Aydın Mirzəzadə: "İran Ermənistanın işğalçılıq siyasətinə nəfəs verən faktordur" - MÖVQE

Aydın Mirzəzadə: "İran Ermənistanın işğalçılıq siyasətinə nəfəs verən faktordur" - MÖVQE

"İran Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə görə bu ölkəyə qarşı sərt mövqe tutsaydı, rəsmi Yerevanın beynəlxalq hüquq normalarına riayət etməkdən başqa çıxış yolu qalmazdı". Bu fikri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Ermənistanın dünyaya çıxışı yalnız İrandandır. Onun fikrincə, əgər bu yol bağlansa, işğalçı Ermənistan yaşaya bilməyəcək və Azərbaycana güzəştə getməli olacaq.

"Deməli, buradan aydın olur ki, İran Ermənistanın işğalçılıq siyasətinə nəfəs verən yeganə faktordur. Əks halda yanacaqsız, hərbi dəstəksiz, dünyaya birbaşa çıxışı olmadan Ermənistan öz xarici siyasətini sivil qaydada düşünməli olardı. Dünya birliyindən, o cümlədən region dövləti olan İrandan sərt təpki alsaydı, Ermənistan Azərbaycan torpaqlarını indiyə qədər işğal altında saxlaya bilməzdi", - deyə A.Mirzəzadə vurğulayıb.

Komitə sədrinin müavini deyib ki, buna baxmayaraq, həmin reaksiyanı Azərbaycan dünya birliyindən, iri dövlətlərdən və beynəlxalq təşkilatlardan alsa da, qonşu İrandan tam ala bilmir. "İran rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, işğalçı dövlətlə sıx dostluq əlaqələri və ona hərtərəfli yardım etməsi Ermənistanın işğalçı siyasətinin saxlanmasına səbəb olur. Reallıq isə belədir ki, İran-Ermənistan əlaqələri yüksələn xətlə inkişaf edir" - deyə o, qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə