YAP Gənclər Birliyində Rumıniyanın“Mandinga” qrupu ilə görüş keçirilib - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri ilə "Eurovision- 2012" mahnı müsabiqəsində Rumıniyanı təmsil edən "Mandinga" qrupu arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Cristian Ciabonu və onun xanımı Luminita Ciobanu da iştirak edib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov qonaqları salamlayaraq iki ölkə arasındakı əlaqələrdən danışıb: "İlk olaraq hər birinizi YAP Gənclər Birliyində gördüyümə görə şadam. Rumıniya və Azərbaycan arasında uzunmüddətli strateji əlaqələr mövcuddur. Eyni zamanda mədəniyyətlərarası əlaqələrimiz də getdikcə inkişaf edir. Ölkələr arasındakı əlaqələrin 20 illiyi bu yaxınlarda tamam olacaq. Biz qrupunuzu bu münasibətlə keçiriləcək tədbirə dəvət edirik. İstərdik ki, öz ifanızla tədbiri daha da şənləndirəsiniz".

Ölkələr arasındakı sıx əməkdaşlığın müsbət tərəflərini diqqətə çatdıran sədr dünən başa çatan möhtəşəm "Eurovision- 2012" mahnı müsabiqəsindəki iştiraklarını da yüksək qiymətləndirib: "Eurovision-2012 mahnı müsabiqəsində iştirakınız və ifa etdiyiniz mahnı bütün Azərbaycan gəncləri tərəfindən xüsusi maraqla qarşılanıb. Biz gənclərdən "Mandinga" qrupunun üzvləri ilə görüşlər təşkil edilməsi üçün çox sayda müraciətlər almışıq. Onlar sizin mahnınızı artıq dillər əzbərinə çeviriblər. Müsabiqə ərzində gənclərimizin böyük sevgisini qazanmağınız bizim üçün çox xoş oldu. Müsabiqədə hansı yeri tutmağınızdan asılı olmayaraq, Azərbaycan gənclərinin musiqi zövqləri və düşüncələrində çox gözəl yer qazandığınızı diqqətinizə çatdırmaq istərəm".

Daha sonra çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Cristian Ciabonu da öz növbəsində YAP gənclərinə təşəkkürünü bildirib və qeyd edib ki, "Mandinga" qrupu ikitərəfli mədəniyyət əlaqələrində önəmli rol oynayıb: "İlk olaraq dəvətinizlə Yeni Azərbaycan Partiyasının gəncləri ilə görüşdə iştirak etməyimizdən fəxr duyuruq. Bu sizin bizim ölkəmizə və təmsilçilərimizə olan diqqətinizin göstəricisidir. Ölkələrimiz arasında uzun müddətdir ki, çox sağlam münasibətlər mövcuddur. Lakin mən xüsusilə qeyd etmək istərdim ki, "Mandinga" qrupunun Eurovision mahnı müsabiqəsindəki iştirakı və sevilən ifaları bizim mədəniyyətlərarası münasibətlərimizdə çox önəmli oldu. Onlar bir növ Rumıniyanın mədəniyyət sahəsində səfiri rolunu oynadılar və bunu uğurla başa vurdular. Bu gün buradakı görüşümüz və gənclərinizin bizlərə olan qayğısı, marağı da dediklərimin təstiqidir. Müsabiqə ərəfəsində təmsilçilərimizə göstərilən münasibət də bizi çox sevindirdi. Azərbaycan xalqının bələd olduğumuz qonaqpərvərliyi özünü ən gözəl formada təstiq etdi".

"Mandinga" qrupunun üzvləri də çıxışları zamanı Azərbaycana olan minnətdarlıqlarını dilə gətirdilər. Qrupun xanım ifaçısı, gənclərin sevimlisinə çevrilən Elena Gheorghe isə qarşılaşdıqları sevgi və qayğının onlara böyük sevinc hissi bəxş etdiyini dilə gətirib: "Biz Azərbaycanda iki həftə ərzində elə bir sevgi ilə qarşılaşmışıq ki, heç zaman yaddaşımızdan silinməyəcək. Mən xüsusilə qeyd etmək isəyirəm ki, Azərbaycan xalqı qonaqpərvərliyi ilə bütün dünya ölkələrindən fərqlənir. Vaxtımız az olduğuna görə müsabiqə çərçivəsində istədiyimiz qədər gəzə bilmədik. Amma bilirik ki, Azərbaycanda görmədiyimiz gözəlliklər həddindən çoxdur. Məhz buna görə də biz növbəti gəlişimizdə Azərbaycanın gözəl diyarları ilə tanış olmaq istərik".

Qeyd edək ki, xanım ifaçı çıxışının sonunda Azərbaycan dilində "Biz sizi sevirik" ifadəsi ilə tədbir iştirakçılarının təbəssüm dolu sevincinə səbəb oldu.

Tədbirin sonunda YAP Gənclər Birliyinin sədri Seymur Orucov qonaqlara ölkəmizin milli dəyərlərini özündə ehtiva edən, Azərbaycanın mədəni incilərindən olan xalçalar və digər hədiyyələr təqdim edib. Hədiyyələrdən sonra isə qrupun üzvləri ilə xatirə şəkilləri çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə