilən tədbirdə iştirak edən 250-yə yaxın olan qonaq arasında Senatın sədrinin müavini Alena Qayduşkova, Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Ladislav Mravets, Senatda (Yuxarı Palata) yeni yaradılmış Çexiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri Yan Hornik, Vtslav Koukal, Martin Tesarjik, Petr Qavlas, Petr Bratski, o cümlədən Senatın Xarici Əlaqələr Komitəsinin sədri Yozef Regets, Parlamentin Deputatlar Palatasının bir neçə üzvü, xarici işlər, mədəniyyət, sənaye və ticarət nazirlərinin müavinləri də olublar.

Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə giriş nitqində ölkələr arasında qarşılıqlı səfərlər, ikitərəfli tərəfdaşlığın uğurlu inkişafı və Azərbaycanın xarici siyasətinin əsas prinsipləri barədə məlumat verib. Tədbirdə canlı Azərbaycan musiqisi səslənib və yalnız milli xörəklər təklif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə