Gənclər “Eurovision 2012” ilə bağlı layihə həyata keçiriblər - FOTO

Gənclər “Eurovision 2012” ilə bağlı layihə həyata keçiriblər - FOTO

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nəzdində fəaliyyət göstərən "Eurovision" işçi qrupu ölkəmizin hazırda ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı layihə həyata keçirib. ATGTİ-dan SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırılan "Regionlarda "Eurovision-2012" azarkeş zonalarının yaradılması və gənclərin bu azarkeş zonalarına cəlb olunması" layihəsinin məqsədi Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması üçün görülən işlərə dəstək göstərmək, bu mövzuda gəncləri maarifləndirməkdir.

Layihə çərçivəsində müxtəlif vaxtlarda Bakı, Şəki və Sumqayıt şəhərlərində yerləşən ali təhsil müəssisələrində görüşlər keçirilıb, "Eurovision" haqqında təlimlər təşkil olunub, gənclərə müsabiqənin tarixi, keçdiyi inkişaf yolu, ölkəmizin bu müsabiqədə iştirakı və digər məlumatlar verilib, xüsusi hazırlanmış bukletlər, köynək və papaqlar paylanılıb.

Layihə çərçivəsində regionlara səfər edən icraçılar 30 aprel - 2 may tarixlərində Şəki şəhərində olub və tələbə-gənclərlə görüşlər keçirib. Qeyd edək ki, böyük maraqla qarşılanan təlimlərdə tələbələr aktiv iştirak ediblər.

Layihənin son təlimləri Sumqayıt şəhərində yerləşən ali təhsil müəssisələrində keçirilib.

Qeyd edək ki, ATGTİ "Eurovision 2012" mahnı müsabiqəsinə könüllülərin cəlb olunmasında da yaxından iştirak edib və bu işə 300-dən çox gənc cəlb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə